Məhkəmə qərarları › İş №e-2(056)-3074/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3074/2025

03.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3074/2025 03.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Alim qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 538996 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Alim qızı xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 21 nömrə ilə qeydiyyat aparılmışdır.

2. Doğum haqqında şəhadətnamələrə əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahından 3 övladı olmuşdur: xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X4, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2011ci il tarixdə doğulmuş X1 görə ayda hər uşağa 250 manat olmaqla alimentin tutulması, ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində alimentin və ödənilmiş mediasiya ilə bağlı 50 manat məbləğinin onun xeyirinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, cavabdehlə 2009-cı ildə faktiki evlənmişlər. xx.xx.2010cı ildə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X6, xx.xx.2014cü il tarixdə X5 və xx.xx.2009-cu il tarixli X7 adlı üç üşaqları anadan olub. Hal-hazırda cavabdehlə nikahdan doğulmuş hər üç uşaq onun himayəsindədir. Uşaqlar artıq böyüyüblər və onların xərclərin tam qarşılaya bilmir. Ailə Məcəlləsində bir mənalı bildirilib ki, hər iki valideyn uşaqları saxlamağa borcludurlar. Məcburiyyət qarşısında qalaraq uşaqlara aliment təyin edilməsi üçün cavabdehə məktub göndərilmiş, amma buna baxmayaraq, mediasiya sessiyasında alimentin ödənişləri ilə bağlı imtina edilmişdir. Bir sözlə cavabdeh qəsdən valideyn vəzifələrini icra etməkdən yayınır.

b) iddiaya qarşı etiraz

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, əvvəllər “DOST”da işləmiş, xx.xx.2025-ci il tarixdə işdən azad edilmiş, iddiaçı özü evi tərk etmiş, onu evdən çıxartmamışdır. İddiaçı ilə ayrılmaq fikri yoxdur, tələb edilən aliment ödəyə bilmək qabiliyyətində deyil, nevroloji xəstəlikdən əziyyət çəkir, 3 uşağa ümumilikdə 100 manat ödəyə bilir. İddianın qismən təmin edilməsini xahiş etmişdir.

a) məhkəmə icraat iştiakçılarının izahatları

6. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir; Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

9. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

10. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış və birgə nikahdan tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Hazırda isə iddiaçı cavabdehdən uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 750 manat məbləğində aliment tutulmasını xahiş edir.

16. Məhkəmə alimentin tutulması ilə bağlı iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir.

17. Belə ki, tərəflər arasında bağlanmış nikah pozulmasa da, cavabdehin uşaqların tələbatını ödəməməsi, uşaqların hazırda iddiaçının himayəsində olması alimentin tutulmasına əsas verir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

18. Uşaqlara görə 2025-ci il üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla cavabdehin hər hansı rəsmi iş yeri və ya qazancı müəyyən edilmir.

19. Məhkəmə bu qənaətə gəlir ki, hər uşaq üçün 140 manat məbləğdə alimentin tutulması, həm cavabdehin maddi vəziyyətinə, həm də uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.

20. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

21. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,35 misli həddində müəyyən edilməlidir.

22. İddiaçı eyni zamanda ödənilmiş mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir.

23. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia təmin olunduğundan iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat məbləğdə mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı Alim qızının xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin hesablanması ərizə ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən aparılmalı, qətnamə alimentə aid hissədə dərhal icra olunmalı, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat məbləğdə mediasiya xərci də cavabdehdən tutulmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 23 oktyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı Alim qızının xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğdə mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Alim qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar