Məhkəmə qərarları › İş №e-2(054)-380/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-380/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-380/2023 26.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Mübariz qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Mübariz qızının Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə 26 iyul 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mübariz qızı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı aralarında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 14 avqust 2022-ci il tarixdə 3620 sayla qeyd edilmiş nikahın pozulması, azyaşlı övladı-17 oktyabr 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Mübariz qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikah həmin tarixdə 3620 sayla rəsmiləşdirilmişdir. Birgə nikahdan onların 17 oktyabr 2022-ci il tarixdə Murad adlı övladı anadan olmuşdur. Tərəflərin arasında münasibətlər pozulduğundan bir neçə aydır ki, ayrı yaşayırlar. Uşaq iddiaçının himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün maddi yardım etmir, halbuki uşaq çox körpədir, hələ 1 yaşı tamam olmayıb. İddiaçının isə uşağın vəziyyəti ilə əlaqədar tam iş günü ərzində işləyərək qazanc əldə imkanı yoxdur. Ailə münasibətlərinin bərpası mümkün deyil. İddia tələbində 300 manat aliment tutulması xahiş edilib, lakin cavabdehin qazancı ilə bağlı rəsmi sənəd təqdim edə bilmirlər. Cavabdehin nümayəndəsi və vəkili onun xəstə olduğunu bildirsə də, indiyədək bununla bağlı sənəd təqdim olunmayıb. Alimentin məbləği təyin olunarkən şəhər –rayon fərqi olmadan yaşayış minimumu nəzərə alınır. İddianın təmin edilməsi-tərəflər arasında nikahın ləğvi, uşağın ananın himayəsində saxlanılması və 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatını qismən qəbul edərək bildirdi ki, cavabdeh nikahın pozulması və uşağın iddiaçının himayəsində saxlanmasına etiraz etmir, lakin tələb olunan aliment məbləği çox yüksəkdir. Cavabdeh işlədiyi vaxtlarda da 400-500 manat əmək haqqı almışdır. 2 aydır ki, xəstəliyi ilə bağlı işləmir, deməli yüksək məbləğdə aliment ödəmək imkanı yoxdur. Cavabdeh hələlik səhhəti ilə bağlı sübut təqdim edə bilmir. Bundan başqa alimentin Bakı və digər böyük şəhərlərdə təyin edilən məbləğləri ilə Oğuzda təyin edilən məbləğində fərq olmalıdır. Valideynlərin hər ikisi övladına baxmalıdır. Cavabdeh ayda cəmi 150 manat aliment ödəyə bilər. İddianın qismən təmin edilməsi-nikahın pozulması, uşağın iddiaçının himayəsində saxlanması və cəmi 150 manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Mübariz qızı xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 527616 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 xx.xx.2022-ci il tarixdə nikah bağlamış, bu barədə həmin tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 3620 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Həsənov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 803946 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-cü il tarixdə 7521 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçı Mübariz qızıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına catmayan umumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. (Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsi) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ərarvad məhkəməyə yetkinlik yaşına catmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini muəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə görə bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar ucun alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması ucun vəsait almaq huququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki nikahla ailə qurmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər.Birgə nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü Murad adlı övladı var. Uşaq iddiaçının himayəsindədir. İddiaçı nikahın pozulmasında təkid edir, cavabdeh nikahın pozulması və uşağın iddiaçının yanında qalmasına etiraz etmir. Buna görə də məhkəmə hesab edir ki, ailə qanunvericiliyinin tələbinə uyğun olaraq iddiaçının tələbi təmin edilməli, tərəflər arasındakı nikah səbəbi araşdırılmadan pozulmalı, azyaşlı uşaq iddiaçının himayəsində saxlanılmalıdır. İddianın cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat alimentin tutulmasını xahiş etmiş, lakin cavabdehin qazancına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin nümayəndəsi və vəkili isə cavabdehin 2 aydır xəstə olduğunu, cəmi 150 manat aliment vermək imkanının olduğunu bildirmişdir. Məhkəmə iclasında müəyyən edildiyi kimi Murad cəmi 8 aylıq olmaqla iddiaçının himayəsindədir. Məhkəmə iclasında müəyyən edilənlərə əsasən ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq valideynlərin uşaqların saxlanmasında bərabər hüquq və vəzifələrə malik olduğunu, onların maddi imkanlarını, 1 uşağın saxlanılması üçün minimum xərcləri, cavabdehin qazancına və səhhətinə dair məlumatların təqdim edilmədiyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə uşağın 8 aylıq olmaqla ananın qazanc əldə etmək imkanlarının məhdudluğunu nəzərə alaraq məhkəmə iddianın aliment tələbinə aid hissəsinin qismən təmin olunmasını, cavabdehdən hər ay cəmi 220 manat sabit pul məbləğində alimentin tutulmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 46,40 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Mübariz qızı ilə Cavabdeh arasında 14 avqust 2022-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 3620 sayla qeydə alınmış nikah pozulsun, 17 oktyabr 2022-ci il tarixdə anadan olmuş X5 İddiaçı Mübariz qızının himayəsində saxlanılsın. Nikahın pozulması haqqında şəhadətnamə verilərkən Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınsın. İddiaçı Mübariz qızı bu xərcdən azad edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq, 17 oktyabr 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Mübariz qızının xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 19 may 2023-cü il tarixdən hesab edilsin. Cavabdeh 46,40 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar