Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2790/2025 27.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər bir uşaq üçün 300 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nigahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı ildən X5 adlı uşaqları doğulmuşdur. Evliliklərinin ilk illərində münasibətlərinin normal olmuş, lakin artıq 3-4 ildir ki, cavabdehlə münasibətlər nomal deyildir. Belə ki, yoldaşı Cavabdeh rəsmi 1500-1800 manat gəliri olmağına baxmayaraq (pis vərdişlərindən) ailəyə baxmır ailə xərclərini qarşılamır. Artıq 6 aydır ki, hər iki övladının xərclərini özü qarşılayır. İşləyir, lakin övladlarının xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh hazırda rəsmi olaraq Daxili Qoşunlarda MAXİ olaraq işləyir və aylıq gəliri 1500-1800 manat dəyərindədir. Odur ki, uşaqlar üçün yaşayış minimumundan az olmaqla uşaqların hər biri üçün sabit məbləğ tutulmasını istədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 300 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 25 fevral 2014-cü il tarixdə Salyan rayonu Kərimbəyli kənd İƏN-də rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının cavabdehlə birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Tərəflər rəsmi nikahda olsalar da, faktiki olaraq ayrılmışlar və birgə nikahından anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Cavabdehin uşağın saxlanılması üçün iddiaçıdan tutulmasını tələb etdiyi məbləğ 2025-ci ildə bir uşağın yaşayış minimumu kimi müəyyən edilmiş məbləğə (246 manat) uyğun olsa da, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəliri olması ilə bağlı hər hansı bir əsas gətirilməmiş, bu barədə sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Bundan başqa, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-2790/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2790/2025
27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver