Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-35/2025 27.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək 26 oktyabr 2023-cü il tarixli 022R********** nömrəli kredit müqaviləsi əsasında "xxxx" QSC-nin Salyan filialından götürdüyü 7.978,61 manat (6.000 manat əsas, 1.978,61 manat faiz borcu) kredit məbləğinin əsas və faiz borcu daxil olmaqla ½ hissəsinin, yəni 3.989,30 manat məbləğində pulun, habelə mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək Cavabdeh ilə 24 yanvar 2015ci ildə nikah bağladığını və həmin nikahdan iki övladının doğulduğunu bildirmişdir. Cavabdehlə nikahı Neftçala Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulub. Qeyd edir ki, cavabdehlə birgə nikahı dövründə, yəni 26 oktyabr 2023-cü ildə "xxxx" QSC-nin Salyan filialından 022R********** nömrəli kredit müqaviləsinə əsasən 27 ay müddətinə 6.000 manat məbləğində kredit götürmüşdür. Kredit müddətinin sonunadək banka 1.978,61 manat miqdarında faiz ödəməlidir. Beləliklə, bank qarşısındakı öhdəliyinə əsasən kredit müddətinin sonuna, yəni 19 yanvar 2026-cı il tarixinə qədər banka əsas borc və faiz borcu üzrə etməli olduğu ödənişin miqdarı ümumilikdə 7.978,61 manat təşkil edir. İddiaçı həmçinin bildirir ki, cavabdeh böyrək xəstəliyindən əziyyət çəkir. Bankdan götürdüyü 6.000 manat miqdarında pul əsasən cavabdehin xəstəxanada stasionar müalicəsinə, dərmanlarına, hər dəfə onun Bakı şəhərinə xəstəxanaya aparılıbgətirilməsinə və s. bu kimi məqsədlərə xərclənmişdir. Həmin vaxt işləmədiyi üçün ailənin də bütün məsrəflərini bankdan götürdüyü kredit məbləği hesabına ödəyib. Cavabdeh onun göstərilən məqsədlər üçün kredit götürməsi barədə tam məlumatlı olub. Ona görə də hesab edir ki, kredit məbləği əsas borc və faiz borcu da daxil olmaqla onunla cavabdeh arasında ½ hissədə bölünməlidir. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə da işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, iddiaçının bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh bildirmişdir ki, həqiqətən “böyrəklərin polikistozu” xroniki xəstəliyindən əziyyət çəkir və bununla əlaqədar 2022-ci ilin iyun ayında X1 adına Respublika Kliniki Uroloji Xəstəxanasında stasionar müalicə alıb. Lakin bütün müalicə icbari tibbi sığorta ödənişi hesabına həyata keçirilmiş və həmin müalicəyə istər o, istərsə də iddiaçı əhəmiyyətli bir xərc çəkməmişlər. Stasionar müalicədən sonrakı dövrdə cari müalicəsi ilə bağlı bir-iki dərmanını iddiaçı almış, lakin buna əhəmiyyətli bir xərc çəkməmişdir. Ümumi nikahları dövründə özü ticarətlə məşğul olub və evə iddiaçı ilə yanaşı qazanc gətirib. İddiaçı ilə nikahının pozulmasının səbəbi isə iddiaçının ona qardaşının qaynanası ilə xəyanət etməsidir. Bu səbəbdən 2024-cü ilin iyun ayında iddiaçı ilə ailə münasibətləri faktik pozulub və ayrılıblar. Cavabdeh həmçinin bildirir ki, iddiaçının bankdan kredit götürməsini əvvəlcədən bilməyib. Sonradan eşitmişdir ki, iddiaçı qardaşı ilə birlikdə gedib hansısa bankdan kredit götürüblər. Götürülmüş kreditin dəqiq məbləğini də bilmir. Eyni zamanda qeyd edir ki, iddiaçı həmin kreditdən istər onun müalicəsinə, istərsə də ailənin ümumi ehtiyaclarına hər hansı bir məbləğ xərcləməyib. Bu pulun iddiaçı tərəfindən hara xərcləndiyini isə bilmir. Ola bilər ki, iddiaçı həmin məbləği öz avtomobilinə kabina almaq üçün xərcləyibdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 24 yanvar 2015-ci ildə nikah bağlanmış, həmin nikah Neftçala Rayon Məhkəməsinin 2(053)-1009/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 17 dekabr 2016-cı il təvəllüdlü X3 və 30 iyul 2020-ci il təvəllüdlü X2 boşanmadan sonra Cavabdeh yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün İddiaçı hər ay hər bir uşağa görə 160 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. "xxxx" QSC-nin Salyan filialı ilə İddiaçı arasında 26 oktyabr 2023-cü ildə bağlanmış 022R********** nömrəli “Kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma”ya əsasən iddiaçıya 27 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə aid ödəniş cədvəlindən kredit üzrə aylıq ödənişlərin 295 manat təşkil etdiyi görünür. Kredit müddətinin sonuna, yəni 19 yanvar 2026-cı il tarixinədək iddiaçı banka əsas borc və faiz borcu da daxil olmaqla ümumilikdə 7.978,61 manat miqdarında ödəniş etməlidir. Yuxarıda qeyd olunan kredit sazişindən görünür ki, bu saziş 10 avqust 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanıb. Bu xüsusatla bağlı iddiaçı məhkəmədə bildirmişdir ki, "xxxx" QSC ilə daha əvvəl – 10 avqust 2022-ci ildə kredit müqaviləsi bağlamış, 26 oktyabr 2023-cü il tarixinə həmin müqavilə üzrə müəyyən miqdarda borcu qalmış, bu borc da daxil bankla 26 oktyabr 2023-cü ildə 6.000 manata dair yeni saziş bağlamışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 28 mart 2023-cü il tarixli «Tibbi xidmətə göndəriş vərəqəsi»ndən görünür ki, Cavabdeh Neftçala Rayon Mərkəzi Xəstəxanasından Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına «Qazanılmış böyrək kistası» diaqnozu ilə göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsin «X1 adına Respublika Kliniki Uroloji Xəstəxanası» publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Cavabdeh 17 iyun 2022-ci il tarixindən 30 iyun 2022-ci il tarixinədək sözügedən xəstəxanada «böyrəklərin polikistozu» diaqnozu ilə stasionar müalicədə olmuşdur. Cavabdeh tibbi diaqnozunun müəyyən edilməsi ilə bağlı bütün prosedurlar icbari tibbi sığorta zərfinə daxil olduğundan xəstənin bütün müayinələri, analizləri, habelə müalicəsi ilə bağlı bütün prosedur tibbi sığorta ödənişi hesabına icra edilib. O, tibb müəssisəsində müalicədə olduğu dövrdə stasionar yatışa və aparılan prosedurlara görə, həmçinin diaqnozunun təyin edilməsi ilə bağlı müayinə və analizlərə görə hər hansı ödəniş etməmişdir. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında mümkün olmayıb. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən «Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur», «Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər -arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir». Həmin Məcəllənin 36.1 və 36.2-ci maddələrinə əsasən «Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər -arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir», «Mübahisə olduqda, ər -arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər -arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir». Eyni Məcəllənin 37.3-cü maddəsinə əsasən «Ümumi əmlak bölünərkən ər -arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» 23 iyul 2021-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, «1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər -arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər -arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər -arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. 3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər -arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər -arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər -arvadın birgə borclu olması halını aradan qaldırmır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 3.14 və 3.15-ci bəndlərində aşağıdakılar qeyd olunur «3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər -arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyrimümkündür». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Mülki və mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan hüquqi mövqeyindən görünür ki, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər -arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Lakin ərin (arvadın) üzərinə götürdüyü öhdəliyin ər -arvadın ümumi əmlakı hesab olunması və hər ikisinə münasibətdə vəzifələr yaratması (borcun ümumi hesab edilməsi) üçün öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etməli və ya bu fakt işin mübahisə olunmayan halı olmalıdır. İşin faktik hallarından görünür ki, iddiaçı əldə etdiyi kredit məbləğini cavabdehin müalicəsinə və ailənin ehtiyaclarına xərclədiyini bildirdiyi halda cavabdeh iddiaçının həmin kredit götürməsindən sonradan xəbər tutduğunu, götürülmüş kreditin isə istər onun müalicəsinə, istərsə də ailənin ümumi ehtiyaclarına xərclənmədiyini bildirir. Beləliklə, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hal işin mübahisəsiz halı deyil. Bunu habelə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan halların, o cümlədən kredit məbləğinin cavabdehin müalicəsinə və ailənin ehtiyaclarına sərf olunması hallarının sübuta yetirilməsi vəzifəsi iddiaçı tərəfin öz üzərinə düşür. Qeyd olunur ki, iddiaçı tərəf məhkəməyə müvafiq halları təsdiq edə biləcək hər hansı sübut (məsələn, dərmanların alındığını təsdiq edə biləcək qəbz və s. bu kimi sənədlər) təqdim etməyib. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən cavabdehin stasionar müalicədə olduğu tarixlərlə kreditin götürüldüyü tarixi də nəzərə alır. Belə ki, cavabdehin stasionar müalicəsi 2022-ci ilin iyun ayının 17-dən 30-dək davam etdiyi halda ilk kredit stasionar müalicənin bitdiyi vaxtdan 1 ay 10 gündən sonra, yəni 10 avqust 2022-ci ildə götürülüb. Bununla yanaşı, sazişdən görünür ki, kredit biznes təyinatlıdır. İddiaçı müvafiq məbləği ailənin ehtiyaclarına xərclənməsi halını da işin məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit borcunun bölünməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-35/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-35/2025
27.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver