Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-983/2025 05.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 12 noyabr 2012-ci il təvəllüdlü X5 və 04 aprel 2015-ci il təvəllüdlü X6 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanma xərclərinin qarşılanması üçün cavabdehdən hər ay hər uşağa görə 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,615 misli həcmində, ümumilikdə 492 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh hazırda qüvvəsinə xitam verilmiş nikahlarından 12 noyabr 2012-ci il təvəllüdlü X5 və 04 aprel 2015-ci il təvəllüdlü X6 adlı uşaqlar doğulub. Sonradan cavabdehlə 27 oktyabr 2016-cı il tarixdə yenidən nikah bağlamış, nikahları Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən eyni tarixdə 195 nömrəsi ilə qeydə alınmışdır. Son zamanlar cavabdehin qeyri-stabil həyat tərzi səbəbindən ailə bağları qopmuş, nikahları sadəcə formal xarakterdə qalmışdır. Hazırda 1 ilə yaxındır ki, ayrı yaşayırlar və aralarında ortaq uşaqlarının saxlanılması və tərbiyəsi ilə bağlı hər hansı bir razılaşma əldə edilməmişdir. Qeyd edir ki, mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdeh sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfindən alınaraq məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, cavabdehlə birgə nikahlarından doğulan uşaqları – X2 və X3 yetkinlik yaşına çatana qədər saxlanma xərclərinin qarşılanması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulmalıdır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq İddiaçı gəlməmiş, lakin 04 avqust 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək əmək fəaliyyəti ilə əlaqədar 05 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, prosesin iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, daha əvvəl X1 adlı qadınla ailə qurmuş, həmin nikahdan uşaqları olmamış və boşanmışlar. İddiaçı ilə isə X1 ilə boşandıqdan sonra ailə qurmuş və bu nikahdan 12 noyabr 2012-ci ildə X5 və 04 aprel 2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ötən dövrdə əksər vaxtlarda Rusiya Federasiyasında yaşayıb. Lakin xaricdə yaşadığına baxmayaraq uşaqları üçün vaxtlı-vaxtında hər ay pul göndərmiş, uşaqların ehtiyacları üçün lazım olan çox şeyi qarşılamışdır. Hazırda imkanı az olduğundan uşaqlarına əvvəlki kimi pul göndərə bilməyib və bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət edibdir. Cavabdehin xeyrinə hər ay hər uşağa görə 160 manat məbləğində aliment ödəməyə imkanı çatır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 12 noyabr 2012-ci il təvəllüdlü X5 və 04 aprel 2015-ci il təvəllüdlü X6 adlı uşaqlar doğulub. Uşaqların atası X7, anası isə İddiaçıdır. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh 27 oktyabr 2016-cı ildə nikah bağlamış, həmin nikah eyni tarixdə Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydləri kitabında 195 nömrəsi ilə qeyd edilmişdir. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Beləliklə, yuxarıda qeyd olunan sənədlərdən və işin faktik hallarından görünür ki, vaxtilə Əhədov (Xəlili) Taleh Səlim oğlu ilə İddiaçı arasında nikah mövcud olmuş, həmin nikahdan 12 noyabr 2012-ci ildə X5 və 04 aprel 2015-ci ildə X6 adlı uşaqlar doğulmuşlar. Sonradan yuxarıda qeyd olunan nikah pozulub. Daha sonra Əhədov (Xəlili) Taleh Səlim oğlu ilə İddiaçı arasında yenidən nikah bağlanmış, bu nikah 27 oktyabr 2016-cı ildə Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən akt qeydləri kitabında 195 nömrəsi ilə qeydə alınmışdır. Bu nikah bağlanarkən cavabdeh iddiaçının soyadını, yəni Əhədov soyadını qəbul edib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, habelə s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Hazırkı iddia məhkəməyə 13 iyun 2025-ci il tarixində daxil olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 12 noyabr 2012-ci il təvəllüdlü X2 və 04 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər uşağa görə 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 160 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,4 mislini təşkil edir (400 x 0,4 = 160). Göstərilənlərə əsasən iddia qismən təmin olunmalı, 12 noyabr 2012-ci il təvəllüdlü X2 və 04 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 13 iyun 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 12 noyabr 2012-ci il təvəllüdlü X2 və 04 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 13 iyun 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-983/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-983/2025
05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver