Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-3554/2025 03.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-444/2025 saylı xx.xx.2025-ci il tarixli qəradadı ilə indeksasiya edilərək məndən hər ay tutulmalı olan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,620 misli həddində - 248 manat (400 x 0,620 = 248) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 154 manat sabit pul məbləğində alimentin X2 ödənilməsi qət edilmişdir Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 258563 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X4 arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-589/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017- ci il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması və s. qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 8(010)-444/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda usta işləyir, əmək haqqı 486 manat təşkil edir. Onun maddi vəziyyətində dəyişiklik baş verdiyindən məhkəmə qətnaməsi ilə, daha sonra indeksasiya barədə qərardad ilə müəyyən olunmuş məbləğdə alimenti ödəməkdə çətinlik çəkir. Hər ay 486 manat gəliri olduğu halda onun ayda minimum əmək haqqının 1.18 misli həddində sabit pul manat məbləğində aliment ödəmək öhdəliyi onu olduqca ağır maddi vəziyyətə salır və dolanışığını maddi baxımdan qeyri-mümkün edir. Bu səbəbdən də aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-444/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək hər ay tutulmalı olan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş 260 (iki yüz altmış) manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, ərizəni müdafiə etdiyini, məhkəmə iclasının onun iştriakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X5 iddiaya qarşı etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 444/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-589/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması və s. qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 nikahı ləğv edilmişdir. MŞS/MT-028/2025-0506A saylı, xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə iki hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.13 və 8.14-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əməkhaqqının miqdarı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin birgə nikahdan bir uşaqları var. Tərəflərin nikahı pozulmuş, uşaq cavabdehin himayəsində saxlanılmış, həmin uşaq üçün 154 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə 154 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq minimum əmək haqqının 1.18 misli həddində müəyyən edilmişdir. İddiaçı 486 manat əmək haqqı alır. İndeksasiya olunmuş məbləğ isə 472 manat məbləğ edir. Bu isə iddiaçının maddi vəziyyətini həddindən artıq ağırlaşdırır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı tutulan alimentin məbləği azaldılmalıdır. Belə ki, 2018-ci ildə iddiaçıdan uşaq üçün 154 manat alimentin tutulması qət edilmiş, 2025-ci il tarixə həmin məbləğ minimum əmək haqqına münasibətdə indeksasiya olunmuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələbindən irəli gələrək məhkəmə alimentin miqdarını indeksasiya edərkən alimentin məbləğini artıra və ya azalda bilməz. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, aliment məbləği tərəflərin maddi vəziyyətinə, iddiaçının əmək haqqının məbləğinə və uşaqlar üçün 2026-cı il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq azaldılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu halda alimentin miqdarı hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Bundan başqa, məhkəmə azaldılmış alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, azaldılmış alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmağa başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhhəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-444/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan və hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.65 misli həddində müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azaldılmış alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-3554/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-3554/2025
03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver