Məhkəmə qərarları › İş №e-2(053)-512/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-512/2024

24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-512/2024 24.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26 yanvar 2010-cu il təvəllüdlü uşağı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə1 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 03 iyul 2004-cü ildə nikah bağlanmış, həmin nikahdan 20 sentyabr 2005-ci ildə X9, 26 yanvar 2010-cu ildə X10 adlı uşaqlar doğulmuşlar. Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə yuxarıda göstərilən nikah pozulmuş, nikah pozulduqdan sonra X5 cavabdehin, X6 isə iddiaçının yanında qalmaları qət edilmişdir. Bununla yanaşı, 09 iyul 2020-ci il tarixli qətnamə ilə valideynlərin hər birindən boşanmadan sonra qarşı tərəfin yanında qalması müəyyən edilmiş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət olunub. Qətnamənin icrası mərhələsində İddiaçı və Cavabdeh onlardan tutulmalı olan aliment miqdarının eyni məbləğ təşkil etdiyini nəzərə alaraq belə qərara gəlmişlər ki, hər ikisi alimentdən imtina etsinlər. Beləliklə, onlar 12 avqust 2020-ci il tarixində Neftçala rayon İcra və probasiya şöbəsinə ərizələrlə müraciət edərək bir-birinə qarşı aliment tələblərindən imtina etmişlər. Nümayəndə qeyd edir ki, 20 sentyabr 2005-ci il təvəllüdlü X5 20 sentyabr 2023-cü il tarixində 18 yaşı tamam olub. Hazırda iddiaçının yanında qalan X10 isə hələ yetkinlik yaşına çatmayıb. Göstərilənləri nəzərə alaq nümayəndə hesab edir ki, 26 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tutulmalı, alimentin hesablanması isə 01 oktyabr 2023-cü il tarixindən həyata keçirilməlidir. Bununla bağlı 07 oktyabr 2023-cü il tarixində Neftçala rayon İcra və probasiya şöbəsinə müraciət olunmuş, cavabında bildirilmişdir ki, yuxarıda göstərilən ərizələrə əsasən müvafiq icra sənədləri üzrə icraata xitam verilib. Daha sonra cavabdehə mediasiya təklifi göndərilmiş, bununla bağlı Salyan 1 saylı mediasiya təşkilatında mediasiya prosesi keçirilmiş və müvafiq arayış təqdim edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq iddiaçı cavabdehdən 235 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. İddiaçı həmçinin hesab edir ki, ödənilmiş 50 manat miqdarında mediasiya xərci də cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Qeyd olunur ki, iddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasında iştirak etdiyinə baxmayaraq, məhkəmə baxışı iclasına istər o, istərsə də iddiaçının özü gəlməmiş, nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edib. Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, nikah məhkəmə qaydasında pozularkən Cavabdeh yanında qalması müəyyən edilmiş 20 sentyabr 2005-ci il təvəllüdlü X9 hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. Bununla yanaşı, Cavabdeh ikinci dəfə ailə qurmuş və bu nikahından daha bir uşağı var. Cavabdeh hazırda fəhlə işləyir və ailəsi ilə birlikdə kirayədə yaşayır. X5 təhsili ilə bağlı xərclərin ödənilməsi və kirayə haqqı da daxil olmaqla ailənin maddi tələbatlarının ödənilməsi xeyli vəsait tələb edir ki, bu xərclərin qarşılanması cavabdeh üçün çətinliklər yaradır. Nümayəndə həmçinin qeyd edir ki, boşanma ilə əlaqədar olaraq cavabdeh evini satmış, əldə olunmuş pul vəsaitindən iddiaçıya 10.000 manat ödəmişdir. İddiaçı isə bunun qarşılığında söz vermişdir ki, gələcəkdə Eminə qarşı heç bir tələbi olmayacaq. İddiaçının kifayət qədər yüksək məbləğ təşkil edən öz gəlirləri də var və hazırda o, heç bir maddi çətinlik çəkmir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş edir. O, eyni zamanda bildirir ki, 20 sentyabr 2005-ci il təvəllüdlü X9 ali təhsilini bitirdikdən sonra Cavabdeh uşağı X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya hər ay 100 manat olmaqla sabit pul məbləğində aliment ödəyə bilər. Hal-hazırda isə cavabdehin iddiaçıya hər hansı məbləğdə aliment ödəmək imkanı yoxdur. Məhkəmə nümayəndələri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-405/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X7 ilə Cavabdeh arasında 03 iyul 2004-cü il tarixində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından 26 yanvar 2010-cu ildə doğulmuş X6 iddiaçı X2 yanında, 20 sentyabr 2005-ci ildə doğulmuş X5 isə Cavabdeh yanında qalmaları müəyyən edilmiş, 26 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi, həmçinin 20 sentyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İddiaçı X7 və Cavabdeh tərəfindən Neftçala rayon İcra və probasiya şöbəsinə 12 avqust 2020-ci ildə yazılmış ərizələrin məzmunundan onların bir-birinə qarşı aliment tələblərindən imtina etdikləri və müvafiq icra sənədləri üzrə icraata xitam verilməsini xahiş etdikləri müəyyən olunur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 09 yanvar 2024-cü il tarixli 02 nömrəli arayışı ilə Cavabdeh Hüseyn oğlunun 2022-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olduğu və hal-hazırda “Məşqçilik” fakültəsinin əyani şöbəsinin ikinci tədris ilində təhsil aldığı görünür. «Doğum haqqında» arayışla X6 26 yanvar 2010-cu ildə doğulduğu müəyyən olunur. Uşağın atası Cavabdeh, anası isə X4r. «İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında mümkün olmayıb. Qeyd olunur ki, cavabdehin nümayəndəsi iddiaçının kifayət qədər yüksək məbləğ təşkil edən gəlirə malik olduğunu bildirdiyinə baxmayaraq, məhkəməyə bu halı təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim etməyib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə məsələ ilə bağlı cavabdeh tərəfin dəlillərinə münasibət bildirərək eyni zamanda qeyd edir ki, Cavabdeh 20 sentyabr 2005-ci il təvəllüdlü X5 ali təhsili ilə bağlı xərcləri, kirayə haqqı da daxil olmaqla ikinci dəfə qurduğu ailəsinin xərclərini qarşılaması, habelə nümayəndənin bildirdiyi s. hallar cavabdehi 26 yanvar 2010-cu il təvəllüdlü uşağı X8 yetkinlik yaşına çatanadək saxlamaq vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda göstərilənləri, tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, uşağın əvvəlki təminat səviyyəsinin saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı 150 manat olmaqla müəyyən edilməlidir. İddiaçı alimentin 01 oktyabr 2023-cü il tarixindən hesablanmasını xahiş edir. Məhkəmə həmin məsələyə münasibət bildirərək qeyd edir ki, hazırkı qətnamə ilə müəyyən olunan alimentin 01 oktyabr 2024-cü il tarixindən hesablanması üçün hər hansı qanuni əsas (o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulan əsas) mövcud deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Hazırkı iş üzrə iddia məhkəməyə 08 aprel 2024-cü ildə daxil olub. Göstərilənlərə əsasən alimentin hesablanması 08 aprel 2024-cü il tarixindən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiya təşkilatına müraciət etmək üçün 50 manat ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 1.800 manat miqdarında müəyyən edir (150 X 12 = 1.800). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 38 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə - iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin cavabdehdən 38 manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 26 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 08 aprel 2024-cü ildən etibarən həyata keçirilsin. Qətnamə yuxarıda göstərilən hissədə dərhal icra edilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar