Məhkəmə qərarları › İş №e-2(059)-604/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-604/2023

04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-604/2023 04.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, eləcə də onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 sentyabr 2016-cı il təvəllüdlü X2 və 15 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya rüsumu olaraq ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 18 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 04 sentyabr 2016-cı il tarixdə Yusif, 15 fevral 2018-ci il tarixdə Tunar adlı uşaqları doğulmuşdur. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar, habelə sonuncu uşaqların saxlanılması üçün maddi yardım göstərmir. Beləliklə, hazırda o və övladları maddi cəhətdən çətinlik çəkirlər. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların tələbatının iddiaçı tərəfindən təkbaşına qarşılanması mümkün deyildir. Nəticədə, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, cavabdeh qeyri-rəsmi qaydada işləyərək, yüksək məbləğdə gəlir əldə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, nikahları pozulandan sonra bir il bundan əvvəlki dövrədək cavabdehlə ailə münasibətləri davam etmiş, habelə sonuncu ərzaq formasında uşaqlarına maddi köməklik göstərdiyi üçün həmin dövrdə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsinə zərurət yaranmamışdır. Lakin, son bir il müddətində cavabdeh könüllü olaraq uşaqlara baxmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddia tələbində göstərilə məbləğdə alimenti cavabdehin ödəməyə kifayət qədər maddi imkanı vardır. Belə ki, Siyəzən şəhərində ən böyük geyim və digər xırdavat əşyaların satışı mağazası cavabdehə məxsus “Y.T.Moda” mağazası olmaqla, özü də sonuncu ilə birgə nikah dövründə qeyri-rəsmi olaraq orada kassir işlədiyi üçün cavabdehin aylıq gəlirlərinin 5000-10 000 manat civarında olmasından məlumatlıdır. Habelə, cavabdehlə nikahları pozulduqdan sonra özü heç yerdə işləmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatında göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh Siyəzən şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, iddiaçı ilə birgə nikahdan doğulmuş övladlarının saxlanılması üçün yaşayış minimumu həddində, yəni hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Cavabdehin fərdi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər iddiaçının qeyd etdiyi kimi aylıq 5000-10 000 manat təşkil etmir və mümkün deyildir. Çünki, Siyəzən şəhərində fərdi sahibkarın göstərilən məbləğdə aylıq gəlir əldə etməsi absurd görünür. Habelə, onun özündə də cavabdehin dəqiq gəlirləri barədə məlumat olmamaqla, həmin gəlirlərin yalnız vergi orqanlarından tələb edilməklə əldə edilməsi mümkündür. Bundan başqa, cavabdehin gəlirləri hazırkı yaşayış minimumu çərçivəsində, yəni bir uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimenti ödəmək üçün yetərlidir. Eyni zamanda, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçı cavabdehin gəlirləri barədə qeyd etdiyi halları sübut etmək vəzifəsini daşıyır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 14 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 778954 nömrəli və 05 mart 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 031391 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X4 04 sentyabr 2016-cı il tarixdə, X5 isə 15 fevral 2018-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(059)-58/2021 saylı qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Xaçmaz rayon qeydiyyat şöbəsində 18 aprel 2015-ci il tarixdə, 152 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş 04 sentyabr 2016-cı il təvəllüdlü X4 və 15 fevral 2018-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, VÖEN nömrəsi ********** (aktiv), fəaliyyət obyekti “Y.T.MODA”, fəaliyyət istiqaməti “taxta materiallarının, tametlərin, poçt markaları və sikkələrin, dini əşyaların, istilik sistemlərinin, fotoaparatura, optik və dəqiq cihazların, kimyəvi məhsulların pərakəndə satışı” olan Cavabdeh 26 aprel 2019-cu il tarixdən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, onun mülkiyyətində bir ədəd qeyri-yaşayış sahəsi, bir ədəd fərdi yaşayış evi və bir ədəd “KİA SORENTO” markalı minik avtomobili vardır. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 18 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan 04 sentyabr 2016-cı il tarixdə Yusif, 15 fevral 2018ci il tarixdə isə Tunar adlı oğlan övladları doğulmuşdur. Daha sonra, tərəflər arasındakı nikah cavabdehin tələbi ilə 27 oktyabr 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqların maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Məhz buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 04 sentyabr 2016-cı il təvəllüdlü X2 və 15 fevral 2018-ci il təvəllüdlü X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlara münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətinin müxtəlif istiqamətləri ilə məşğul olmaqla, aylıq kifayət qədər gəlir əldə etməsi, habelə mülkiyyətində həm daşınmaz (bir qeyri-yaşayış binası, və bir fərdi yaşayış evi), həm də daşınar əmlakların (“KİA Sorento” markalı minik avtomobilinin) olması, sonuncunun gəlirlərinin təkcə uşaqların yaşayış minimumu həddində saxlanılması üçün deyil, iddia tələbində göstərilən həcmdə də alimenti ödəmək iqtidarında olmasına dəlalət edir. Habelə, məhkəmə araşdırması zamanı cavabdehin maddi vəziyyətinin iddia ərizəsində tələb olunan alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin iddiaçı ilə nikahları pozulduqdan sonra yenidən nikaha daxil olmaması, həmçinin onun Tunar və Yusifdən başqa digər yetkinlik yaşına çatmayan uşağının olmaması, iddiaçının isə heç yerdə işləməyərək hər hansı qazanca malik olmaması, həmçinin alimentin həcminin müəyyən edilməsi zamanı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşaqların maraqları nəzərə alınmalıdır. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Məhkəmə, tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların, əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların valideynindən təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, tərəflərin birgə nikahından doğulmuş 04 sentyabr 2016-cı il təvəllüdlü X2 və 15 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 04 sentyabr 2023cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə İddiaçı azad edildiyi 80 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 04 sentyabr 2016-cı il təvəllüdlü X2 və 15 fevral 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 04 sentyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. İddiaçı azad edildiyi 80 (səksən) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov İddiaçı Siyəzən şəhəri, 28 may küç,ev 27 Cavabdeh Siyəzən şəhəri, 28 may küç,ev 27 İş üzrə çıxarılmış Siyəzən Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, e- 2(059)-604/2023 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: - mətn üzrə Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar