Məhkəmə qərarları › İş №e-2(059)-226/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-226/2021

19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-226/2021 19.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunduğu vaxtdan hesablanmaqla, xx xxxx 2020-ci il təvəllüdlü X1 üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay üçün həmin vaxt qanunvericiliklə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğində alimentin, eləcə də uşağın 3 (üç) yaşına çatanadək onun saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, tərəflər xx xxxxxxxx 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il tarixdə Nəfəs adlı övladları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmışdır. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh iddiaçını Siyəzən rayonu, Sədan kəndində yaşayan valideynlərinin yanına gətirərək bir neçə gün qalmaq adı ilə orada qoymuş, elə həmin vaxtdan da sonuncu atası evində doğulmuş övladı Nəfəslə birgə valideynlərinin yanında yaşamağa başlamışdır. Tərəflər arasındakı nikah pozulmasa da, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə xx xxxx 2020-ci il təvəllüdlü qızları Nəfəsin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşağın saxlanılması üçün məhkəmənin müəyyən etdiyi həmin məbləğ sonuncunun aylıq xərclərinin ödənilməsini təmin etmir. Belə ki, Nəfəsin azyaşlı olması, bu yaşda ana qayğısına, diqqətinə daha çox ehtiyac olması səbəbindən iddiaçı işləyə bilmir. Bu səbəbdən də, uşağın əlavə xərclərini, eləcə də öz xərclərini qarşılaya bilmir. Yaranmış bu vəziyyətdə hesab edir ki, həm uşağın saxlanılması üçün müəyyən edilən alimentin yaşayış minimumu məbləğinə çatdırılması, həm də Nəfəsin 3 (üç) yaşına çatanadək iddiaçının özünün saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi zəruridir. Cavabdeh 1 gün işdə, 3 gün isə evdə qalmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı işləyir. Aylıq 350 manat əmək haqqı az olan cavabdehin kifayət qədər boş vaxtının olması isə sonuncunun başqa işlərdə işləyərək, əlavə qazanc əldə etməsinə şərait yaradır. Hətta, iddiaçının qardaşı İsmayıl Muradzadə Cavabdeh usta yanında fəhlə işləyərkən görmüşdür ki, bu da cavabdehin əlavə qazanc əldə etməsinə dəlalət edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı hüquqlarını təmsil edən nümayəndəsi və vəkili Nümayəndə izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, tələb olunan alimenti ödəmək üçün onun zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübut iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, o, 1 gün işdə, 3 gün evdə qalmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləməklə, aylıq 299 manat əmək haqqı, 40-50 manat isə əlavə alır. Belə olan halda, onun arvadına qızı Nəfəsin 3 yaşına kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment ödəmək imkanı olması üçün hər hansı zəruri vəsaitə malik olmasından söhbət belə gedə bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş sənədlərdə İddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməsi göstərilməmişdir. Bundan əlavə, iddia ərizəsində iddiaçı tərəfindən göstərilir ki, uşağının azyaşlı olması, bu yaşında ana qayğısına, diqqətinə daha çox ehtiyac duyması səbəbindən işləyə bilmir. Bununla əlaqədar bildirir ki, uşaqları doğulmamışdan əvvəl də iddiaçı işləyərək evə ailəyə heç bir aylıq qazanc gətirməmişdir. İddiaçının özünün də etiraf etdiyi kimi, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə onların birgə nikahından xx xxxx 2020-ci il tarixdə doğulmuş qızı Nəfəsin saxlanması üçün ondan cavabdehin xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məlumat üçün bildirir ki, onun aylıq əmək haqqı (aylıq qazancı) 299 manatdır və bu qətnamə üzrə o, aylıq aliment məbləğini iddiaçıya böyük çətinliklə ödəyir və halhazıradək sonuncuya ödənilməmiş aliment borcu yoxdur. Həmçinin, bel nahiyəsində skalioz xəstəliyi olduğundan iddiaçının qeyd etdiyi kimi, ağır işlərdə, o cümlədən beton işlərində işləyə bilməz. Digər tərəfdən 3 gün evdə qalsa da, o, bu müddəti işinin ağırlığı ilə əlaqədar istirahəti üçün sərf edir. Bundan başqa, hazırda anası ilə birgə kirayədə qalır. Göstərilən səbəblərdən iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını, eləcə də sonuncunun vəkilinin çıxışını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X3 ifadəsində göstərdi ki, iddiaçı onun bacısı, cavabdeh isə yeznəsidir. O, cavabdehin Siyəzən şəhərində “Dərə” məhəlləsi adlanan yerdə usta yanında işləyərək, beton tökməsini görmüşdür. Üzdən tanıdığı, amma adını bilmədiyi ustadan cavabdehin fəhlə işlədiyini öyrənsə də, sonuncunun işləməsi müqabilində pul alıb-almamasını bilməmişdir. Bundan başqa, o, cavabdehi bir neçə dəfə ayrı-ayrı ustaların yanında müxtəlif yerlərdə, həmçinin eyni usta ilə iki ayrı ünvanda işləyərkən görmüşdür. İşdə olan ünvan 1ə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 320554 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə nikahlarını bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 02 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Ağabalayeva” soyadı verilmişdir. İşdə olan ünvan 1ə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 374012 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızı olan X4 xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə Sistemində olan şəxsi məlumatlardan edilmiş çıxarışdan, eləcə də Cavabdeh məxsus 131 nömrəli buraxılış vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləməklə, aylıq 299 manat əmək haqqı alır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə, xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, Cavabdeh oğlundan Muradova (Ağabalayeva) Həlimə Daşdəmir qızının xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd edir ki, şahid iddiaçı tərəfin qohumu olmaqla sonuncunun cavabdehlə olan münasibətlərini bildiyindən, iş üzrə iddiaçı tərəfindən ifadə verməsi baxımından və beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan, eyni zamanda verilmiş şahid ifadəsi iş üçün əhəmiyyətli halların müqəddaratına aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid ifadəsinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də onun ifadə verən zaman cavabdehin ayrı-ayrı ustaların yanında fəhlə işlədiyini göstərsə də, həmin ustaların adları, eləcə də cavabdehin aldığı muzdun məbləği ilə bağlı dəqiq məlumat verə bilməməsi olmuşdur ki, bu da sonda onun ifadəsinə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən şahid ifadəsinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxxxxxx 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2020-ci il tarixdə Nəfəs adlı övladları doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar xx xxxxxx 2019-cu il tarixdən faktiki olaraq bir yerdə yaşamırlar. İddiaçı hazırda tək qadın olaraq cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir və uşağını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Həmçinin, məhkəmə cavabdeh tərəfin alimentin artırılmasına etirazını maddi vəziyyətində artım olmamaqla hazırda da, 1 gün işdə, 3 gün evdə qalmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində yanğınsöndürən atıcı vəzifəsində işləməsi, eləcə də xəstəliyi ilə əlaqədar hər işdə işləmək iqtidarında olmaması, eyni zamanda uşağına görə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 140 manat aliment ödəməsinin onun üçün böyük maddi məhrumiyyətlər yaratması ilə əlaqələndirməsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, göstərilən hallar onun haqlı olmasına dəlalət etmir. Çünki, cavabdehin maddi durumu ilə bağlı qeyd etdiyi hallar kifayət qədər əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin maddi vəziyyətinin alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmə qətnaməsi çıxarılan zaman o, məhkəmənin gəldiyi nəticəni bilmiş, nəticə ilə narazı qalacağı təqdirdə qətnamədən onun verildiyi gündən 1 (bir) ay müddətində şikayət vermək hüququ qətnamə ilə izah edilmişdir. Lakin, qeyd edilməlidir ki, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət kifayət qədər olsa da, cavabdeh bu hüququndan istifadə etməmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi isə hazırda da qüvvədə olmaqla, cavabdeh tərəfindən vaxtlı-vaxtında icra edilməkdədir. Digər tərəfdən, cavabdehin 1 gün işdə, 3 gün isə evdə qalması sonuncunun istirahət günlərində əlavə faydalı əməklə məşğul olmaqla, gəlir əldə etməsinə şərait yaradır ki, bu hal da az əmək haqqı ilə aliment ödəyərək, anası ilə birlikdə kirayə qalan cavabdeh tərəfindən xərclərinin qarşılanması üçün mümkün qədər istifadə etməsinə yüksək dərəcədə ehtimal verir. Bundan əlavə, cavabdehin sağlamlığı ilə bağlı gətirdiyi dəlillər də kifayət qədər əsaslandırılmamışdır. Belə ki, cavabdehin sağlamlıq vəziyyəti ilə bağlı ağır işlərdə işləyə bilməməsini bildirsə də, cavabdehin sağlamlığında hər hansı problem olsa belə, bu problemin onun həyatında mənfi dəyişikliklərə səbəb olmasını, ümumiyyətlə, cavabdehin işləmək imkanına mane olmasını təsdiq edəcək hər hansı bir mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Deməli, cavabdehin etirazında istinad etdiyi dəlillər kifayət qədər əsasa malik olmamaqla, onun özünün valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Bununla da, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə, məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay üçün həmin vaxt (icra vaxtı) qanunvericiliklə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirməklə, qeyd edir ki, tələbin bu hissədə təmin edilməsi istisna edilir. Belə ki, həmin vaxt (icra vaxtı) özündə qeyri-müəyyən müddəti ehtiva edib, dəqiqliyi əks etdirməməklə, yanaşı nədən ibarət olması iddiaçı tərəfindən aydınlaşdırılmamışdır. Digər tərəfdən, həmin vaxt (icra vaxtı) gələcəkdə baş verəcək münasibətlərə şamil edildiyinə görə də tələb bu hissədə təmin edilə bilməz. Eyni zamanda, məhkəmə iddia tələbinin “əlavə xərcin tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə iddia tələbinin "uşağın 3 yaşına çatana qədər hər ay iddiaçının xeyrinə cavabdehdən alimentin tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ailə qanunvericiliyi bu cür alimentin tutulmasını zəruri vəsaitə malik olan cavabdehin ailə və maddi vəziyyəti, eləcə də, tərəflərin digər diqqətəlayiq olan maraqları ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı tərəf cavabdehin uşağının 3 yaşına çatanadək saxlanması üçün ona maddi yardım göstərməsi məqsədilə əlavə zəruri vəsaitə malik olmasını təsdiq edəcək mötəbər sübutu və ya sənədi iş materiallarına əlavə etməmiş, o cümlədən tələbini əsaslandırmamışdır. Belə ki, verilmiş izahatlardan, eləcə də iş materiallarına əlavə edilmiş digər mötəbər sübutlardan cavabdehin zəruri vəsaitə malik olduğu müəyyən edilməmişdir. Belə olan halda isə iddia tələbinin bu hissədə də təmin edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbinin “artırılmış alimentin və əlavə xərcin məhkəməyə müraciət olunduğu vaxtdan hesablanması” hissəsinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar