Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1183/2025 30.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-10109/2017 nömrəli qətnaməsi ilə 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 8(001)-437/2025 nömrəli qərardadı ilə hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq 246 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh alimentin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-10109/2017 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyasının aparılaraq İddiaçı 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 8(001)-437/2025 nömrəli qərardadı ilə Talıbzadə (Əbülfətova) Səidə Süleyman qızının ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-10109/2017 nömrəli qətnaməsi ilə 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-437/2025 nömrəli iş üzrə 13 iyun 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, şikayəti təmin edilməmişdir. Ona alimentin azaldılması barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Nəticə etibarilə məhkəmənin 13 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-10109/2017 nömrəli qətnaməsi ilə 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. Hesab edir ki, həmin qərardadla ədalətsizliyə yol verilmişdir. Belə ki, yeganə gəlir mənbəyi olan əməkhaqqı 800 manat təşkil edir və başqa gəlir yeri yoxdur. Əməkhaqqından vergilər tutulduqdan sonra isə ona qalan pul 714 manatdır. Hazırda ikinci dəfə ailə həyatı qurmuş və həmin ailədə də yeganə işləyən şəxsdir. İkinci ailəsindən iki azyaşlı uşağı var və arvadı da evdar qadındır. Bundan başqa onurğa xəstəliyindən əziyyət çəkir. İndeksasiya olunmuş 472 manat aliment məbləği onun əməkhaqqından çıxıldıqdan sonra ailəsinin dolanması üçün cəmi 242 manat vəsait qalır ki, bu da onun üçün absurd vəziyyət yaradır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda vaxtlı-vaxtında 137 manat sabit pul məbləğində alimenti ödəyir. Həmin məbləğin 245 manat məbləğində müəyyən edilməsinə etirazı yoxdur. Hesab edir ki, hər ay tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,615 misli həddində müəyyən olunması daha ədalətli olar. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin 27 avqust 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı etiraz göndərərək bildirmişdir ki, o, İddiaçı ilə 27 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından 18 iyul 2016-cı il tarixdə Əli adlı uşağı doğulmuşdur. Ailə qurduqdan sonra el adəti ilə gəlin köçərək Bakı şəhərinə iddiaçının atasına məxsus evdə təxminən 1 il yarım müddətdə yaşayıb. Onlar qohum vasitəçiliyi ilə ailə qurmuş və ailə qurduqları müddətdən etibarən iddiaçı ilə xasiyyətlərində uyğunsuzluq olduğundan, ailə daxili söz-söhbət, iddiaçının ona qarşı etdiyi amansız rəftar və şiddətindən bezərək atasıgili Bakı şəhərinə çağırmış və körpə uşağı ilə birlikdə ailəsinin yanına, yəni Neftçala rayonunda ata evinə geri qayıtmışdır. Onun təşəbbüsü ilə Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-10109/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə aralarında olan nikah pozularaq birgə nikahlarından doğulmuş uşağın onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 137 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin məbləğdə olan alimenti hal-hazıradək vaxtında alır. Həmçinin Neftçala Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(053)-347/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı uşağı Əli ilə görüşüb - ünsiyyətdə olmaq hüququ verilmişdir. Görüş hüququ İddiaçı özünün məhkəmədən təşəbbüsü və istəyi ilə bayram günlərinin ikinci günü, həmçinin iddiaçının ad günü yəni - 01 yanvar və uşağın ad günü - 18 iyul tarixlərdə verilmişdir. Həmin tarixdən etibarən iddiaçı uşaqla maneəsiz görüşüb ünsiyyətdə olur və bu barədə heç bir problem yoxdur. İddiaçı ilə boşanma zamanı ilk dəfə alimentin təyin olunmasından artıq 8 il müddət keçmişdir. Halbuki, himayəsindəki uşağı Əli xeyli böyümüş, yaşamdolanacaq, geyim, məktəb-təhsil, tibbi və s digər xərcləri kifayət qədər artmışdır. Əli artıq 9 yaşındadır. Neftçala şəhər 1 saylı tam orta məktəbdə təhsil alır və sentyabrda yeni tədris ilində 4-cü sinifdə oxumağa başlayacaq. Həmçinin repetitor yanına pullu hazırlıq kurslarına da gedir. Hazırkı çox çətin iqtisadi şəraitdə İddiaçı onun üçün tutulan alimentin miqdarı təbii ki, günün müasir tələbləri ilə uzlaşmır və uşağın sadaladığı aylıq xərclərinin heç yarısını belə ödəmir. Boşandıqları bütün bu illər ərzində uşağın atası İddiaçı uşağın ehtiyacları ilə qəti şəkildə maraqlanmamışdır. Aliment ödəmək və məhkəmə qərarı ilə ildə 3 dəfə uşaqla görüşmək atalıq vəzifəsini yerinə yetirmək deyil. Məhkəmə qərarının icrası Azərbaycan Respublikasında qanunla məcburidir və o da bu qərarın icrasını yerinə yetirib. Uşağın səhhəti, sağlamlığı, psixologiyası, təhsili və s. kimi digər hallar barəsində ata olaraq məlumatı yoxdur. Uşaq uzun müddət revmatizm xəstəliyindən əziyyət çəkmişdir. Bu xəstəliyin müalicəsi də uzun, ağrılı və yüksək xərc tələb edir. Uşaq bu xəstəliyin öhdəsindən demək olar ki gəlsə də, xəstəliyin mövcudluğundan və çəkilən xərclərdən ata olaraq iddiaçının xəbəri belə olmayıb. Uşaq həmçinin uzun müddətli psixoloji dəstək də almış və hələ də mütəmadi şəkildə yoxlanışları, seansları və müalicələri davam edir. Bütün bu proseslərdən də iddiaçının həm maddi, həm də mənəvi şəkildə xəbəri olmayıb. Amma uşağın səhhətində psixoloji, əsəb və bu kimi digər problemlərin olmasının səbəbi iddiaçı ilə nikah dövründə olarkən hamilə vaxtında bətnində onun uşağını daşısa belə ona mütəmadi şiddət göstərməsidir. İddiaçının ildə 3 dəfə uşaqla görüşü olur. Belə ki, özünün ad günü və Yeni İl bayramı üst üstə düşdüyündən bir görüş, Novruz bayramında bir görüş və uşağın ad günündə də bir görüş. İlin digər yerdə qalan günlərində iddiaçının uşağından xəbəri belə olmur. Boşanmadan 8 ildən çox vaxt keçməsinə baxmayaraq bu müddət ərzində onun iddiaçıdan əlavə pul və ya alimentin artırılması tələbi olmamışdır. 2025-ci ilin 13 may tarixində isə Binəqədi Rayon Məhkəməsinə alimentin indeksasiyası barədə ərizə ilə müraciət edib. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-10109/2017 nömrəli qətnaməsi ilə müəyyən edilən 137 manat məbləğində aliment həmin il üçün müəyyən edilmiş minimum əməkhaqqının 1,18 misli həddində olduğundan ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya olunmalıdır. Lakin qeyd edilən məhkəmə qərarı ilə bağlı alimenti ödəyən tərəf Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 8(001)- 437/2025 nömrəli qərardadından şikayət vermiş, 25 iyun 2025-ci il tarixdə verilmiş şikayətə yazılı icraat qaydasında baxılaraq, şikayət və iş materialları araşdırılaraq dəlillər əsassız olduğu üçün təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 8(001)-437/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Növbəti dəfə isə borclu İddiaçı Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət ünvanlamış, lakin Məhkəmə Kollegiyası Ali Məhkəmənin Plenumunun qərarına istinadən borcludan tutulan hər ay 136 manat sabit pul məbləğində alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində müəyyən olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğunu, şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. İddiaçı əməkhaqqının az olduğunu, 2 azyaşlı uşağına baxdığını, digər uşağına verdiyi aliment məbləği artarsa, yanında olan uşaqlarının dolanışığının pisləşəcəyi, həmçinin mülkiyyətində ev və maşın olmadığını bildirmişdir. İlk uşağı ilə 7 il maraqlanmayan və 137 manatın uşağın dolanışığı və digər xərclərini ödəyə biləcəyini düşünən iddiaçının uşaqları arasında ayrı-seçkilik etməsi aydın şəkildə görünür. İddiaçı evin tək uşağıdır və yaşadığı evin atasının adına olması normaldır. Azərbaycanlı ailəsinə xas olan bir şeydir ki, evin tək oğul övladı ata yurdunda yaşayır. Bu isə onun evsiz olduğu və ya evi olmadığı anlamına gəlmir. Həmçinin iddiaçı qeyd edib ki, maşını da atasınındır. Lakin maşını əvvəldən özü almış və özünə məxsus olmaqla özü də idarə edir. Avtomobil onların nikahları dövründə alınmış və ailə daxilində olan problemlərə görə boşanacaqlarını bildikdə iddiaçı əmlak bölgüsü olmaması üçün maşını atasının adına keçirmişdir. Evdə tək işləyənin özü olduğunu qeyd etsə də, iddiaçının atası həm təqaüd alır, həm də işləyir. Anası da həmçinin müəllimə işləyir və repetitor fəaliyyəti ilə məşğul olur. İddiaçının qeyd etdiyi əməkhaqqı da həmçinin formaldır. O, satış təmsilçisi işləyir və əməkhaqqını kartla alır. Lakin satışdan gələn bonus əməkhaqqından çoxdur və bonusu paket sistemi ilə alır. Aliment məbləğinin azaldılması üçün bunu da məhkəmədən gizlədir. Qarşı tərəfin təqdim etdiyi iddia ərizəsi əsassız və qanunvericiliyə ziddir. Çünki eyni tərəflər arasında alimentin artırılması məsələsi artıq Binəqədi Rayon Məhkəməsi tərəfindən həll olunmuş, qərar qanuni qüvvəyə minmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır. Sözügedən məhkəmə qərarlarından çox az müddət keçmiş, iddiaçının alimentin azaldılmasına səbəb olacaq vəziyyətlər yaranmamışdır. Bu müddət ərzində də iddiaçının heç bir öhdəliyi artmamış, işdən çıxmamış, ailə üzvlərinin sayı artmamış, ciddi xəstəlik səbəbindən bu və ya digər formada xərcləri artmamışdır. İddiaçının alimentin azaldılması barədə iddiasına etiraz edir. Çünki bu hal uşağın maraqlarına ziddir. Uşağın gündəlik yaşayış xərcləri son dövrlər artmışdır. Eyni zamanda qarşı tərəfin maddi vəziyyəti ilə bağlı təqdim etdiyi məlumatlar da həqiqəti əks etdirmir. Bu səbəbdən aliment məbləğinin azaldılması halında uşağın normal həyat şəraiti təhlükə altına düşəcək. Cavabdeh göstərilənlərə əsasən məhkəmə iclasları zamanı işdə olacağı üçün gələ bilməyəcəyini bildirərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10109/2017 nömrəli iş üzrə 03 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Talıbzadə (Əbülfətova) Səidə Süleyman qızı arasında 27 sentyabr 2015-ci ildə bağlanmış və həmin tarixdə 5saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən 433 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 18 iyul 2016-cı il təvəllüdlü X4 boşanmadan sonra anasının yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Talıbzadə (Əbülfətova) Səidə Süleyman qızının xeyrinə hər ay 137 manat olmaqla sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 11 sentyabr 2018-ci ildə nikah bağlamış, həmin nikah eyni tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 2622 nömrəsi ilə qeydə alınmışdır. «Doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X1 birgə ailə münasibətlərindən 19 sentyabr 2019-cu ildə X7 və 09 sentyabr 2024-cü ildə X8 adlı uşaqlar doğulub. Uşaqların atası İddiaçı, anası isə X2r. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-437/2025 nömrəli iş üzrə 13 iyun 2025-ci il tarixli qərardadı ilə Talıbzadə (Əbülfətova) Səidə Süleyman qızının ərizəsi təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10109/2017 nömrəli iş üzrə 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1,18 misli həddində indeksasiya olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-349/2025 nömrəli iş üzrə 18 iyul 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-437/2025 nömrəli iş üzrə 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanıb. «Mygov» tətbiqindən əldə olunmuş iş yeri məlumatlarına dair 23 iyun 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 14 noyabr 2024-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri vəzifəsində işləyir və aylıq 800 manat əməkhaqqı alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı sonuncu dəfə 16 noyabr 2024-cü il tarixdə rengenoqrafiya müayinəsindən keçmişdir. Müayinənin nəticəsi bu məzmundadır: «Bel fəqərələrinin 2 proyeksiyalı R-n qrammasında: Yuxarı bel nahiyəsində açıqlığı sağa baxan minimal skolioz izlənir. L1-2, L2-3 fəqərələrinin fəqərəarası disk məsafələri arxaya tərəf daralıbdır. Fəqərələrin tamamlayıcı lövhələrində minimal skleroz izlənilir. Fəqərə cisimlərinin yüksəklikləri qorunmuşdur». «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». İşin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Talıbzadə (Əbülfətova) Səidə Süleyman qızının xeyrinə tutulmalı olan alimentin məbləği ilk dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10109/2017 nömrəli iş üzrə 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə hər ay 137 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş həmin aliment məbləğində sonrakı dövrdə hər hansı dəyişiklik edilməyib. 8(001)-437/2025 nömrəli işə isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 13 iyun 2025-ci il tarixində qətnamənin icrası qaydasında baxmış, bu zaman yeni aliment məbləğini müəyyənləşdirməmiş, sadəcə olaraq 2(001)-10109/2017 nömrəli iş üzrə 03 iyul 2017-ci il tarixli qətnamə ilə müəyyən olunmuş aliment məbləğini Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsində və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsində nəzərdə tutulan qaydada, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeni əsas götürməklə indeksasiya etmişdir. Beləliklə, alimentin müəyyən olunması tarixi kimi qərardadın çıxarıldığı 13 iyun 2025-ci il tarixi deyil, qətnamənin çıxarıldığı 03 iyul 2017-ci il tarixi qəbul olunmalıdır. İşin faktik hallarından görünür ki, 03 iyul 2017-ci il tarixindən sonrakı dövrdə iddiaçının ailə və maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, İddiaçı 11 sentyabr 2018-ci ildə yenidən, başqa bir qadınla ailə qurmuş, onun həmin nikahından 19 sentyabr 2019-cu il və 09 sentyabr 2024-cü il tarixlərində uşaqları doğulmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, ötən dövrdə iddiaçının səhhətində də problem yaranıb. İş materiallarındakı sənədlərlə iddiaçının aylıq qazancının (vergi və ödənişlər çıxılmadan) 800 manat təşkil etdiyi müəyyən olunur (cavabdeh iddiaçının aylıq qazancının daha yüksək olduğunu bildirdiyinə baxmayaraq, məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir). Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda istinad olunan 112.1-ci maddəsini, iddiaçının ailə və maddi vəziyyətində ötən dövrdə baş vermiş və yuxarıda təsvir olunmuş mühüm dəyişiklikləri, iddiaçının aylıq qazancını, habelə aliment Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-437/2025 nömrəli iş üzrə 13 iyun 2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş miqdarda tutulacağı təqdirdə iddiaçının və onun ikinci ailəsinin maddi vəziyyətinə əhəmiyyətli mənfi təsir gəöstərəcəyəni nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləğinin azaldılmasını tələb etmək hüququna malikdir. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Eyni Qərarın 8.13-cü bəndində əks olunmuş hüquqi mövqeyə görə “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay 252 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıdan hər ay 252 manat miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi 18 iyul 2016-cı il təvəllüdlü X4 mənafelərinə zidd olmayacaq. Belə ki, «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Göründüyü kimi, 252 manat miqdarında aliment miqdarı uşaqlara görə 2025-ci il üçün müəyyən edilən yaşayış minimumundan 6 manat çoxdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının 252 manat məbləğində müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əməkhaqqı məbləğinin 0,63 mislini təşkil edir (400 x 0,63 = 252). «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10109/2017 nömrəli iş üzrə 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-437/2025 nömrəli iş üzrə 13 iyun 2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş aliment məbləği azaldılsın, 18 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1183/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1183/2025
30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver