Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1863/2025 11.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş xx.xx.2022xx.xx.2024-cü il tarixləri intervalında hesablanmış 6480 (altı min dörd yüz səksən) manat aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış nikah Salyan Rayon Məhkəməsinin 2(057)-2249/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, sözügedən qətnamə ilə həmçinin 3 (üç) azyaşlı övladlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay hər uşağa 90 (doxsan) manat olmaqla ümumilikdə 270 (iki yüz yetmiş) manat alimentin tutulması qət edilmişdir. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilmiş və həmin tarixdən Neftçala rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-354/2022 sayı ittiham hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasıma məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-105/2024 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təyin olunan cəzanın çəkilməmiş 11 ay 5 gün hissəsindən şərti olaraq azad edilmişdir. Həmçinin qeyd etmişdir ki, Salyan Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 2(057)-2249/2017 saylı icra sənədi icraatda olduğu müddət ərzində əvvəlcə tələbin əmək haqqımın 70%-nə yönəldilməklə vaxtaşırı icra edilməsi üçün iş yerimə göndərilmiş, hazırda isə uşaqlardan biri yetkinlik yaşıma çatdığından digər iki uşaqla bağlı tərəfindən aylıq qismən ödənişlərlə icra edilir. Lakin həbsdə saxlanıldığı xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri intervalında həmin icra sənədi üzrə 6480 (altı min dörd yüz səksən) manat borc məbləği hesablanmışdır ki, hazırda ailə və maddi vəziyyəti nəzərə alındıqda bu borcun ödənilməsi imkanları xaricindədir. Aşağıda göstərilən əsaslarla hesab etmişdir ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(057)-2249/2017 saylı icra sənədi üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixləri intervalında hesablanmış 6480 (altı min dörd yüz səksən) manat borc məbləği üzrlü səbəblərdən yarandığı üçün silinməlidir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Həmçinin bildirdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin vaxtadək ödəməli olduğu aliment məbləğini mütəmadi şəkildə ödəmişdir. Cəza çəkdiyi müddətdə 6480 manat aliment borcu hesablanmışdır. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə orada işlə təmin olunmaqla bağlı müraciət etmiş, lakin iş yerinin məhdud olması səbəb göstərilərək, onun işləməsinə şərait yaradılmamışdır. Hazırda müvafiq orqanlara işlə təmin olunması ilə bağlı müraciətlər edir, lakin hələki bir nəticə əldə olunmamışdır. Qeyd olunan aliment borcu birgə nikahdan doğulmuş 3 uşağa münasibətdə hesablanmışdır və hazırda uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmənin 25 iyun 2025-ci il tarixində keçirilən iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsasını təşkil edən borc aliment məbləği iddiaçının törətdiyi cinayət əməlinə görə barəsində çıxarılmış hökmə əsasən cəza çəkdiyi müddətdə yaranmışdır. Hazırda iddiaçının aliment borcu daha yüksək məbləğ təşkil edir və bugünə qədər hesablanmış aliment borcunun hamısının iddiaçı tərəfindən ödənilməsini tələb edir. Qeyd olunan bu halın məhkəmə tərəfindən üzrsüz səbəb kimi qiymətləndirilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2(099)- 354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, İddiaçı cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 11 yanvar 2022-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş «həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması, İş üzrə maddi sübut olan və Neftçala rayon polis şöbəsində saxlanılan ümumilikdə yaş halda qalıq çəkisi 74.8 qram olan 18 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, sübut növü kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-105/2024 nömrəli qərarından görünür ki, Məhkum İddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-354/2022 saylı hökmü ilə təyin edilmiş, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Cəzanın çəkilməmiş hissəsi ərzində İddiaçı davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılsın.İddiaçı üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum İddiaçı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın dərhal icrası təmin edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli, 63194848-acde-4265-8fcd-cc09f332d0f7 nömrəli məlumatdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixə olan məlumatla Şirvan –X5 filialında işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Neftçala rayonu İcra hakimiyyəti başçısının Bankə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Salyan Rayon Məhkəməsinə təqdim edilmək üçün verilmiş 348 nömərli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Məmmədov X2 rayonu, Bankə qəsəbəsində yaşayır, vətəndaşın pay torpağı, ev təsərrüfatında mal-qarası yoxdur və hal-hazırda heç bir yerdə işləmir. İş materiallarında olan məhkəmə qərarlarına əsasən müəyyən edilir ki, iddiaçı Məmmədov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 11 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İddiaçının hazırki iddia tələbində hesablanmış aliment borcu məhz onun tutularaq məhkum edildiyi və cəzadan vaxtından əvvəl azad edildiyi dövrləri, yəni xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixləri arasında olan dövrü əhatə edir. İddiaçının məhkum olduğu dövrdə Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunan 3 (üç) azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan tutulması qərara alınan hər uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat məbləğində aliment öhdəliyini yerinə yetirməmiş və bununla da onun hazırki iş üzrə cavabdeh olan Cavabdeh ümumilikdə 6480 (altı min dörd yüz səksən) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti olan aliment ödənişi, yığılmış aliment borcunun yaranma əsası qismində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi çıxış edir və həmin qətnamə hal-hazırda da icra mərhələsindədir. Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarlarının icrası təmin edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında yaranmış öhdəlik digər məhkəmə (hazırda Salyan Rayon Məhkəməsi) tərəfindən əvəzləşdirilə və ya silinə bilməz. İddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmədən xahiş etdiyi əsas onun tərəfindən törədilmiş cinayət əməli nəticəsində məhkumluq həyatı yaşaması və bu səbəbdən məhkum olduğu dövrdə qanuni qüvvəyə minmiş qətnaməsi ilə ödəməli olduğu 270 manat aliment ödənişini yerinə yetirə bilməməsi üzrlü səbəb kimi nəzərə alınması və silinməsidir. Məhkəmə iddiaçının bu arqumenti ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinin tələblərindən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, Məcəllənin qeyd olunan normasının dispozisiyası 2 (iki) bir-birilə əlaqəli olan hissədən ibarətdir. Belə ki, normanın dispozisiyasında ilkin şərt : Aliment ödəməli olan şəxsin borcunun xəstəliyə və digər üzrlü səbəblərə əmələ gəlməsi hallarıdır. İkinci şərt : Ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyinin müəyyən edilməsi hallarıdır. Bu şərtlə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə şəxsin aliment borcunun yaranmasının əsası yalnızca üzrlü hesab oluna bilən hallarla bağlı dairə müəyyən olunmuşdur ki, hazırki iddia tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulan əməli törətməsi nəticəsində məhkum oluması üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Qeyd olunan cinayət əməli şəxsin qəsdi ilə, yəni, qəsd (lat. dolus) – şəxsin öz hərəkətinin (və ya hərəkətsizliyinin) ictimai təhlükəli xarakterini dərk etməsi, nəticələrini qabaqcadan görməsi və onları istəməsi və ya bu nəticilərin baş verməsinə şüurlu surətdə yol verməsi ilə bağlı şəxsin əməli olan müanasibətini və ya cinayət əməlinin subyektiv cəhəti ilə bağlı tərkib elementini təşkil edir. Hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı qeyd olunan cinayət əməlini törədərkən onun nəticələrinidə görərək, bunu arzulamışdır və nəticədə onun barəsində hökmün çıxarılaraq, o, məhkum olunmuşdur. Qeyd olunan əməli törətdiyi zaman onun hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh ilə birgə nikahlarından doğulmuş 3 (üç) azyaşlı uşaqları var idi. Tərəflərin nikahları pozulduqdan sonra 3 azyaşlı uşağın ananın himayəsinə verilməsi və ata (valideyn) olaraq qətnamə ilə müəyyən olunmuş aliment məbləğini ödəməklə Ailə Məcəlləsindən irəli gələn uşaqları saxlamaq vəzifəsi ilə mükəlləf olduğundan məlumatlı idi. Bu halların geniş təsviri iddiaçının iddia ərizəsində göstərdiyi illər intervalında onun tərəfindən icra olunmayan və yaranmış aliment borcunun üzrsüz olmasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinin dispozosiyasında qeyd olunan ikinci şərtlə bağlı bildirir ki, bir-birilə bağlı olan şərtlərdən ilkin şərt üzrə iddiaçının arqumentinin üzrlü hesab edilməməsi özlüyündə ikinci şərtlə bağlı araşdırmanın zəruriliyini aradan qaldırır. Şəxsin qanunazidd hərəkətləri nəticəsində yaranmış aliment borcunun onun ailə və ya maddi vəziyyətinin pis olması ilə aradan qaldırılması alimentin məqsədi və təyinatı ilə qətiyyən uzlaşmır.Məhkəmə bu hissədə araşdırmanın aparılmasına ehtiyac olmaması qənaətinə gəlir. Bundan əlavə, məhkəmə iddiaçıya izah edir ki, subyektlər arasındakı hüquq münasibətlərini və ya hüquqi aktları eyniləşdirmək olmaz. Hər bir hüquq münasibəti və hüquqi aktın şərtləri, əsasları və s. hüquqi xüsusiyyətləri tamamilə fərqlidir. Bundan əlavə, aliment ər və ya arvad üçün deyil, məhz uşaqların saxlanılması üçün müəyyən edilən pul vəsaitidir (hazırki mülki iş üzrə). Odur ki, uşaqların saxlanılması üçün nəzərdə tutulmuş vəsait valideynlərin şəxsi mübahisələri və ya qanunazidd hərəkətləri ilə əlaqələndirilə bilməz. Alimentin ən əsas məqsədi uşağın normal inkişafı, tərbiyəsi və təhsil alması üçün maddi təminat yaratmaqdır. Alimentin digər məqsədi sosial zəif vəziyyətdə olan şəxsləri (uşaqları) himayə etməkdir ki, bu da özlüyündə ailə üzvləri arasında qarşılıqlı həmrəylik prinsipinin hüquqi ifadəsi kimi qiymətləndirilməlidir. Hazırda isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuş şərtlər mülki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan (prosessual və ya maddi) sui-istifadə edilməsi yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-1863/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1863/2025
11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver