Məhkəmə qərarları › İş №e-2(054)-74/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-74/2022

04.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-74/2022 04.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Oğuz rayonu Qumlaq kənd orta məktəbinin nümayəndəsi - məktəbin direktoru Cavabdeh, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi, Oğuz rayon Təhsil Şöbəsi və 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, cavabdeh Oğuz rayonu Qumlaq kənd orta məktəbinə qarşı işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdeh Oğuz rayonu Qumlaq kənd orta məktəbinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qumlaq kənd orta məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən işdən azad edilməsi barədə Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktoru Cavabdeh 03.11.2021-ci il tarixli 91 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində məhkəmənin 14.02.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi, Oğuz rayon Təhsil Şöbəsi və 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktorunun 01.02.2010-cu il tarixli 11 nömrəli əmri və onunla bağlanmış əmək müqaviləsi əsasında həmin məktəbə gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin edilmiş və həmin vaxtdan qeyd olunan vəzifədə işləmişdir. İşlədiyi 10 ildən artıq müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, məktəbin hərbi idman oyunlarında və müxtəlif yarışlarda uğur qazanmasında öz əməyini sərf etmişdir. O, işində heç bir nöqsana yol verməmiş, əmək intizamına da ciddi şəkildə riayət etmiş və heç vaxt töhmət almamışdır. Lakin 03.11.2021-ci il tarixdə məktəbə işə gedən zaman məktəbin direktoru onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. O, əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmr ilə tanış olduqdan sonra həmin əmri qanunsuz və əsassız hesab etdiyinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Çünki, həmin əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, qeyd olunan əmrin verilməsinə əsas olmuş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin məktubu, Oğuz rayon Təhsil Şöbəsinin məktubu və Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktorunun əmri eyni gündə - 03.11.2021-ci il tarixdə verilmişdir. Bundan əlavə, həmin əmr tərtib edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin heç bir maddəsinə istinad olunmamış, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunan əmrdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 13.04.2018-ci il tarixli 1357 nömrəli məktubuna istinad edilməklə də əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd etdiklərinə əsasən işdən azad edilməsi barədə Oğuz rayonu Qumlaq kənd orta məktəbi üzrə 03.11.2021-ci il tarixli 91 nömrəli əmrin ləğv edilməsi, Oğuz rayonu Qumlaq kənd orta məktəbinə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, 2010-cu ildə Oğuz rayonu Qumlaq kənd orta məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul edilərkən Oğuz rayon Təhsil Şöbəsi tərəfindən Oğuz Rayon Hərbi Komissarlığına (hazırki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi) sorğu göndərilmiş, onun işə qəbul edilməsinə həmin orqan tərəfindən də narazılıq bildirilməmişdir. O, 12 ilə yaxın müddət ərzində Oğuz rayonu Qumlaq kənd orta məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində işləmiş, bu müddət ərzində onun işlədiyi vəzifəyə uyğun olmadığı, ixtisasının həmin vəzifədə işləməyə imkan vermədiyi barədə hər hansı irad bildirilməmiş, işlədiyi müddətdə işinin öhdəsindən də layiqincə gəlmiş onun işində heç bir nöqsan aşkar edilməmişdir. Həqiqi hərbi xidmətdə olmaması isə sağlamlıq vəziyyəti - sol qolundakı fiziki qüsurla əlaqədar olmuş, bununla yanaşı o, müharibə dövründə məhdud yararlı şəxs hesab edilir. Onun məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən azad edilməsinə heç bir qanuni əsas olmadığı halda, işlədiyi məktəbin rəhbərliyinə Oğuz rayon Təhsil Şöbəsi tərəfindən onun işdən azad edilməsi barədə tapşırıq verilmişdir. Həmin tapşırıq əsasında o, qanunsuz olaraq işdən azad edilmişdir. Eyni zamanda, onun işdən azad edilməsi zamanı işlədiyi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının da razılığı alınmamışdır. Ona görə də Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktorunun onun barəsində verdiyi 03.11.2021-ci il tarixli 91 nömrəli əmri əsassız hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, iddiaçının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Oğuz rayonu Qumlaq kənd orta məktəbinin nümayəndəsi - məktəbin direktoru Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, qısa müddət əvvəl Oğuz rayonu Qumlaq kənd orta məktəbinə direktor təyin edilmişdir. İddiaçı 01.02.2010-cu il tarixdə Oğuz rayonu Qumlaq kənd orta məktəbinə gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri vəzifəsinə təyin edilərkən o, həmin vəzifədə işləməmişdir və iddiaçının hansı əsaslarla işə qəbul edilməsi barədə məlumatı yoxdur. 03.11.2021-ci il tarixdə ünvan 2 məktub göndərilərək iddiaçının həqiqi hərbi xidmət keçməməsi və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəlilərin ehtiyatına keçirilmiş olmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Qeyd olunan məktub əsasında Oğuz rayonu Qumlaq kənd orta məktəbi üzrə 03.11.2021-ci il tarixli 91 nömrəli əmrlə iddiaçı məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmiş, lakin iddiaçının ixtisasının və hərbi statusunun işlədiyi vəzifəyə uyğun olmadığı nəzərə alınmaqla o, işəgötürənin təşəbbüsü ilə işdən azad edilmişdir. Həmin əmr verilərkən məktəbin həmkarlar ittifaqı təşkilatının əvvəlcədən razılığı alınmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla - tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının işdən azad edilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmri qanuni və əsaslı hesab edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinin nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daxili Təhqiqat Şöbəsində aparılmış müvafiq araşdırma zamanı Azərbaycan Respublkası Nazirlər Kabinetinin 19.05.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin “Çağırışaqədərki hazırlıq işinin təşkili və keçirilməsi haqqında” 13.04.2018-ci il tarixli 1357 nömrəli göstərişinin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət keçmədiyi və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəlilərin ehtiyatına keçirilmiş olduğu aşkar edilmiş, bu səbəbdən onun yeni namizədlə əvəz olunması məsələsinə baxılması üçün 03.11.2021-ci il tarixdə Oğuz rayon Təhsil Şöbəsinə məktub göstərilmişdir. Qeyd olunan məktub əsasında Oğuz rayonu Qumlaq kənd orta məktəbinə müraciət edilmiş və həmin məktəb üzrə 03.11.2021-ci il tarixli 91 nömrəli əmrlə iddiaçı məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsinə uyğun olmadığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi iddiaçının işdən azad edilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmri qanuni və əsaslı hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Təhsil Şöbəsinin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Azərbaycan Respublkası Nazirlər Kabinetinin 19.05.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə görə hərbi rəhbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri təhsil şöbələri ilə birlikdə tədris ili ərzində plan əsasında təhsil müəssisələrində ibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır. Orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifələrinin təyinatına Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəhbərlik və nəzarət edilir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra respublika səviyyəsində orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlığı vəziyyəti yenidən yoxlanılarkən ixtisası və peşəsi həmin vəzifəyə uyğun gəlməyən bəzi şəxslərin bu vəzifələrdə işlədiyi müəyyən edilmişdir. Oğuz rayonu Qumlaq kənd orta məktəbi də bu cür təhsil müəssisələri sırasında olmuşdur. Bununla bağlı 03.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi tərəfindən Oğuz rayon Təhsil Şöbəsinə məktub göndərilərək iddiaçının həqiqi hərbi xidmət keçməməsi və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəlilərin ehtiyatına keçirilmiş olması nəzərə alınmala onun yeni namizədlə əvəz olunması məsələsinə baxılması xahiş edilmişdir. Həmin tarixdə ünvan 2 məktub göndərilərək qeyd olunan əsaslara görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Qeyd olunan məktub əsasında Oğuz rayonu Qumlaq kənd orta məktəbi üzrə 03.11.2021-ci il tarixli 91 nömrəli əmrlə iddiaçı məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Oğuz rayon Təhsil Şöbəsi iddiaçının işdən azad edilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmri qanuni və əsaslı hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, təhsil müəssisələrinin rəhbərlərinin təqdim etdikləri ştat cədvəlləri əsasında Ərazi Maliyyə Hesablaşma Mərkəzləri müəssisənin əməkdaşlarına əmək haqqlarının hesablanıb ödənilməsini təşkil edir. Bununla yanaşı, Ərazi Maliyyə Hesablaşma Mərkəzləri vəsaitin hansı təyinat üzrə ödənildiyini dəqiqləşdirmək üçün öz səlahiyyətləri çərçivəsində həmin ştat cədvəllərinin dürüstlüyünə də nəzarət edir. Orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifələrinin təyinatına Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rəhbərlik və nəzarət edilir. Hazırda Oğuz rayonu Qumlaq kənd orta məktəbində iddiaçının işdən azad edildiyi vəzifədə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsində digər şəxs işləyir və ona ştat cədvəli üzrə əmək haqqı hesablanaraq ödənilir. Həmin vəzifə üzrə təyinatların və işdən azad edilmə hallarının qanuni əsaslarla həyata keçirilib-keçirilmədiyini araşdırmaq Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyətlərinə aid deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus olan, 29.05.2008-ci il tarixdə verilmiş AO ******* nömrəli hərbi bilet, 03.07.2008-ci il tarixdə verilmiş BB-İİ 074221 nömrəli diplom, 01.02.2010-cu il tarixdə tərtib edilmiş ******* nömrəli əmək kitabçası, əmək müqaviləsinin bağlanması ilə bağlı 21.09.2014-cü il tarixli əmək müqaviləsi bildirişi, həmin bildirişin qeydiyyata alınmasına dair məlumat, 19.03.2011-ci il tarixdə verilmiş İB 074558 nömrəli vəsiqə, 2012-ci ildə verilmiş İ-2012-12989 nömrəli və 16.01.2017-ci il tarixdə verilmiş İC 006212 nömrəli sertifikatlar, “X12 Kolleci” X13 24.02.2022-ci il tarixli 113 nömrəli sorğuya cavab məktubu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi tərəfindən Oğuz rayon Təhsil Şöbəsinə ünvanlanmış 03.11.2021-ci il tarixli 746 nömrəli, ünvan 2 ünvanlanmış 03.11.2021-ci il tarixli 640 nömrəli məktublar, Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktoru Cavabdeh 03.11.2021-ci il tarixli 91 nömrəli əmrindən çıxarış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 04.11.2021-ci il tarixli əmək müqaviləsi bildirişi, həmin bildirişin qeydiyyata alınmasına dair məlumat, Oğuz rayon Təhsil Şöbəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsinə ünvanlanmış 05.11.2021-ci il tarixli 661 nömrəli cavab məktubu, ilkin mediasiya prosesinin tətbiqi barədə 12.11.2021-ci il tarixli təklif, həmin təklifin cavabdehə göndərilməsinə dair rabitə orqanının təsdiq etdiyi sənədlərin surətləri və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27.12.2021-ci il tarixli arayış ilə müəyyən edildi ki, iddiaçı 03.07.2008-ci il tarixdə X6 (hazırda “X12 Kolleci”) “Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı” ixtisası üzrə tam kursu bitirmiş, ona “Ümumtəhsil, texniki peşə və orta ixtisas təhsili müəssisələrində müəllim” ixtisası verilmişdir. İddiaçı həqiqi hərbi xidmət keçməmişdir və o, sağlamlıq vəziyyətinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı şəxs hesab edilmişdir. İddiaçı Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktorunun 01.02.2010-cu il tarixli 11 nömrəli əmri və onunla bağlanmış əmək müqaviləsi əsasında həmin məktəbə gənclərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin edilmiş və onunla müvafiq əmək müqaviləsi bağlanmışdır. İddiaçı 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda gənclərin çağırışaqədərki hazırlıq rəhbəri üzrə ixtisasını artırmış, həmçinin, işlədiyi müddət ərzində ona təkmilləşdirmə sertifikatları verilmişdir. 03.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi tərəfindən Oğuz rayon Təhsil Şöbəsinə məktub göndərilərək iddiaçının həqiqi hərbi xidmət keçməməsi və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəlilərin ehtiyatına keçirilmiş olması nəzərə alınmala onun yeni namizədlə əvəz olunması məsələsinə baxılması xahiş edilmişdir. Həmin tarixdə Oğuz rayon Təhsil Şöbəsi tərəfindən də Oğuz rayonu Qumlaq kənd orta məktəbinə məktub göndərilərək qeyd olunan əsaslara görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Qeyd olunan məktub əsasında Oğuz rayonu Qumlaq kənd orta məktəbi üzrə 03.11.2021-ci il tarixli 91 nömrəli əmrlə iddiaçı məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə Azərbaycan Respublkası Nazirlər Kabinetinin 19.05.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin “Çağırışaqədərki hazırlıq işinin təşkili və keçirilməsi haqqında” 13.04.2018-ci il tarixli 1357 nömrəli göstərişinin tələblərinin kobud şəkildə pozulduğu qeyd edilmiş, iddiaçının işdən azad edilməsinə əsas kimi Oğuz rayon Təhsil Şöbəsinin 03.11.2021-ci il tarixli 640 nömrəli məktubu göstərilmişdir. İddiaçının işdən azad edilməsi barədə əmr verildikdən sonra cavabdehə mediasiya prosesinin tətbiqi barədə 12.11.2021ci il tarixdə rəsmi qaydada təklif göndərilsə də, o, mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinə xitam verilmişdir. Hazırda iddiaçı Oğuz rayonu Qumlaq kənd orta məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən işdən azad edilməsi barədə Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktoru Cavabdeh 03.11.2021-ci il tarixli 91 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi onunla bağlanmış əmək müqaviləsinin məzmun və mahiyyətinə, ixtisası üzrə təhsil aldığı müəssisə tərəfindən ona verilmiş diploma, ixtisasartırma kurslarında əldə etdiyi sertifikatlara istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və iddia tələbinə etirazının əsasları olaraq Azərbaycan Respublkası Nazirlər Kabinetinin 19.05.1998-ci il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin “Çağırışaqədərki hazırlıq işinin təşkili və keçirilməsi haqqında” 13.04.2018-ci il tarixli 1357 nömrəli göstərişinə, həmçinin, Oğuz rayon Təhsil Şöbəsinin 03.11.2021-ci il tarixli 640 nömrəli məktubuna istinad edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi, Oğuz rayon Təhsil Şöbəsi də iddia tələbini əsassız hesab etdiklərini bildirirlər. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edən 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi həmin əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hissəsinə görə bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki iş üzrə iddiaçının işdən azad edilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Cavabdeh iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı qənaətinə gəlmiş olsaydı da, buna görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilmiş olması halları müəyyən edilməmiş, iddiaçının ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olmamasının konkret olaraq nədən ifadə olunması da əmrdə və həmin əmrin verilməsinə əsas olmuş sənədlərdə öz əksini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Oğuz rayon Təhsil Şöbəsinin 03.11.2021-ci il tarixli 640 nömrəli məktubu göstərilmiş, həmin məktubda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin cavabdehə tapşırıldığı qeyd edilmişdir. İşçinin işdən azad edilməsi ilə bağlı qanunvericilikdə belə bir əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Oğuz rayon Təhsil Şöbəsinin 03.11.2021-ci il tarixli 640 nömrəli məktubu iddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qəbul edilə bilməz. İş üzrə cavabdeh Oğuz rayonu Qumlaq kənd orta məktəbinin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddiaçının ixtisasının və hərbi statusunun işlədiyi vəzifəyə uyğun olmadığını qeyd etsə də, həmin uyğunsuzluğun konkret olaraq hansı əsaslarla əlaqədar olduğunu və belə əsaslar mövcud olmuşdursa, iddiaçının 01.02.2010-cu il tarixdən məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsinə işə qəbul edilməsi və həmin vaxtdan son zamanlaradək qeyd olunan vəzifədə işləməsinin hansı zərurətdən yarandığını mötəbər sübutlarla izah edə bilməmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının işdən azad edilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən hər hansı maddəsinə istinad edilməmiş, əmək müqaviləsinin ləğv edildiyi gün, ay, il, əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər əmrin məzmununda göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd edilən maddənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Eyni zamanda, iddiaçının işdən azad edilməsi zamanı cavabdeh tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmış olması halı da aşkar olunmamış, əmək müqaviləsinə xitam verilməzdən əvvəl yerinə yetirilməsi zəruri olan, qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin görülməsi halları da məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən həmin əmrin verilməsinə əsasların olub-olmaması araşdırılmadığından, əmrin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktoru Cavabdeh iddiaçının gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən azad edilməsi barədə 03.11.2021-ci il tarixli 91 nömrəli əmri etibarsız hesab edilməli, iddiaçı öz əvvəlki vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Oğuz rayonu Qumlaq kənd orta məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri vəzifəsindən işdən azad edilməsi barədə Oğuz rayonu Qumlaq kənd orta məktəbinin direktoru Cavabdeh 03.11.2021-ci il tarixli 91 nömrəli əmri etibarsız hesab edilsin və İddiaçı Oğuz rayonu Qumlaq kənd orta məktəbinə öz əvvəlki vəzifəsinə bərpa edilsin. 03.11.2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləği hesablanaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar