Məhkəmə qərarları › İş №e-2(054)-643/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-643/2025

19.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-643/2025 19.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Musayev Kamran İbrahim oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın vaxt verilmədən pozulması, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı iki övladının onun himayəsinə verilməsi, onun saxlanması üçün hər ay hər birinə 250 manat olmaqla cəmi 500 manat məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı iki övladları var. Ailə qurduqları ilk illərdə ailə münasibətləri normal olsa da, hazırda ailədə münasibətləri pozulmuşdur. Bunun səbəbi cavabdehlə xasiyyətinin uyğun gəlməməsi olmuşdur. Belə ki, Cavabdeh evdə tez-tez sözsöhbət salaraq dava edir. Hətta onu təhqir etməkdən belə çəkinmir. Ailədə ona xəyanət belə edir. Faktiki olaraq ayrılmışlar, ayrı yaşayırlar. Ailələri faktiki olaraq dağılmışdır, bərpası mümkün deyil. Hal-hazırda nikahları formal xarakter daşıyır. O, cavabdehlə ailə münasibətlərinin bərpa edilməsinin mümkünsüz olduğunu bildikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, aralarındakı nikahın barışıq üçün onlara vaxt verilmədən pozulmasını xahiş edir. Eyni zamanda övladının onun himayəsinə verilməsini və onların saxlanması üçün aliment təyin edilməsini də məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, tərəflər arasında münasibətlər pozulmuşdur və artıq ailəni bərpa etmək mümkün deyildir. İddiaçının boşanmaq barədə qərarı qətidir. Hazırda Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rəyi ilə də razıdır. İddiaçı boşanmadan sonra uşaqlarının özünün yanında qalmasını, eyni zamanda onların saxlanılması üçün aliment tələb edir. Belə ki, uşaqlar 2010 və 2011 yəvəllüdlü olmaqla hazırlıqlara gedirlər və onların maddi ehtiyacları çoxdur. Cavabdeh isə bu vaxta qədər uşaqların saxlanılması üçün iddiaçıya köməklik göstərməmişdir. Eyni zamanda, cavabdeh etirazında ata-anasının xəstə olduqlarını bildirmişdir. Deməli həmin şəxslərin təqaüdü vardır. Cavabdeh özü xəstə deyildir və işləyib gəlir əldə edə bilər. Hazırda 1 uşaq üçün yaşayış minimumu 246 manat təşkil edir. İddiaçı hazırda hər uşaq üçün 250 manat olmaqla cəmi 500 manat aliment ödənilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, iddiaçı ona qarşı nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladlarımızın öz yanında qalması və onların saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat aliment alınaraq ona ödənilməsini xahiş etmişdir. O, iddia tələbini nikahın pozulmasına dair hissədə qəbul edir. Ancaq uşaqlarının öz yanında qalmasını istəyir. Əgər məhkəmə qərara gəlsə ki, birgə nikahlarından anadan olmuş uşaqlar iddiaçının yanında qalsın, bu halda etiraz etmir. Ancaq məhkəmənin diqqətinə çatdırır ki, aravadı Xəyalə hazırda uşaqları ilə birlikdə Mingəçevir şəhərində valideyinlərinə məxsus evdə yaşayır, eyni zamanda Xəyalənin qardaşı yəni qayını da həmin evdə yaşayır. Qayınının pis vərdişləri vardır, uşaqları həmin evdə qalarsa onların təlim-tərbiyəsi və gələcək həyatları üçün onun çox böyük narahatçılığı vardır. Əgər qızları orada qalarsa o, onların təhlükəsizliyi və təlim-tərbiyəsi ilə bağlı qarşı tərəfdən “qarantiya" istəyir. Əks halda bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. Uşaqların saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat aliment ödəməyə ümumiyyətlə maddi imkanı yol vermir. Özü hazırda işsizdir və işsiz olmağı ilə bağlı zəruri sənədləri ərizəsinə əlavə edərək məhkəməyə təqdim edir. Bundan əlavə olaraq ata və anasının müalicəyə ehtiyacları vardır. Atasının səhhətində ciddi narahatçılıq vardır. Həkim müayinəsi sənədlərində atasının hər iki ağciyərinin yuxarı payının fibroz bulyoz distrofiyası, sol ağciyərin yuxarı payının atelektazı mövcuddur. Anası isə ürək çatışmazlığından əziyyət çəkir. Onların mütəmadi mülicə xərcləri onun tərəfindən həyata keçirilir. Belə olan halda iddiaçının iddiasında qeyd etdiyi məbləğdə alimentin tərəfindən ödənilməsi qeyri-mümkündür. Uşaqları ilə hazırda görüşə bilmir, anaları Xəyalə buna imkan vermir. Əgər uşaqlar iddiaçıya verilərsə hazırki tələbə baxılarkən onun uşaqları ilə ünsiyyətdə olmağı məsələsi də həll edilsin. Beləki, hər ayın birinci və üçüncü həftəsi şənbə günləri saat 10:00-dan 18:00-dək cavabdehin yaşadığı Mingəçevir şəhəri ərazisində onlarla görüşsün və hər ayın 2-ci və 4-cü həftəsi şənbə günü (qalmaq şərti ilə) saaat 10:00-dan bazar günü saat 14:00-dək mənim yaşadığı Oğuz rayonu Xaçmaz kəndində ünsiyyəti müəyyən olunsun. Məhkəmədən xahişi odur ki, əgər nikah pozulduqdan sonra birgə nikahlarından anadan olmuş uşaqlar ananın yanında qalarsa, onun hər uşağa 250 manat aliment ödəməyə imkanı yoxdur. Onun işsiz olduğunun, xəstə ata və anasına baxdığının (müalicə xərclərini) nəzərə alınmağını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, boşanmağa razıdır. İddiaçının valideynləri həmişə onların ailəsinə qarışmışdır. Onlar bir müddət iddiaçının valideynlərinin təkidi ilə Mingəçevir şəhərində kirayədə yaşamışlar. Daha sonra isə Oğuz şəhərində kirayədə yaşamışlar. Nikah münasibətlərində olduqları müddətdə onlar arasında daim münaqişələr olmuşdur. Bu səbəbdən o da nikahın pozulmasını istəyir. O, iddiaçı ilə birgə nikahından anadan olmuş uşaqlarının hazırda iddiaçının himayəsində qalmasına etiraz etmir. Lakin iddiaçı onun uşaqları ilə görüşməyinə imkan vermir. O, uşaqları ilə görüşmək istəyir. Eyni zamanda onun anası və atası onkoloji xəstədir. O, xəstə valideynlərinin müalicə xərclərini ödəmək məcburiyyətindədir. Onun təkcə aptekə 2000 manat borcu vardır. O, özü də işsiz olduğundan hazırda iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, uşaqların fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X7 və Cavabdeh xx.xx.2009-cu il tarixdə X11 rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 248 nömrəli akt qeydi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Şirəliyev”, arvada “Şirəliyeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarında olan Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqların iddiaçı ana İddiaçı yanında saxlanılmasını Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya bu uşaqların mənafeyinə uyğun olmaqla qanuni və əsaslı hesab etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan övladları xx.xx.2010cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər hal-hazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyrimümkün olduğundan onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı nikahın pozulmasına təkid edir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında qalmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, “Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər”. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən, “Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 7-ci bəndinin tələbinə görə məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. “Uşaq Hüquqları Haqqında” xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə birgə nikahdan dünyaya gəlmiş uşaqların kimin yanında qalması ilə bağlı qeyd edir ki, AM-nin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə tərəfindən azyaşlı uşaqların valideynlərin hansının yanında saxlanılmasının uşağın mənafeyinə uyğun olub-olmaması haqqında Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyadan yuxarıda qeyd olunan qayda da rəy alınmışdır. Məhkəmə tərəfindən azyaşlı uşaqların valideynlərin hansının himayəsində qalması məsələsi həll edilərkən azyaşlılar təhsil aldığı məktəbin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməklə uşaqla fərdi söhbətlər aparılmışdır. Uşaqların hər iki valideynə eyni dərəcədə bağlılığı müəyyən edilmiş, uşaqlar analarının yanında qalmaq istədiklərini bildirmişlər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, № 8-2/2016 qərarında qeyd edilmişdir ki, “valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir”. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş azyaşlı uşaqların mənafeyini, uşaqların hər ikisinin hazırda iddiaçının yanında olduqlarını və bu mühitə artıq vərdiş etdiklərini, onların ana qayğısına daha çox ehtiyacının olmasını Oğuz rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rəyini, uşaqların həmin rəyə əlavə edilmiş izahatlarını nəzərə alaraq və azyaşlı uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının, onların maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə hər ikisinin bir yerdə və bir ailədə böyüməsinin məqsədəmüvafiq olması, uşaqların eyni valideynə verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olmasını əsas şərtlər kimi qəbul edərək hesab edir ki, tərəflərin birgə nikahından doğulan övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 faktiki vəziyyətə uyğun olaraq anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011ci il təvəllüdlü X2 üçün cavabdehdən sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği ərizədə qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 250 manat aliment tələb etsə də, iş materiallarından görünür ki, iddiaçı cavabdehin gəlirlərə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını və uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 160,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Ona görə də məhkəmə uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 160,0 manat həddində aliment tutulmasını məqsədə uyğun hesab edir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat təşkil edir. Qeyd olunan 160,0 manat məbləğ göstərilən 400,0 manat minimum əmək haqqı məbləğinin (160:400) 0,40 mislini təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası AiləMəcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyrimümkün olduğundan, nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmalı, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində (hər uşaq üçün ayrı-ayrılıqda) sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 3307-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə X11 akt qeydləri kitabında 248 saylı qeyd ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində (hər uşaq üçün ayrı-ayrılıqda)sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment hisəssində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar