Məhkəmə qərarları › İş №e-2(054)-309/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-309/2025

17.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-309/2025 17.04.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Cavabdeh qarşı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin mətnindən görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş, onların xx.xx.2015-ci ildə Yağmur adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 2(054)-18/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, uşaq cavabdehdən alınaraq iddiaçıya verilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat alimentin tutulması qət edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi ilə icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 2(054)-18/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. İddiaçı bildirir ki, sözügedən qətnamə çıxarıldıqdan sonra cavabdehlə münasibətləri normal olduğundan alimentdən imtina etmişdir. Sonradan münasibətlər yenidən pozulmuş, cavabdeh uşağı ondan alaraq özündə saxlayır. Uşaq ona votsap vasitəsilə səs ataraq onu atasından götürməyini istəyir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin arxivində saxlanılan 2(054)-18/2019 saylı iş materialları araşdırılarkən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Oğuz rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İcra sənədinin uşağın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi xx.xx.2019-cu il tarixli akta əsasən icra olunduğundan şöbənin xx.xx.2019-cu il tarixli qərarı ilə iş üzrə icraata həmin hissədə xitam verilmiş, həmin icra vərəqəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə geri qaytarılmşdır. İcra sənədinin alimentin tutulmasına dair hissəsi tələbkar İddiaçı xx.xx.2020-ci il tarixdə şöbəyə təqdim etdiyi ərizəyə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə istinad edilməklə şöbənin xx.xx.2020-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. Tələbkarın sözügedən mülki iş materiallarında olan ərizəsinin məzmunu ilə müəyyən edilmişdir ki, o, borclu ilə barışdığını, ailəsini bərpa etdiyini, borclunun aliment borcunu tam ödədiyini bildirmiş və içra işinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərarın nəticə hissəsinə əsasən həmin qərardan tərəflərin qərarın surətini aldıqdan sonra 30 gün müddətində məhkəmə qaydasında şikayət vermək hüququ təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının “8.4-1-ci yarımbəndində göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmədə baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qüvvədə olan məhkəmə qərarı mövcuddur. İş üzrə icra sənədi tələbkarın ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmış olsa da, hazırda iddiaçının həmin qərarı mübahisələndirmək hüququ vardır. Bundan sonra isə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən tələbkarın qüvvədə olan məhkəmə qərarı ilə təyin edilmiş alimentin indeksasiyasının mümkünlüyü də nəzərə alınmaqla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh qarşı xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 246 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin məhkəməyə geri qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərarından şikayət vermək, bundan sonra isə qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar