Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-1397/2024 24.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi ilə, İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC Cavabdeh qarşı «subroqasiya qaydasında sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Chevrolet Cruze» markalı ** ZU *** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın və X1 yüngül dərəcəli bədən xəsarəti almasına görə ümumilikdə ödənilmiş 1960 manat sığorta ödənişini və dövlət rüsumunun əvəzi 39,60 manat pulun Cavabdeh tutlaraq İddiaçı SŞ ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan X3 mülkiyyətçisi olduğu “Hyundai Sonata” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Cruze” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toquşşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 yüngül dərəcəli xəsarətlər almışdır. İşin hallarından göründüyü kimi, hadisə zamanı nəqliyyat vasitəsini müvafiq etibarnamə əsasında idarə etdiyi üçün Cavabdeh sığorta olunandır. O, nəqliyyat vasitəsini özü sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə subroqasiya hüququ məhz ona münasibətdə yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində «Chevrolet Cruze» markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətdiyi üçün İXM-nın 332.4-cü maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya maddi cəhətdən zərər vurması) təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 3650 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ ASC dəymiş zərərlə bağlı «Chevrolet Cruze» markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1210 manat və 7518 nömrəli ödəniş tapşırığına əsasən mülkiyyətçi X2 dəymiş yüngül bədən xəsarətlərinə görə 750 manat ümumilikdə 1960 manat pul vəsaiti İddiaçı SŞ ASC tərəfindən avtomobilin sahibi X2 ödənilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində Kürdəmir rayonu, Sor-Sor kəndində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Hyundai Sonata” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə «Chevrolet Cruze» markalı ** ZU *** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə, həmçinin X2 ziyan dəymiş və nəticədə dəymiş ziyanla əlaqədar İddiaçı SŞ ASC Sığorta Müqaviləsinə uyğun olaraq, avtomobilin təmiri üçün 1210 manat və X1 yüngül bədən xəsarətlərinə görə 750 manat, ümumilikdə 1960 manat sığorta məbləğini zərərçəkmiş X2 ödəmiş və ziyanın əvəzinin ödənilməsi tələbi rəqres qaydasında İddiaçı SŞ ASC-yə keçmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə “İcbari sığortalar haqqında” Qanunun yuxarıda istinad edilən 25.1 və 25.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Cavabdeh iştirakçısı olduğu yol nəqliyyat hadisəsi (sığorta hadisəsi) zamanı nəqliyyat vasitəsini istismar etməyə hüququ olmayan şəxs kimi «Hyundai Sonata» markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək sığorta hadisəsi törətdiyi üçün İddiaçı SŞ ASC-nin reqres qaydasında ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. Mülki Məcəllənin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Mülki Məcəllənin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, İddiaçı SŞ ASC sığorta təşkilatı olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanın əvəzini sığorta ödənişi qaydasında ödəmiş və bu baxımdan (“İcbari sığortalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsi nəzərə alınaraq) haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir, İddiaçı SŞ ASC-nin reqres qaydasında 1960 manat məbləğində ziyanın əvəzinin ödənilməsi tələbi təmin edilərək, həmin pul vəsaiti Cavabdeh tutulub İddiaçı SŞ ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 39,60 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi isə təmin olunduğu halda ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 39,60 manat və xx.xx.2021-ci il tarixdə saat 08:00 radələrində baş vermiş sığorta hadisəsi nəticəsində «Chevrolet Cruze» markalı ** ZU *** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın və X1 yüngül dərəcəli bədən xəsarəti almasına görə ümumilikdə ödənilmiş 1960 manat, cəmi 1999,60 (bir min doqquz yüz doxsan doqquz manat altmış qəpik) manat pul vəsaiti reqress qaydasında Cavabdeh tutulub İddiaçı SŞ ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-1397/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-1397/2024
24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver