Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-567/2024 22.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34500 ABŞ dolları pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhərində 03 dekabr 2023-ci il tarixdə Mina Rəhimovanın və Dinar Əhmədlinin iştirakı və imzası ilə iş üzrə tərəflər arasında imzalanmış sənədə əsasən İddiaçı əvvəllər tanıdığı Cavabdeh onun xahişi ilə maliyyə vəziyyətinin yaxşılaşdırılması, şəxsi biznesində dövriyyənin artırılması məqsədilə 34500 ABŞ dolları pulu faizsiz olaraq vermişdir. Cavabdeh 24 yanvar 2024-cü il tarixdə borcdan 300 manat (176,5 ABŞ dolları) qaytarmış, 34323,5 ABŞ dolları borc qalmışdır. Onu da bildirdi ki, bu münasibət borc münasibəti kimi qiymətləndirilməlidir. Ona görə də, dediklərinin nəzərə alınmasını, Cavabdeh 34323,5 dollar pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh onun tanışlarıdır. Pul verilərkən İddiaçı ona zəng edib şahid kimi iştirak etməyini xahiş etmiş, o da razılıq vermişdir. “Azadlıq” metrostansiyası tərəfdə bir ofisdə görüş baş tutmuş, onun yanında İddiaçı Cavabdeh 34500 ABŞ dolları pulu borc olaraq vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçıı çoxdan tanıyır, amma Cavabdeh bir dəfə görüb. İddiaçı xahişi ilə şahid kimi iştirak etmək üçün “Azadlıq” metrostansiyası tərəfdə bir ofisə getmiş, onun yanında İddiaçı Cavabdeh 34500 ABŞ dolları pulu borc olaraq verib. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, Cavabdeh vergi uçotuna alınmış vergi ödəyicisi olsa da, İddiaçı vergi ödəyicisi deyildir və onun fərdi sahibkar statusu yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan qəbzlə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh maliyyə vəziyyətinin yaxşılaşdırılması, şəxsi biznesində dövriyyənin artırılması məqsədilə 34500 ABŞ dolları pulu faizsiz olaraq vermişdir. Buradan da görünür ki, tərəflərin arasında olan hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün əsas olan subyektiv tərkib yoxdur. Odur ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilənləri əsas götürərək hesab edir ki, hazırkı mülki işin kommersiya məhkəməsində baxılması üçün yetərli əsaslar mövcud deyildir, buna görə də mülki işə hazırkı məhkəmədə baxılmalıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı maliyyə vəziyyətinin yaxşılaşdırılması, şəxsi biznesində dövriyyənin artırılması məqsədilə 03 mart 2024-cü il tarixdə qaytarmaq şərti ilə 34500 ABŞ dolları pulu almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh ümumi borcdan 300 manat (176,5 ABŞ dolları) qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və 03 dekabr 2023-cü il tarixli və 24 yanvar 2024-cü il tarixli qəbzlərlə müəyyən olundu ki, İddiaçı 34500 ABŞ dolları məbləğində pulu Cavabdeh borc vermişdir. Cavabdeh aldığı 34500 ABŞ dolları məbləğində pul vəsaitini 2023-cü ilin mart ayında iddiaçıya tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü öhdəliyə əməl etməmiş və 34500 ABŞ dolları məbləğində borcdan yalnız 300 manat iddiaçıya qaytarmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 34500 ABŞ dolları məbləğində pulu (300 manat çıxılmaqla) tələb etməkdə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li qərarının 10-cu bəndində qeyd olunduğu kimi məhkəmə qərarlarında alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər tələb xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin məhkəmə qərarının icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 34500 ABŞ dolları məbləğində borc icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə (300 manat çıxılmaqla) alınaraq İddiaçı verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 265,95 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında elan edilmiş 08 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı vəkilin xidmətindən istifadə üçün 350 manat ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 265,95 manat dövlət rüsumu və vəkilin xidmətindən istifadə üçün ödənilmiş 350 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 34500 (otuz dörd min beş yüz) ABŞ dolları borc icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə (300 manat çıxılmaqla) alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 265,95 (iki yüz altımış beş) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu və vəkilin xidmətindən istifadə üçün ödənilmiş 350 (üç yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-567/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-567/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver