Məhkəmə qərarları › İş №e-2(053)-428/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-428/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-428/2024 15.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı Təhməzova (Muradova) Xatirə İltifat qızının Cavabdeh qarşı “Aliment tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təhməzova (Muradova) Xatirə İltifat qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqları – 10 dekabr 2012-ci il təvəllüdlü X3 və 03 avqust 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat, cəmi 470 manat olmaqla sabit pul məbləğində aliment mediasiyaya müraciət edilən vaxtdan, 17 yanvar 2024-cü il tarixdən tutulması və 60 manat mediasiya rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 avqust 2012-ci il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından 10 dekabr 2012-ci il təvəllüdlü X4 və 03 avqust 2015-ci il təvəllüdlü X8 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh onu və uşaqlarını saxlamaqdan imtina edir, ailəyə heç bir maddi yardım etmir. Ona görə də cavabdehə qarşı aliment tələbi qaldırmaq məcburiyyətində qalmış və azyaşlı uşaqların saxlanılmasını Cavabdeh təmin etməlidir. X1 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş və 50 manat mediasiyaya rüsum ödənilmişdir. İddiaçı Təhməzova (Muradova) Xatirə İltifat qızının nümayəndəsi vəkil Nümayəndə 05 aprel 2024-cü il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə göndərərək hazırda cavabdehlə boşanmaq fikrində olduğunu, aliment tələbi ilə yanaşı cavabdehlə aralarında bağlanmış 13 avqust 2012-ci il tarixli nikahın pozulmasını, birgə nikahlarından doğulmuş uşaqların onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsinə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz əlavə etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək “X10” MMC-də təmizlik işləri üzrə köməkçi işləyərək aylıq əmək haqqının 345 manat təşkil etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ailəni normal vəziyyətdə saxlasa da iddiaçı bununla qane olmamışdır. İddia tələbində qeyd olunan aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş iddiaçı, onun nümayəndəsi və cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş sorğudan görünür ki, İddiaçı Cavabdeh həyat yoldaşıdır. “Şəxsiyyət vəsiqəsinin” surətlərindən görünür ki, X4 10 dekabr 2012-ci il tarixdə, X8 03 avqust 2015-ci il tarixdə anadan olmuşlar. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, (İMS)-də müzakirə edilən mübahisənin predmeti aliment tələbi olmuş, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş materiallarına əlavə olunmuş 04 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh “X10” MMC-də köməkçi vəzifəsində işləyir və əmək haqqı üzrə vəzifə maaşı 345 AZN təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddianın həcminin artırılmasına dair məhkəmə hazırlıq iclasında ərizə təqdim etsə də işə əlavə edilmiş «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışda mübahisənin predmeti yalnız aliment tələbi olmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər nikahın pozulması ilə bağlı İlkin mediasiya sessiyasında iştirak etmədiyindən onların bu tələbi iddianın həcminin artırılması ilə birlikdə baxıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin mənasına görə 2 uşağa görə - aliment qazancın (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulur. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində göstərilən qaydada tutulacağı təqdirdə onun aylıq miqdarı iki uşağa görə 115 manat təşkil edəcək. Məhkəmə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, alimentin yuxarıda göstərilən miqdarda ödənilməsi uşaqların və iddiaçının maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə, o cümlədən uşaqların maddi təminatında ciddi problemlər yarada bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, işin faktik hallarını, uşaqların maraqlarını nəzərə alaraq 10 dekabr 2012-ci il təvəllüdlü X3 və 03 avqust 2015ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci və 78.1-ci maddələrində nəzərdə tutulmuş qaydada, yəni 2 uşağa görə cavabdehdən qazancın (və ya) başqa gəlirlərin üçdə bir hissəsi və hər ay, hər bir uşağa görə 93 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07 mart 2024-cü ildən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşaqları – 10 dekabr 2012-ci il təvəllüdlü X3 və 03 avqust 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2 uşağa görə cavabdehdən qazancın (və ya) başqa gəlirlərin üçdə bir hissəsi və hər ay, hər bir uşağa görə 93 (doxsan üç) manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Təhməzova (Muradova) Xatirə İltifat qızına ödənilsin. Alimentin hesablanması və ödənilməsi 07 mart 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar