Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-98/2022 14.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsi, uşaqların saxlanmaları üçün aliment ödənilməsindən azad edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 09.10.2010-cu il tarixdə anadan olmuş X9 adlı uşağın onun yanında qalmasının müəyyən edilməsi, X9 və X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehə Oğuz Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2 (054) - 134 / 2015 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14.08.2009-cu il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahda olduqları müddətdə 09.10.2010-cu il tarixdə X9 və 17.08.2013-cü il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2 (054) - 134 / 2015 nömrəli qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra uşaqların cavabdehin yanında qalmaları müəyyən edilmiş, onların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ondan hər ay hər uşaq üçün 50 (əlli) manat - cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Xeyli vaxtdır ki, X9 adlı uşaq onun özünün himayəsində yaşayır. Həmin uşaq faktiki olaraq onun yanında yaşadığrına görə uşaqların valideynlərindən hansının yanında qalması və onların saxlanması üçün alimentin tutulması məsələsinə yenidən baxılması zərurəti yaranmışdır. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən cavabdehlə birgə nikahından anadan olmuş X9 adlı uşağın onun yanında qalmasının müəyyən edilməsi, uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehə Oğuz Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2 (054) - 134 / 2015 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdeh uşaqları Oğuz şəhərində öz valideynlərinin evində qoyub Bakı şəhərinə getmişdir. X9 adlı uşaq 2021-ci ilin dekabr ayından onun yanındadır və onun yaşadığı Oğuz rayonu Bayan kəndində orta məktəbdə təhsil alır. O, bundan sonra da həmin uşağın öz yanında qalmasını istəyir. Hazırki vəziyyətdə X9 adlı uşaq özü də onun yanında qalmaq istəyir. O, öz yanında qalan uşaq üçün cavabdehdən aliment tələb etmir və digər uşağın saxlanması üçün hazırda cavabdehə aliment ödəməyə maddi imkanı da yoxdur. Cavabdehin öz yanında qalan uşağı saxlamaq üçün maddi imkanı vardır. İndiyə qədər olan müddət üçün də cavabdehə xeyli miqdarda aliment borcu yaranmışdır və maddi imkansızlıq üzündən aliment borcunu ödəyə bilmir. Ona görə də uşaqların saxlanmaları üçün cavabdehə aliment ödəməkdən azad edilməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi bardə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, həmçinin, iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəmə iclasından əvvəl məhkəməyə təqdim etdiyi ərizədə X9 adlı uşağın iddiaçının yanında qalmasına etiraz etmədiyini, ancaq X8 adlı uşaq üçün alimentin ödənilməsini tələb etdiyini bildirmiş, eyni zamanda, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Tərəflərin birgə nikahından anadan olmuş X9 adlı uşaq Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X3 iştirakı ilə məhkəmə iclasında dindirilərkən bir neçə aydır ki, atasının yanında yaşadığını və bundan sonra da onun yanında qalmaq, onunla birlikdə yaşamaq istədiyini, anası ilə də görüşüb ünsiyyətdə olacağını bildirdi. Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, tərəflərin birgə nikahından anadan olmuş X9 adlı uşağın hansı valideynin yanında qalması ilə bağlı rəy vermək üçün Komissiya tərəflərin yaşayış şəraiti, onların birgə nikahından anadan olmuş uşaqların hansı şəraitdə yaşadıqları ilə yaxından tanış olmuşdur. Komissiya tərəfindən araşdırma aparılarkən məlum olmuşdur ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqlar əvvəllər Oğuz şəhərində cavabdehin valideynlərinin yanında yaşasalar da, hazırki vəziyyətdə X9 adlı uşaq iddiaçının yanında yaşayır. Cavabdeh özü isə Bakı şəhərində yaşayır. Komissiya üzvləri tərəflərlə, həmçinin, X9 adlı uşaqla söhbətlər aparmışdır. X9 adlı uşaq iddiaçının yanında qalmaq istədiyini bildirmişdir. Cavabdeh də X9 adlı uşağın iddiaçının yanında qalmasına etiraz etməmişdir. İddiaçının maddi və ailə vəziyyəti, ev və məişət şəraiti də uşağın normal şəraitdə saxlanmasına, inkişafına və tərbiyə edilməsinə imkan verir. Komissiya tərəflərin fikrini və uşaqların mənafeyini nəzərə almaqla X9 adlı uşağın iddiaçının yanında qalmasını onun mənafeyinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli 456/12 nömrəli və 457/12 nömrəli doğum haqqında akt qeydlərinə dair arayışlar, Oğuz Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2 (054) - 134 / 2015 nömrəli qətnaməsinin surəti, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17.01.2022-ci il tarixli arayış, Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın 30.03.2022-ci il tarixli rəyi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə 14.08.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahda olduqları müddətdə 09.10.2010-cu il tarixdə X9 və 17.08.2013-cü il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış məhkəmə qaydasında pozulmuş, onların birgə nikahından anadan olmuş uşaqların nikah pozulduqdan sonra cavabdehin yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıdan hər ay hər uşaq üçün 50 (əlli) manat cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlardan X9 hazırki vəziyyətdə iddiaçının yanında yaşayır. Cavabdeh uşağın hansı valideyninin yanında qalması və aliment tutulması məsələləri ilə bağlı mediasiya prosesində iştirak etmədiyindən mediasiya prosesinə xitam verilmişdir. İddiaçı cavabdehlə birgə nikahından anadan olmuş X9 uşağın onun yanında qalmasının müəyyən edilməsi, hər iki uşağın yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərini cavabdehin uşaqları öz valideynlərinin yanında qoyub getdiyi, X9 adlı uşağın xeyli vaxtdır ki, onun öz yanında olduğu və cavabdehə aliment ödəməyə maddi imkanının olmaması ilə əsaslandırır. Cavabdeh iddia tələbini qismən qəbul edir, hazırda X9 adlı uşağın iddiaçının yanında qalmasına etiraz etmədiyini, ancaq X8 adlı uşağın saxlanması üçün iddiaçıdan aliment tələb etdiyini bildirir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya da X9 adlı uşağın iddiaçının yanında qalmasını həmin uşağın mənafeyinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini, Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsinin rəyini, X9 adlı yetkinlik yaşına çatmayan uşağın fikrini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin uşağın iddiaçının yanında qalmasına dair hissədə təmin edilməli, iddiaçının uşaqların saxlanmaları üçün cavabdehə aliment ödənilməsindən azad edilməsinə dair hissədə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideyinlərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozularkən tərəflərin birgə nikahından anadan olmuş uşaqların hər ikisinin cavabdehin yanında qalmaları müəyyən edilsə də, X9 adlı uşaq sonradan iddiaçının yanına getmişdir və hazırda da onun yanında yaşayır. İddiaçı X6 öz yanında qalmasını tələb edir və uşaq özü də atasının yanında qalmaq istədiyini bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “İnsan Hüquqları və X7 Haqqında” Konvensiyaya dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının səhhətində, maddi vəziyyətində, ev və məişət şəraitində uşağın normal şəraitdə saxlanması, inkişafı və tərbiyə edilməsinə maneə ola biləcək hallar aşkar edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X9 adlı uşaq hazırda öz fikrini və istəyini sərbəst surətdə ifadə edə bilmək bacarığında olmaqla bundan sonra da atasının yanında qalmaq istədiyi barədə fikrini məhkəmə iclasında da bildirmişdir. Onun öz fikrini iddiaçı və ya kənar şəxslərin təsiri, təzyiqi altında ifadə etməsi halları da aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, X9 adlı uşaq hazırda valideynlərindən hansının yanında qalması ilə bağlı özü öz seçimini etmək, bilavasitə onun maraqlarına toxunan məsələnin həlli zamanı öz fikrini sərbəst surətdə ifadə etmək üçün kifayət qədər yaşa malikdir. Şərh olunan əsaslara görə və qeyd edilən hüquq normalarının tələbinə əsasən məhkəmə tərəflərin birgə nikahından anadan olmuş X9 adlı uşağın mənafeyini, onun iddiaçının yanında qalmaq istədiyini, hazırki vəziyyətdə bununla bağlı tərəflər arasında da mübahisə və fikir ayrılığı olmadığını, habelə, Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya tərəfindən verilmiş rəyi nəzərə alaraq hesab edir ki, uşağın maraqlarının daha yaxşı təmin edilməsi məqsədi ilə X6 iddiaçının yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin 11.08.2015-ci il tarixli 2 (054) - 134 / 2015 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı özünün maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim etməsə də, hazırki vəziyyətdə tərəflərin ailə vəziyyətində dəyişiklik olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqlardan X6 iddiaçının yanında qalması müəyyən edildiyinə görə iddiaçı həmin uşağın saxlanması üçün cavabdehə aliment ödəməkdən azad edilməlidir. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlardan X9 iddiaçının yanında, X8 adlı uşaq isə cavabdehin yanında qalmasına və iddiaçı özünün yanında qalan uşaq üçün cavabdehdən aliment tələb etməməsinə baxmayaraq, bu cavabdehin öz yanında qalan uşaq üçün digər valideyndən aliment tələb etmək hüququnu istisna etmir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Həmin Qanunun məzmunundan göründüyü kimi iddiaçının cavabdehə ödəməli olduğu, bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment hazırki şəraitdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə cüzi məbləğdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş X8 adlı uşaq üçün iddiaçının cavabdehə ödəməli olduğu aliment cüzi miqdarda olduğundan və iddiaçının həmin uşağa görə aliment ödəməkdən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbinin aliment ödənilməsindən azad edilməsinə dair hissəsi X8 adlı uşağa münasibətdə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının X9 adlı uşağın saxlanması üçün cavabdehə aliment ödəməkdən azad edilməsi hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat - cəmi 100 manat məbləğin onun özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 09.10.2010-cu il tarixdə anadan olmuş X6 İddiaçı yanında qalması müəyyən edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı 09.10.2010-cu il tarixdə anadan olmuş X2 üçün Cavabdeh aliment ödəməkdən azad edilsin. İddia tələbi İddiaçı 17.08.2013-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh aliment ödəməkdən azad edilməsinə dair hissədə təmin edilməsin. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat - cəmi 100 (bir yüz) manat məbləğ onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-98/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-98/2022
14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver