Məhkəmə qərarları › İş №e-2(059)-131/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-131/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-131/2024 08.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, alimentin, eləcə də uşağın doğumu və doğuşundan sonra çəkilmiş xərclərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, alimentin, eləcə də uşağın doğumu və doğuşundan sonra çəkilmiş xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 17 iyun 2022-ci il tarixdə, 2100 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, bu nikahdan doğulmuş 14 avqust 2023-cü il təvəllüdlü X6 onun himayəsinə verilməsi, sonuncunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, uşaq üç yaşına çatanadək əlavə olaraq 100 manat maddi yardımın və uşaq üçün doğuş zamanı, doğuşdan sonra çəkdiyi 2931 manat məbləğində xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 14 avqust 2023-cü il tarixdə David adlı övladı doğulmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuş, sonralar isə bir-birilərini başa düşməmişlər. Belə ki, o, hamilə olarkən dəfələrlə cavabdehin ailəsinin müdaxiləsi nəticəsində aralarında mübahisələri düşməyə başlamış, sonuncu dəfə işdən evə qayıdan vaxt evin qapısının bağlı olduğunu görmüş, bundan sonra evə girə bilməmişdir. Özünü bir növ qovulmuş kimi hiss etdiyindən atasının evinə qayıtmışdır. Oğlu David doğularkən belə cavabdeh xəstəxanaya gəlməmiş, nə uşaqla, nə də onunla maraqlanmamışdır. Artıq uzun müddət olar cavabdehlə ayrı yaşayırlar. Uşağı David azyaşlı olmaqla, ona özü baxır. Hesab edir ki, övladı onun himayəsinə verilməlidir. Bundan başqa, artıq ailələri formal xarakter daşıyır, boşanmaq fikri qətidir. Ailələrinin bərpası mümkün olmamaqla, qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcəkdir. Bundan başqa, cavabdeh ata kimi məsuliyyətini dərk etməli, doğuş zamanı və doğuşdan sonra övladına çəkilən maddi və mənəvi tələbatlarının ödənilməsində yaxından iştirak etməli, övladına hər ay qanunda nəzərdə tutulmuş alimenti və digər ödənişləri ödəməlidir. Belə ki, doğuş zamanı və doğuşdan sonra uşaq üçün çəkilən xərclərə dair qəbzləri vardır. Bu qəbzləri məhkəmə prosesləri zamanı məhkəməyə təqdim edəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, cavabdehlə 24 mart 2023-cü il tarixdən ayrı yaşayır. Belə ki, hamiləlik dövründə şiddət görmüş, habelə Cavabdeh onu yaşadıqları evdən qovmuş və o, atası evinə qayıtmışdır. Bundan sonra, 14 avqust 2023-cü il tarixdə David adlı övladı doğulsa da, Cavabdeh bu günədək övladı ilə maraqlanmamışdır. Hamiləlik dövründən, yəni 2023-cü ilin mart ayından 04 dekabr 2023cü il tarixədək olan dövr üçün cavabdehdən doğumdan öncə, habelə sonrakı vaxtlarda uşağa görə çəkilən xərcləri tələb edir. Bundan başqa, digər xərclər də mövcuddur ki, qəbzləri olmadığına görə sonuncudan tələb edə bilmir. Cavabdeh tələb olunan doğum xərcləri əsasən doğumdan öncə müayinələrə sərf edilən, habelə doğumdan sonra uşağın müayinəsinə, hətta keçirdiyi sarılıq xəstəliyinə görə çəkilən müalicə xərclərdir. Həmçinin, bura uşağın doğuşu zamanı xəstəxanaya, həkimə verilən və qidasına sərf olunan xərclər də daxildir. Bu xərclərin müəyyən hissəsi valideynləri tərəfindən qarşılansa da, qalan hissəsini qarşı tərəfdən tələb edir. Eyni zamanda, o, hazırda işləmir. Belə ki, uşaq doğulmazdan 2 ay öncədən analıq məzuniyyəti götürmüşdür. Beləliklə, hazırda işləmədiyi üçün uşağın 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən maddi yardım tələb edir. Cavabdeh 24 mart 2023-cü il tarixdən aprel ayına qədər olan xərcləri ödədiyini qeyd etsə də, bu hal olmamış, hətta hamiləlik dövrünün 6-cı ayında atasından uşağın tələf olmasını da tələb etmişdir. Belə ki, Cavabdeh məqsədi əlavə xərclərdən yayınmaq olmuşdur. Eyni zamanda, Cavabdeh birgə yaşadıqları dövrdə onu özəl xəstəxanalara aparmış, dövlət xəstəxanalarında müalicə almasını istəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdehdən müvəqqəti təminat tədbiri qaydasında tutulan aliment hazırda ödənilir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, nikahın pozulmasına və nikah pozulduqdan sonra övladı Davidin anası cavabdeh İddiaçı yanında qalmasına, habelə uşağın saxlanılması üçün sonuncunun xeyrinə əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulmasına etiraz etməsə də, iddia tələbi ilə qalan hissələrdə razı deyil. Belə ki, “uşaq üçün üç yaşına çatanadək əlavə olaraq 100 manat maddi yardımın və doğuş zamanı, doğuşdan sonra 2931 manat məbləğində uşaq üçün çəkilən xərclərin ondan tutularaq iddiaçıya verilməsinə dair” tələbin faktiki halları mötəbər faktlarla əsaslandırılmır, habelə tələb bu hissələrdə hər hansı sübut vasitəsi ilə təsdiq olunmur, yəni iddiaçı tələbi bu hissədə yalnız özünün heç bir mötəbər sübuta əsaslanmayan mülahizələri əsasında irəli sürmüşdür. Bundan başqa, iddiaçı hamiləlik dövründə 2023-cü ilin aprel ayınadək onların himayəsində olmuş, iddiaçının zəruri xərcləri onun və valideynlərinin hesabına qarşılanmışdır. Eyni zamanda, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tibbi sığortanın subyektləri, yəni sığorta olunanlar, sığortalılar, habelə hazırkı iş üzrə iddiaçı üçün icbari sığortaya daxil olan Xidmətlər Zərfində, hamiləliklə təminata alınan tibbi xidmətlər çərçivəsində doğuş və habelə qeysəriyyə kəsiyi əməliyyatı ödənişsiz həyata keçirilir. Bundan başqa, bu xidmətlərə hamilə qadınlara doğuşaqədər ambulator mama-ginekoloji yardım və dispanser nəzarəti, doğuş və qeysəriyyə əməliyyatı, stasionar yatış zamanı qidalanma və digər xərclər, zahılıq dövründə müayinə və müalicə, stasionar şəraitdə laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri, yeni doğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi kimi xidmətlər daxildir. Beləliklə, doğuş, o cümlədən qeysəriyyə əməliyyatı ilə doğuş da xidmətlər zərfinə daxildir, habelə, doğuşdan və ya qeysəriyyə əməliyyatından sonra anaya, uşağa hər hansı xidmətin göstərilməsi də nəzərə alınmışdır. Bununla yanaşı, sözügedən xidmətlərə xəstənin stasionarda qalması, tibbi sərflər, dərman təminatı, qida xərcləri də daxil edilmişdir. Beləliklə, iddiaçı tərəfindən tələb edilən xərclər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Həmçinin o “ Socar” əməkdaşı olmaqla, Premium sığorta xidmətindən yararlandığına görə onun övladı da bu xidmətdən yararlana bilərdi. Hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 2931 manat pul sonuncunun ondan əsassız mənimsədiyi “İphone 14” markalı mobil telefonun 2949 manat dəyəri ilə təxminən eynidir. Beləliklə, iddia tələbi “uşaq üç yaşına çatanadək əlavə olaraq 100 manat maddi yardımın tutulması” hissəsində də əsassızdır. Belə ki, iddiaçı özü təsdiq etdiyinə görə, Bakı şəhərində “ART” psixologiya mərkəzində və Siyəzən rayon Məşrif kənd tam orta məktəbində müəllim işləyərək, aylıq 400 manat məbləğində əmək haqqı, həmçinin qismən sosial ödənişli məzuniyyət hüququndan istifadə edərək 44 manat həcmində pul alır. Bundan başqa, onların birgə yaşadıqları dövrdə faktiki ər-arvad münasibətləri də uzun çəkməmiş, belə ki, iddiaçı dəfələrlə küsüb ata evinə qayıtmış, həmin vaxtlar hamilə olmamış, sonuncu dəfə gedərkən isə artıq övladı olacağı üçün gələcəkdə ona qarşı iddia tələbləri irəli sürə biləcəyindən əmin olduğu üçün bir daha qayıtmamışdır. Habelə, işə obyektiv həqiqət baxımından yanaşdıqda, aralarında ər-arvad münasibətləri, o cümlədən faktiki nikahda olma müddəti çox az olduğundan Ailə Məcəlləsinin 84-cü maddəsinin tərkibini yaratmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarından, habelə mülki – ailə qanunvericiliyinə görə nikah, ər-arvad münasibətləri az çəkdiyi hallarda ərin arvada və ya əksinə qanunun yol verdiyi bəzi imtiyazlar məhdudlaşdırılır. Bu baxımından, iddiaçının evində xanımlıq və ərinə arvadlıq etməməsi, habelə bir il ərzində boşanmamaq hüququ olduğu halda, tez-tələsik ər-arvad münasibətlərini birdəfəlik kəsməsi kimi hərəkətləri onu deməyə əsas verir ki, iddiaçının uşağı saxlamaq üçün onun qazancının ¼ hissəsindən əlavə 100 manat maddi yardım tələb etməsi əsassızdır. Əmlak tələbi ilə bağlı digər məhkəmə prosesində iddiaçı, 24 mart 2023-cü il tarixdə səhər radələrində aralarındakı söz-söhbətdən sonra işə getdiyini və bir daha birgə yaşadıqları evə qayıtmadığını bildirsə də, hazırkı iclasda guya işdən çıxdıqdan sonra axşam evə qayıdarkən qapının bağlı olmasını qeyd etmişdir ki, bu da iddiaçının yalan danışmasını bir daha təsdiq edir. Odur ki, iddia tələbinin qismən, yəni nikahın pozulması və alimentin tutulması hissəində təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, nikahın pozulmasına və tələb olunan məbləğdə alimenti ödəməyə razı olsalar da, ödənilməsi istənilən digər və əlavə xərclər ilə razılaşmırlar. Eyni zamanda, qarşı tərəf 2023-cü ilin aprel ayında faktiki işləməsə də, məvacib almışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 058726 nömrəli nikah haqqında şəhadətnamənin təkrarından görünür ki, Cavabdeh ilə X3 17 iyun 2022-ci il tarixdə 2100 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Nəsibova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 30 avqust 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 879471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X8 14 avqust 2023-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh “Azneft” İstehsalat Birliyində operator işləməklə, aylıq 1120,27 manat əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində psixoloq işləməklə, aylıq 432 manat əmək haqqı alır. İşdə olan Cavabdeh 06 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o, nikahın pozulmasına və oğlu Davidin anasının yanında qalmasına razı olmaqla, yanaşı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasına etiraz etmədiyini göstərmiş, həmçinin iddianı qalan hissələrdə qəbul etmədiyini qeyd etmişdir. İşdə olan qəbzlərdən görünür ki, İddiaçı, oğlu 14 avqust 2023-cü il təvəllüdlü David Nəsibovun doğuşu ərəfəsində və doğuşundan sonra, yəni 25 may 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək olan dövr ərzində tibb xidmətlərinin göstərilməsi (doğuş, müayinə və müalicə), dərman və digər zəruri əşyaların (uşaq qidasının, bezlərin) alınması üçün ümumilikdə 2798,33 (25 may 2023-cü il tarixdən ilk dəfə müvəqqəti təminat tədbiri kimi alimentin tutulduğu 19 oktyabr 2023-cü il tarixə kimi 2519,05 manat, sonuncu tarixdən 18 noyabr 2023-cü il tarixə kimi 172 manat, 28 noyabr 2023-cü il tarixdə 17,93 manat, 04 dekabr 2023-cü il tarixdə 8,80 manat, ikinci dəfə müvəqqəti təminat tədbiri kimi alimentin tutulduğu 07 dekabr 2023-cü il tarixdən 07 yanvar 2024-cü il tarixə kimi 80,55 manat) manat xərc çəkmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı nikahın pozulmasına dair ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 50 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Bu Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə razılıq ərizəsi verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. İşdən görünür ki, nikahın pozulması tələbinə dair hazırkı iddia ərizəsi 19 yanvar 2024-cü il tarixdə, nikahın pozulması ilə bağlı razılıq ərizəsi isə 06 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixlərdən 1 (bir) aydan artıq müddət keçmişdir. Həmçinin, məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmçinin, Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Eyni zamanda, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Adı çəkilən Məcəllənin 100.2-ci maddəsinə görə isə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci və 8.3-cü bəndlərinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, 14 avqust 2023-cü il təvəllüdlü X1 üçün iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, e-16(059)-8/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın onun himayəsinə verilməsi, alimentin və digər xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(059)- 131/2024 saylı mülki işdə məhkəmə qətnaməsi çıxarılanadək, 14 avqust 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh ərizəçi İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması və alimentin tutulmasının əvvəlinin 27 mart 2024-cü il tarixdən hesablanması, qərardadın icrasının Siyəzən rayon icra və probasiya şöbəsinə tapşırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin "uşağın 3 yaşına çatana qədər hər ay iddiaçının xeyrinə cavabdehdən alimentin tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ailə qanunvericiliyi bu cür alimentin tutulmasını zəruri vəsaitə malik olan cavabdehin ailə və maddi vəziyyəti, eləcə də, tərəflərin digər diqqətəlayiq olan maraqları ilə şərtləndirmişdir. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Cavabdeh aylıq aldığı 1120,27 manat əmək haqqı məbləği, onun eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti, həmçinin, İddiaçı aylıq 432 manat qazanca malik olması, eyni zamanda cavabdehin aylıq qazancının dörddə bir hissəsinin 280 manat təşkil etməsi, o cümlədən bunun Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumu kimi müəyyən edilmiş 235 manat məbləğdən 45 manat artıq olması nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən cavabdehin aylıq qazancının dörddə bir hissəsi miqdarı iddiaçının himayəsində olan bir uşağın saxlanması üçün kifayət qədər məqbul və ağlabatan məbləğ hesab edilməklə, əlavə məbləğin tutulması məqsədəmüvafiq hesab edilməməlidir. Hətta, İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olsa belə, onun bu məqsədlə aldığı müavinət cavabdehin aylıq qazancının dörddə bir hissəsinin üzərinə gəlinərsə, toplam məbləğin miqdarının azyaşlı Davidin saxlanması üçün kifayət etməsinə deməyə əsas verir. Eyni zamanda, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosialədalət prinsipi əsas götürülməlidir. Bu mənada, İddiaçı, oğlu 14 avqust 2023-cü il təvəllüdlü David Nəsibovun doğuşu ərəfəsində və doğuşundan sonra, yəni 25 may 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək olan dövr ərzində tibb xidmətlərinin göstərilməsi (doğuş, müayinə və müalicə), dərman və digər zəruri əşyaların (uşaq qidasının, bezlərin) alınması üçün ümumilikdə 2798,33 (25 may 2023-cü il tarixdən ilk dəfə müvəqqəti təminat tədbiri kimi alimentin tutulduğu 19 oktyabr 2023-cü il tarixə kimi 2519,05 manat, sonuncu tarixdən 18 noyabr 2023-cü il tarixə kimi 172 manat, 28 noyabr 2023-cü il tarixdə 17,93 manat, 04 dekabr 2023-cü il tarixdə 8,80 manat, ikinci dəfə müvəqqəti təminat tədbiri kimi alimentin tutulduğu 07 dekabr 2023-cü il tarixdən 07 yanvar 2024-cü il tarixə kimi 80,55 manat) manat xərc çəkməsini əks etdirən qəbzləri təqdim etməsinə baxmayaraq, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır (Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İ hissəsi). Tibb xidmətləri isə tibb müəssisələri (dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxslər) tərəfindən həyata keçirilir (Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.16-cı maddəsi). Xidmətlər Zərfi adlanan icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusuna ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi xidmət, ixtisaslaşdırılmış ambulator tibbi xidmət, fizioterapiya xidməti, laboratoriya xidməti, invaziv radioloji xidmətlər, cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər daxildir. İcbari tibbi sığortaya daxil olan Xidmətlər Zərfində hamiləliklə təminata alınan tibbi xidmətlər çərçivəsində doğuş və habelə keysəriyyə kəsiyi əməliyyatı ödənişsiz həyata keçirilir. Bu zaman əməliyyat önü müayinə və həkim konsultasiyası, yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, həmçinin ambulator tibbi xidmətin göstərilməsi zamanı istifadə edilən dərman və istifadə edilən tibbi sərf xidmətin (eyni ilə uşaqlar üçün) tarifinə daxildir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”). Yəni, hər kəs TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Göründüyü kimi İddiaçı, oğlu David 14 avqust 2023-cü il tarixdə doğulana kimi dövlətin ona təqdim etdiyi imkanlardan ödənişsiz yararlana biləcəyi halda, o, könüllü olaraq bundan imtina etməklə, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstərən müvafiq müqavilə bağlanmış tibb müəssisəsinə deyil, digər tibb müəssisələrinə müraciət etmişdir. Bu isə artıq iddiaçının maddi yardıma ehtiyacının olmamasının göstəricisidir. Çünki, İddiaçı dövlətin təqdim etdiyi ödənişsiz xidmət zərfindən imtina edərək, könüllü olaraq öz vəsaiti hesabına 25 may 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixə kimi tibbi xidmətlərin göstərilməsinə, dərmana və tibbi sərfə ümumilikdə 2366,06 manat sərf etməsi onun maddi cəhətdən yardıma ehtiyacının olmamasına, həmçinin buna hər hansı bir zərurət olmadığı halda, gələcəkdə Cavabdeh əlavə vəsait almaq və sonuncunu məhrumiyyətlərə məruz qoymaq niyyətinin yaranmasına dəlalət edir. Bu halda isə sözügedən məbləğin Cavabdeh İddiaçı xeyrinə tutulması istisna edilir. Digər tərəfdən, 19 oktyabr 2023-cü il tarixdən 07 yanvar 2024-cü il tarixə kimi olan dövrdə övladı Davidin saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Siyəzən Rayon Məhkəməsinin 19 oktyabr və 07 dekabr 2023-cü il tarixli qərardadları ilə sabit pul məbləğində alimentin müəyyən edilməsi iddiaçının tibbi xidmətlərin göstərilməsinə, dərmana, tibbi sərfə, digər zəruri xərclərə (uşağın qidalanmasına, sanitar-gigiyenik vasitələrlə təminatına) çəkdiyi cəmi 279,28 manat vəsaitin qarşılanmasına səbəb olsa da, uşağın doğumundan sonrakı dövrdə, yəni 17, 24, 31 avqust, 06, 13 və 30 sentyabr 2023cü il tarixlərdə uşağın qidalanmasına, sanitar-gigiyenik vasitələrlə təminatına görə İddiaçı cəmi 152,99 manat xərc çəkməsi Cavabdeh da bir valideyn kimi bu xərcin qarşılanmasında məcburi iştirakçıya çevirmişdir. Bu mənada, ümumi nikahından doğulmuş uşağın saxlaması atanın və ananın eyni dərəcədə öhdəliyi olduğundan, həmçinin hər iki valideynin üzərinə uşağa görə məsuliyyət eyni dərəcədə düşdüyündən 14 avqust 2023-cü il təvəllüdlü Davidin saxlanılması üçün çəkilmiş 152,99 manat xərcin yarısının, yəni 76,50 manat pulun İddiaçı xeyrinə ödənilməsi Cavabdeh valideynlik borcudur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 17 iyun 2022-ci il tarixdə, 2100 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, onların birgə nikahından doğulmuş 14 avqust 2023-cü il təvəllüdlü David Nəsibov anası, İddiaçı himayəsində və yanında saxlanılmalı, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 08 aprel 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmalı və bu məhkəmənin 27 mart 2024-cü il tarixli, e-16(059)- 8/2024 saylı qərardadı ilə tutulan aliment dayandırılmalı, qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilməlidir. Eyni zamanda, məhkəmə alimentin tutulma vaxtına münasibətdə qeyd edir ki, 14 avqust 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə Siyəzən Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, e-16(059)- 1/2024 saylı və 27 mart 2024-cü il tarixli, e-16(059)-8/2024 saylı qərardadları ilə hər ay sabit pul məbləğində alimentin tutulması, beləliklə həmin dövrlərdə uşağının saxlanmasının təmin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 17 iyun 2022-ci il tarixdə, 2100 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş 14 avqust 2023-cü il təvəllüdlü X8 anası, İddiaçı himayəsində və yanında saxlanılsın. 14 avqust 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 08 aprel 2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulsun və bu məhkəmənin 27 mart 2024-cü il tarixli, e-16(059)-8/2024 saylı qərardadı ilə tutulan aliment dayandırılsın. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icraya yönəldilsin. 14 avqust 2023-cü il təvəllüdlü X1 üçün çəkilmiş 152,99 manat xərcin yarısı, yəni 76,50 (yetmiş altı manat 50 qəpik) manat pul Cavabdeh İddiaçı xeyrinə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 110 (bir yüz on) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar