Məhkəmə qərarları › İş №e-2(053)-909/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-909/2024

06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-909/2024 06.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Aliment tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 sentyabr 2015ci il təvəllüdlü X6 və 03 may 2018-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən 28 iyun 2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 26 yanvar 2018-ci ildə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi qeydə aldırmışdır. Birgə nikahlarından 07 sentyabr 2015-ci il təvəllüdlü X12 və 03 may 2018-ci il təvəlüdlü X10 adlı uşaqları doğulmuşdur. Cavabdeh onu və uşaqlarını saxlamaqdan imtina edir və ailənin dolanışığına heç bir maddi yardım etmir. Ona görə də cavabdehə qarşı aliment tələbini qoymaq məcburiyyətindədir. Cavabdeh ailəsi ilə maraqlanmır. Azyaşlı uşaqların saxlanılmasını Cavabdeh təmin etməlidir. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağa yaşayış minimumunun 235 manat olması nəzərə alaraq o, cavabdehdən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul mabləğində aliment tələb edir. X2 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir və 50 manat mediasiya tərəfindən rüsum ödənilmişdir. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq o, gəlməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş, lakin Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. “Nikah haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 26 yanvar 2018-ci ildə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 189 nömrəsi ilə nikah bağlanmış, nikahdan sonra arvada “Kazımova” soyadı verilmişdir. “Doğum haqqında” şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X11 07 sentyabr 2015-ci il tarixdə, X10 isə 03 may 2018-ci ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası isə Kazımova (Kərimova) Cəmilə İlqar qızıdır. X5 Barədə Təklifin surətindən görünür ki, mübahisənin predmeti aliment tələbi olmaqla İddiaçı təfəindən Cavabdeh xx.xx.2024-cü ildə təklif göndərilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən Cavabdeh daimi iş yerinin olmadığını, qazancının (gəlirinin) isə qeyri-müntəzəm və dəyişkən olduğunu, bu və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. Məhkəmə eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, həmçinin diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, uşaqların əvvəlki təminat səviyyəsinin saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay tutulmalı olan alimentin miqdarı hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Ona görə də alimentin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 29 iyul 2024-cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3.840 (üç min səkkiz yüz qırx) manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 58,40 (əlli səkkiz manat qırx qəpik) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh uşaqları – 07 sentyabr 2015-ci il təvəllüdlü X6 və 03 may 2018-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin hesablanması və ödənilməsi 29 iyul 2024-cü il tarixdən etibarən həyata keçirilsin. Cavabdeh 58,40 (əlli səkkiz manat qırx qəpik) manat manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar