Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2608/2025 29.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavadeh Cavabdeh 23000 (iyirmi üç min) manat əsas borc, icranı gecikdirməyə görə əldən çıxmış fayda kimi 3450 (üç min dörd yüz əlli) manat faiz borcu olmaqla cəmi 26450 (iyirmialtı min dörd yüz əlli) manat və ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu şəxs 2024-cü ilin mart ayında DİN-nin 102 xidmətinə və Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət edərək 2 il əvvəl tanışı Cavabdeh saxlaması üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 23000 manat pul verdiyini və həmin pulu geri ala bilmədiyini bildirmişdir. Aparılmış araşdırmalardan sonra Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edərək, məsələnin mülki xarakterli olmasını və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh 2020-ci ilin noyabr ayında facebook sosial şəbəkəsi vasitəsilə tanımışdır. Belə ki, əri 2020-ci ilin fevral ayında koronavirusdan vəfat etdikdən sonra 4 qız övladı və qaynanası ilə birgə yaşamışdır. Bu vaxt 44 günklük Vətən müharibəsi getdiyi üçün sosial şəbəkələrdən daha çox istifadə etmişdir. Aqşinlə sosial şəbəkə üzərindən olan tanışlığı sonradan dostluğa çevrilmiş və dəfələrlə müxtəlif məkanlarda onunla oturaraq çay içmişdir. Bundan sonra onunla ünsiyyəti daha da sıx olmuşdur. Ərindən ona miras olaraq iki ədəd BMW markalı avtomobil və VTB bankda 6700 manat pul qalmışdır. Bundan başqa anası ona ev almaq üçün yardım kimi 5500 manat vermişdir. Həmin avtmobillər işlək vəziyyətdə deyilmiş. Onları təmir edərək satılmasına Aqşin köməklik etmişdir. Həmin avtomobillərin hər birini 6000 manata satmışdır. Bu vaxt Aqşin onda olan pulların özünün işlədiyi şirkətdə olan sefydə daha etibarlı şəkildə saxlancda olacağına onu inandırmış və hətta ərindən miras qalan Bankdakı 5500 manat pulu, avtomobillərin satışından əldə etdiyi 12000 manat pulu, anasının ona yardım məqsədilə verdiyi 5500 manat pulu ayrı-ayrı vaxtlarda ona saxlanc üçün vermişdir. Sonradan təxminən 2022-ci ilin yay aylarında ondan pulu tələb etdikdə ona məxsus pulu şəxsi məqsədləri üçün xərclədiyini və tez bir zamanda qaytaracağını bildirmişdir. Uzun müddət pulunu ondan ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət etməli olmuşdur. Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində vermiş olduğu izahatında Cavabdeh borcunu etiraf etmişdir. Bundan sonra da, dəfələrlə Cavabdeh ilə əlaqə saxlamağa çalışmış ki, pulunu qaytarsın. Hətta onun ailəsi ilə də borcun qaytarılmasına köməklik üçün əlaqə saxlamışdır. Lakin o vaxtdan hələ də, Cavabdeh borcunu qaytarmamışdır. Dəfələrlə onunla əlaqə saxlamış və borcunu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Borcunu etiraf edən video görüntüləri, səs yazıları, vatsap yazışmalardan çıxarışlar və Polisin qərarında olan etirafedici izahatı vardır. Cavabdeh ondan 23000 (iyirmi üç min) manat pul almışdır. Aldığı puldan keçən müddət ərzində heç nə qaytarmamışdır. Hal-hazırda cavabdehin ona 23000 (iyirmi üç min) manat məbləğində borcu qalmışdır. Cavabdehdən borcunu digər qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün MM-in 445.7-ci maddəsinə əsasən 23000 (iyirmi üç min) manat borca görə illik beş faiz miqdarında, fəldən çıxmış fayda ödəməyə borcludur. Odur ki, cavadeh Cavabdeh 23000 (iyirmi üç min) manat əsas borc, icranı gecikdirməyə görə əldən çıxmış fayda kimi 3450 (üç min dörd yüz əlli) manat faiz borcu olmaqla cəmi 26450 (iyirmialtı min dörd yüz əlli) manat və ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən, işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis kapitanı Sənan Qurbanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı Nəsimi RPİ-yə daxil olmuş müraciəti ilə tanış olmuşdur. 2020-ci ilin noyabr ayında Facebook sosial şəbəkəsində İddiaçı ilə tanış olmuşdur. Həmin vaxtdan sonra aralarında dostluq münasibətləri yaranmış, dəfələrlə səmimi dost kimi görüşüb söhbətləşərək çay içmişlər. Hər zaman görüşəndə Aynur ailə daxili problemlərini onunla bölüşmüşdür. Həmçinin, Aynur ona həyat yoldaşı Ruslanın da rəhmətə getdiyini və yaşadığı mənzildə 4 övladı ilə qaynanasının da yaşadığını bildirmişdir. İddiaçı görüşlərin birində ona qaynanasından ayrılıb bir otaqlı başqa mənzil alaraq övladları ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. Həmçinin, bununla bağlı qaynanası ilə də razılaşdığını da qeyd etmişdir. Həmçinin, Aynur ona başqa mənzil almaq üçün yavaş-yavaş pul yığdığını və həmin pul vəsaitlərini etibarlı yerdə saxlamaq istədiyini də bildirərək, ona etibar etdiyindən saxlamaq üçün ona vermək istədiyini qeyd etmişdir. O da Aynurla razılaşmış və bildirmiş ki, ən etibarlı yer onun işlədiyi Tibb.az MMC-in ofisində olan dəmir seyfdir. Beləliklə İddiaçı, anasının verdiyi 5500 azn, sonra bacısına məxsus kart hesabından özünə aid olan 6500 azn pul vəsaitini nəğd şəkildə Əcəmi metrosunun yaxınlığında olan bank terminalından çıxararaq ona vermişdir. Bundan sonra Aynur 2022ci ilin mart ayında Nərimanov rayon ərazisində yerləşən VTB bankda, mərhum həyat yoldaşının adına olan hesabdan 6000 azn pul vəsaitini çıxardıb elə bankın qarşısında saxlamaq üçün ona vermişdir. Bir müddət sonra isə ona təmir etdirdiyi BMV markalı avtomobili özü sataraq 6000 azn pul vəsaitini Abşeron rayonu Xırdalan şəhərində kafedə ona vermişdir. Ümumilikdə İddiaçı saxlamaq üçün ona 23.000 (iyirmi üç min) azn pul vəsaiti vermişdir. Həmin 23000 manatı şəxsi problemləri üçün xərcləmişdir. Lakin Aynura bu barədə məlumat verməmişdir. Sonra Aynur pulunu geri istədikdə o pulu xərclədiyini və qısa müddətdə qaytaracağına söz vermişdir. Lakin hal-hazırda işsiz olduğu üçün pulu tam şəkildə Aynura qaytara bilmir. Yaxın zamanda qaytaracağına söz verir. İş materialların əlavə olunmuş iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fləşkartda qeyd olunan səs danışıqlarından və yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan aldığı borcu etiraf etmiş və qaytaracağını bildirmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı 2021-2022-ci illərdə tanışı Cavabdeh saxlaması üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 23000 manat pul vermiş və həmin pulu geri ala bilməmişdir. İddiaçı bu barədə Nəsimi rayon Polis şöbəsinə müraciət etmiş və idarənin İstintaq şöbəsinin baş müstəntiqi polis kapitanı X1 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh Nəsimi rayon Polis şöbəsində vermiş olduğu izahatında iddiaçıya 23000 (iyirmi üç min) manat borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, müqavilənin predmet məbləği üç min manatdan çox olduğu üçün borc müqaviləsi tərəflər arasında yazılı şəkildə bağlanmalı idi. Hazırki halda yazılı şəkildə tərtib edilməyən borc müqaviləsi (xüsusilə yüksək məbləğlərdə) hüquqi cəhətdən etibarsız hesab edilir. Yazılı müqavilə olmadıqda borc münasibətləri sübut olunmadığı üçün müqavilə öz hüquqi əsasını itirir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, etibarsız müqavilə əsasında bir tərəfin digər tərəfdən aldığı məbləğ əsassız varlanma olaraq qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə ilk olaraq qeyd edir ki, Cavabdeh 2024-cü ildə polis şöbəsində verdiyi izahatında iddiaçıdan borca pul aldığını etiraf etmiş və qısa müddətdə qaytaracağını bildirmişdir. Həmçinin, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə məlumat göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh yazılı müqavilə olmadığı üçün, borcun hüquqi əsası sübut edilə bilmədiyi üçün əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi “əldən çıxmış fayda” hissəsində də əsaslıdır, çünki cavabdeh tərəfindən alınmış 23.000 manat məbləğində pul vəsaiti uzun müddət geri qaytarılmamış, bununla da iddiaçının həmin vəsaiti istifadə etməklə gəlir əldə etmək imkanı əldən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449.1-ci maddələrinə əsasən, borclu pul öhdəliyini vaxtında icra etmədikdə kreditor gecikmə müddətinə görə faiz tələb etmək hüququna malikdir. Belə şəraitdə cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçı maddi faydasından məhrum olmuş, bu isə hüquqi mənada “əldən çıxmış fayda” kimi qiymətləndirilməli və cavabdehdən əldən çıxmış fayda kimi 3450 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 170.00 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23000 (iyirmi üç min) manat, icranı gecikdirməyə görə əldən çıxmış fayda kimi 3450 (üç min dörd yüz əlli) manat pul məbləği olmaqla, cəmi 26450 (iyirmi altı min dörd yüz əlli) manat və ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 23000 (iyirmi üç min) manat, icranı gecikdirməyə görə əldən çıxmış fayda kimi 3450 (üç min dörd yüz əlli) manat pul məbləği olmaqla, cəmi 26450 (iyirmi altı min dörd yüz əlli) manat və ödənilmiş 170 (bir yüz yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-2608/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2608/2025
29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver