Məhkəmə qərarları › İş №e-2(056)-3212/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3212/2025

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3212/2025 14.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 2 övladı olmuşdur: xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(102)-1723/2025 saylı qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 90 manat məbləğində alimentin tutulması qərara alınmışdır.

3. Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 8(056)-189/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(102)-1723/2025 saylı qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 90 manat alimentin məbləği sonrakı tutulmalar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunması qərara alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadına əsasən cavabdehin xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı 110 (bir yüz on) manata qədər azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, o Cavabdeh 2015-ci ilin iyul ayında el adəti ilə toy etməklə ailə qurmuşlar. Lakin nikahları 22 oktyabr 2018-ci il tarixdə Sabirabad rayonunda"ASAN Xidmət" X3 rəsmi qeyd edilmişdir. Birgə nikahdan 04 noyabr 2016-ci il tarixdə X11 və 27 fevral 2018-ci il tarixdə X12 adlı iki övladı anadan olmuşdur. Övladları hazırda cavabdehin himayəsindədirlər. Aralarında olan faktiki nikah münasibətləri 2019-cu ildə pozulsa da, rəsmi nikah Sabirabad rayon Məhkəməsinin 2(056)-981/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 anaları Cavabdeh yanında və himayəsində saxlanması qət edilmişdir. Ayrıldığı müddətdən etibarən cavabdeh uşaqların saxlanması üçün alimentin təyin edilməsini tələb etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1723/2021 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 2551/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin alimentin məbləğinin hissəsində dəyişdirilərək, hər uşağa görə tutulmalı olan alimentin məbləğinin hər ay 90 manat müəyyən edilməsi qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Daha sonra ərizəçi Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 1723/2021 saylı qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 90 manat, cəmi 180 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sabirabad rayon Məhkəməsinin 8(056)-189/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 may 2021-ci il tarixli 2(102)- 1723/2021 saylı qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 90 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.36 misli həddində indeksasiya olunması qərara alınmışdır. Ərizəçinin məhkəmənin müəyyən etdiyi aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya olunmasını xahiş etməsinə baxmayaq, məhkəmə tərəfindən aliment məbləği artırılmışdır. Müəyyən edilmiş aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya tətbiq etməklə (400x0.36=144 manat) onun onsuzda ağır olan vəziyyətini daha da ağırlaşdırır. Səhhəti ilə əlaqədar ağciyər əməliyyatından sonra müalicə alır. Heç bir yerdə işləmir, müntəzəm gəliri yoxdur. Cavabdeh ikinci ailəsidir. Birinci ailəsindən X10 və X9 adlı iki övladı onun himayəsindədirlər. Ailə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Unibank Salyan filialından 7000 manat kredit məbləği üzrə öhdəliyi çətinliklə də olsa ödəyir. Hazırda İİ qrup əlilliyi vardır. Əlilliyinə görə 180 manat müavinət alır. Digər tərəfdən birgə nikahdan anadan olmuş övladları ilə ünsiyyətdə ola bilmir. Cavabdehin süni maneələr yaratması səbəbindən hüquqlarını pozulur.

b) iddiaya qarşı etiraz

8. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz ünvanlayaraq uşaqların məktəbdə oxumasını, geyimlərini, yeməklərini, dolanacaq həyat tərzlərini, onların gələcəyini nəzərə alıb, Sabirabad rayon məhkəməsinin 8(056)-189/2025 saylı xx.xx.2025ci il tarixli qərarı ilə təsdiq olunmuş hər uşağa hər ayda müəyyən olunmuş minumum əmək haqqının 0,36 misli həddində (400 x 0,36=144, hər uşağa 144 manat, cəmi 288 manat) qəbul etdiyi qərarın dəyişdirilməsməsini, öz qüvvəsində saxlanılmasının xahiş etmişdir.

c) məhkəmə icraat iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər.

12. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Bənd 8.7. alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir; Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 233.4. cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmə baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli, 2(102)-1723/2025 saylı qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 90 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Daha sonra Sabirabad Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 8(056)-189/2025 saylı qərardadı ilə tutulan aliment məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya edilmişdir. İddiaçı hazırda alimentin azaldılması barədə iddia ərizəsi ilə müraciət edərək, təyin edilmiş alimentin məbləğinin 110 (bir yüz on) manata qədər azaldılmasını xahiş etmişdir.

19. Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ikinci ailəsidir. Birinci ailəsindən X10 və X9 adlı iki övladı onun himayəsindədirlər lakin onların saxlanılması üçün iddiaçı tərəfindən aliment ödənilməsi müəyyən edilməmişdir.

21. Məhkəmə hesab edir ki, iddiaçının aliment tutulmayan digər iki övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçı qərarın çıxarıldığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

22. Həmçinin Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1).

23. “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

24. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

25. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Həmçinin, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Bununla belə, iddiaçıdan xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün təyin edilmiş hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli (hazırki ildə minimum əmək haqqı 400 manat olması nəzərə alınmaqla 144 manat) aliment məbləği isə hazırda ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindan (260 manatdan) çox aşağı olduğundan, həmin məbləğin azaldılması uşağqların mənafeyi baxımından ədalətli hesab edilə bilməz.

26. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun.

27. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də uşaqların mənafeləri nəzərə alınaraq, onların sağlam şəraitdə böyümələri və tərbiyələri, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün iddia təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar