Məhkəmə qərarları › İş №e-2(059)-389/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-389/2023

31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-389/2023 31.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 1396,18 manat əsas borcun və ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin, iş üzrə əlavə araşdırma zərurəti yarandığına görə Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə, müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bundan sonra, cavabdeh 08 iyul 202l-ci il tarixli, 364 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Lakin, cavabdeh 25 fevral 2022-ci il tarixli, 091 saylı əmrlə işdən azad edilmişdir. Belə ki, Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu mənada, 18 fevral 2022-ci il tarixdə Oba - Siyəzən 3 mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmçinin həmin tarixdə aparılmış "İnventarizasiya nəticələrinə" dair aktlara əsasən yekun ziyan məbləğinin cəmi 1752,46 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş, ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Bununla da, Cavabdeh qalıq borcu 1396,18 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin, eyni tarixli, 569-K nömrəli əmrin çıxarışından, eləcə də həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmiş, həmçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub, saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan 09 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əlavənin, eyni tarixli, 619 nömrəli əmrin çıxarışından, eləcə də həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "baş satıcı" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan 08 iyul 2021-ci il tarixli əmək müqaviləsinə əlavənin, eyni tarixli, 364 nömrəli əmrin çıxarışından, eləcə də həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli “Oba-Siyezen 3” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, həmin tarixdə müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 1752,46 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 18 fevral 2022-ci il tarixli iltizamnamədən, həmçinin eyni tarixli imtina aktlarından görünür ki, həmin tarixdə keçirilmiş inventarizasiya zamanı maddi məsul şəxs Cavabdeh iştirak etmiş, inventarın sayımı və müqayisəli yoxlamanın miqdarı ilə razılaşmış, lakin, o, araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (1752,46 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. İşdə olan 25 fevral 2022-ci il tarixli, 091 nömrəli əmrdən çıxarışın, eləcə də eyni tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə görə xitam verilmişdir. İşdə olan 15 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə əlaqədar inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 1752,46 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 1396,18 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 15 fevral 2023-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 1396,18 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 16 may 2023-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət edərkən 34 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, 20 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə, eləcə də həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh bu tarixdən işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə, "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Bundan sonra, o, 09 oktyabr 2020-ci il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-yə "baş satıcı" vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Daha sonra, o, 08 iyul 2021-ci il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin eyni tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Sonradan, 18 fevral 2022-ci il tarixdə, “Oba- Siyezen 3” filialında keçirilmiş inventarizasiya zamanı 1752,46 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, bundan əlavə Cavabdeh inventarizasiya prosesində iştirak etmiş, inventarın sayımı və müqayisəli yoxlamanın miqdarı ilə razılaşmış, lakin, o, araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (1752,46 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 25 fevral 2022-ci il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 1752,46 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 1396,18 manat müəyyən edilmişdir. Qeyd edilən məbləğin qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilsə də, sonuncu edilmiş xəbərdarlığa məhəl qoymamış və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Siyəzən 3” filialı üzrə administrator işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə 1396,18 manat məbləğində zərər vurmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1396,18 manat məbləğində əsas borc və ödənilmiş 34 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1396,18 (bir min üç yüz doxsan altı manat 18 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar