Məhkəmə qərarları › İş №e-2(058)-113/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-113/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-113/2024 25.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2356 manat pulun və ödənilmiş 43.96 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına da əlavə olunmuş sığorta aktına, ödəniş tapşırığına və qiymətləndirmə barədə hesabata uyğun olaraq “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 2356 manat sığorta ödənişi həyata keçirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli bilinmişdir. Belə ki, həm cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də, inzibati tənbeh tətbiqetmə barədə qərarda göstərilir ki, Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də, sözügedən şəxsə qarşı subroqasiya hüququ yaranmışdır və 2356 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmaldır. Tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki iş üzrə bütün məhkəmə baxış iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək bildirmişdir ki, onun təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, lakin dəymiş ziyanın həcmi iddia tələbində göstəriləndən az, yəni təqribən 500-600 manat həcmində olmuşdur. Ona görə də tələbin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyinə görə barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Şəmkir RPŞnə DYPB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM 332.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə olan arayışın surətindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi baş verən vaxt sürücü Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. 18 aprel 2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2356 manat həcmində qiymətləndirilmişdir. 14 dekabr 2022-ci il tarixli 117633 nəmrəli sığorta aktın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən X3 xx.xx.2022 tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 2356 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli Azər-Türk bankın 8150 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, X1 hesabına 2356 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən Cavabdeh “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə sığorta şirkəti tərəfindən ödənilmiş 2356 (iki min üç yüz əlli altı manat) manat sığorta ödənişinin əvəzi subroqasiya qaydasında tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024cü il tarixli, 9/1054 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Atəşgah Sığorta” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1987-ci il buraxılışlı “VAZ-21074 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1270 manat müəyyən edilmişdir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh “VAZ 2106” markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, həmin hadisə nəticəsində X4 idarə etdiyi VAZ 2107 markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən VAZ 2107 markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 2356 manat məbləğində sığota ödənişi ödənilmişdir. Məhkəmə qeyd edir ki, icbari sığorta ödənişi etmiş sığortaçının subroqasiya tələbi sığortalıya, sığorta olunana və ya təqsirkara yönələ biləcəyindən Cavabdeh qarşı belə tələb irəli sürülə və təmin edilə bilər. Buna görə də, iddiaçının sığorta hadisəsinin baş verməsində təqsiri olan Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh mülki məsuliyyəti yaranmışdır. Lakin cavabdehdən subroqasiya qaydasında tələb olunan pulun məbləğinə münasbətdə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində “Atəşgah Sığorta” tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda göstəriləndən fərqli olaraq sözügedən avtomobilə dəymiş zərərinin həcminin 1270 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddia tələbi qismən təmin edilərək, vurulmuş ziyana görə cavabdehdən 1270 manat tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 43.96 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq 32.70 manat hissəsinin əvəzi Cavabdeh tutularaq iddiaçının xeyrinə verilməli, 50 manat ekspertiza xərcinin əvəzi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1270 (min iki yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32.70 manat pul tutularaq “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlıq Agentliyi kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar