Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1052/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların himayəyə verilməsi tələbi barədə ilkin və Cavabdeh İddiaçı qarşı uşaqların himayəyə verilməsi və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan nikahın pozulması və xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi, övladlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehin bütün növ qazancının 1/3 hissəsinin tutularaq ona verilməsi və ünvan 1 ünvanında yerləşən mənzillərdə paylarının ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1052/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010- cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi, övladlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehin bütün növ qazancının 1/3 hissəsinin tutularaq ona verilməsi tələbi hissəsində icraata götürülmüş, ünvan 1 ünvanında yerləşən mənzillərdə paylarının ½ hissədə müəyyən edilməsinə dair hissədə isə geri qaytarılmışdır. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı övladları vardır. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Lakin sonradan ailə münasibətləri tədricən soyuyaraq hazırda kəskinləşmişdir. Artıq son bir neçə ildir ki, nikahları formal xarakter daşıyır. Həyat yoldaşı üç ildir ki, Almaniya Federativ Respublikasında təhsili ilə əlaqədar yaşayır. Uşaqlar da hal-hazırda cavabdehin valideynləri ilə birgə yaşayır. Faktiki olaraq, cavabdeh uşaqların da qayğısına qalmır, onları öz yaşlı ata-anasının yanında qoyub getmişdir. Cavabdeh bir ana kimi uşaqların səhhəti ilə, gündəlik tələbatları ilə, yaşayışı, qayğıları ilə maraqlanmır, onların heç bir ehtiyaclarını ödəmir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, uşaqlar azyaşlı və onun himayəsində olduqları, eləcə də onunla birgə yaşamaq istədikləri üçün boşanmadan sonra uşaqlar onun himayəsinə verilməli və cavabdeh İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehin bütün növ qazancının 1/3 hissəsinin tutularaq ona verilməlidir. Cavabdehin rəsmi iş yeri və əmək haqqısı vardır. İlkin iddia üzrə Cavabdeh etiraz ərizəsi vermişdir. Etirazda bildirilmişdir ki, ilkin iddianı nikahın pozulması hissəsində qəbul edir və aralarında olan nikahın pozulması ilə razıdır. Çünki ailə faktiki olaraq dağılmış, uzun müddətdir ki, ayrı yaşayırlar. Bu illər ərzində iddiaçı ailəsi və uşaqları ilə maraqlanmamış, heç bir maddi yardım etməmiş, uşaqların tərbiyəsində, saxlanmasında iştirak etməmişdir. Bu əsaslarla boşanmağa o da razıdır və aralarında olan nikahın pozulmasıını tələb edir. İddiaçının uşaqlarla və onunla əlaqədar göstəridikləri ilə isə razı deyildir. Belə ki, o, iddiaçının öz razılığı ilə təhsilini davam etdirmək üçün Almaniyaya getmiş, orada rezidentura təhsili almışdır. Bu illər ərzində iddiaçı uşaqlarla və onunla maraqlanmamış, uşaqların saxlanması üçün heç bir tədbir görməmiş, həmin uşaqları o, öz gəliri hesabına saxlamışdır. O, daim uşaqlarla ünsiyyətdə və təmasda olmuşdur. Tətillərdə Azərbaycana gəlmişdir. Uşaqların saxlanılması üçün bütün maddi dəstək onun tərəfindən olmuşdur. İnternet, kamera vasitəsilə daim uşaqlarla ünsiyyət saxlamışdır, uşaqların təhsili, tərbiyəsi, sağlamlıqları ilə məşğul olmuşdur. Hazırda rezidentura təhsilini bitirərək uzman həkim kimi klinikada fəaliyyət göstərir və iddiaçını da bu illər ərzində uşaqlarla birlikdə yaşamaq üçün Almaniyaya dəvət etmişdir. Çünki ilk əvvəldən iddiaçı da bu şərtlərlə razı olmuş və Almaniyada rezidentura təhsili almağına razılığı da bu məqsədlə vermişdir ki, hamı birlikdə Almaniyaya köçüb orada yaşamalıdır. Lakin sonradan iddiaçı fikrindən daşınaraq, nə özü Almaniyaya gəlmiş, nə də uşaqları gətirmişdir. O, bu illər ərzində dəfələrlə iddiaçıya müraciət edərək, həm özünün gəlməsini xahiş etmiş, gəlmək istəmədikdə isə uşaqları ya Almaniyaya gətirməsini, ya da uşaqların sərhəddi keçməsinə razılıq verməsini xahiş etmişdir. Amma iddiaçı öz hüquqlarından sui-istifadə edərək uşaqların onunla birlikdə yaşamasının qarşısını almış, bilərəkdən razılıq verməməklə uşaqların öz anaları ilə birlikdə Avropada yaşamasının qarşını almaqla, uşaqları ana nəvazişindən, qayğısından, daha gözəl təhsil almaq imkanlarından məhrum etmişdir. İlkin iddia ərizəsində “cavabdeh bir ana kimi valideynlik borcunu yerinə yetirmir, uşaqların qeydinə qalmır, səhhəti ilə, gündəlik tələbatları ilə, qayğıları ilə maraqlanmır, heç bir ehtiyaclarını ödəmir” kimi ifadələrin hamısı yalandır və bu ifadələrin hər biri məhz iddiaçının özünə aiddir, yəni iddiaçı bu deyilənləri etmir. Bu illər ərzində bir ata kimi bu uşaqların heç bir ehtiyacını ödəməmiş, atalıq borcunu yerinə yetirməmiş, uşaqlarla ünsiyyət saxlamamış, gündəlik həyatlarında iştirak etməmişdir. İddia ərizəsində özünün yaxşı maddi imkanı olmasını qeyd edən iddiaçı bu illər ərzində uşaqların saxlanması üçün bir manat da xərcləməmişdir. Bundan əlavə, uşaqlar ancaq onu istəyirlər və onunla qalmağı arzu edirlər. Ona görə də o, iddianın uşaqların iddiaçının himayəsinə verilməsi hissəsini qəbul etmir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini, eyni zamanda tərəflərin birgə nikahından doğulmuş uşaqların iddiaçının yanında saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2 ilkin iddianı nikahın pozulması hissəsində qəbul etdiyini, uşaqların analarının yanında qalmaq istədiklərini, analarının uşaqlarına mütəmadi olaraq pul göndərdiyini, iddiaçının uşaqları ilə maraqlanmadığını bildirdi. O, eyni zamanda qeyd etdi ki, Cavabdeh Almaniya Federativ Respublikasına gedəndə İddiaçı tövsiyəsi ilə nikahlarından doğulmuş uşaqlarını öz valideynlərinin yanında qoymuş və bu müddət ərzində sonuncu bir dəfə də olsun övladlarını özü saxlamaq istəməmişdir. Məhkəmədə xx.xx.2008-ci il təvəllüdlü X5 Bakı şəhəri 11 №-li tam orta məktəbdə oxuduğunu, anasının yanında qalmaq istədiyini, Almaniyada həyat şəraitinin yaxşı olacağını, anası ilə gün ərzində danışdığını, anasının onun dərsləri ilə maraqlandığını, həmçinin atası üçün darıxmadığını, ona görə də anasının yanında qalmaq istədiyini qeyd etdi. Məhkəmədə xx.xx.2010-cu il təvəllüdlü X4 Bakı şəhəri 11 №-li tam orta məktəbdə oxuduğunu, anasının yanında qalmaq istədiyini, Almaniyada həyat şəraitinin və təhsilinin yaxşı olacağını, anasının onun dərsləri ilə maraqlandığını, həmçinin atası ilə görüşmədiyini, ona görə də anasının yanında qalmaq istədiyini qeyd etdi. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadəsini, uşaqların fikrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt nikah evində rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1269 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı övladları vardır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzində zabit (kapitan) vəzifəsində həqiqi hərbi xidmətdədir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 87 №-li, xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı mənzilməişət şəraiti müayinə olunmuşdur. İddiaçı ünvan 2 ünvanında valideynlərinə məxsus fərdi evdə yaşayır. Ev 5 yaşayış otağından, mətbəxdən, dəhlizdən, hamam və sanitar qovşaqdan ibarətdir. İddiaçı evdə valideynləri ilə birlikdə yaşayır. Ev tam təmirlidir, kommunal şəraiti qənaətbəxşdir, zəruri məişət və mebel avadanlıqları, istilik sistemi ilə təchiz edilib, yaşayış üçün tam yararlıdır. Ərazidə uşaqların təhsil alması üçün məktəb və istirahəti üçün park mövcuddur. İddiaçı hazırda FHN-nin Sumqayıt Şəhər Regional Mərkəzində “Təlim və Əməliyyat Planlaşdırma” şöbəsində işləyir. Aylıq gəliri 1050 manat təşkil edir. İddiaçı davranışında, səhhətində və mənəvi-əxlaqi keyfiyyətlərində uşağın himayəsində saxlanılmasına maneə ola biləcək əks hal Komissiya tərəfindən aşkar edilməmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 87 №-li, xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, Cavabdeh mənzil-məişət şəraiti müayinə olunmuşdur. Cavabdehin ünvan 3 ünvanında özünə məxsus mənzili vardır. Mənzil 3 yaşayış otağından, mətbəxdən, dəhlizdən, 2 hamam və 2 sanitar qovşaqdan ibarətdir. Mənzildə hazırda valideynləri və övladları yaşayır. Ev tam təmirlidir, kommunal şəraiti qənaətbəxşdir, zəruri məişət və mebel avadanlıqları, istilik sistemi ilə təchiz edilib, yaşayış üçün tam yararlıdır. Ərazidə uşaqların təhsil alması üçün məktəb və istirahəti üçün park, əyləncə mərkəzi, ictimai iaşə obyektləri və s. mövcuddur. Cavabdeh hazırda Almaniyada həkim işləyir. Aylıq gəliri 5600 avro təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı övladları vardır. Tərəflərin boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Eyni zamanda Cavabdeh uşaqların himayəyə verilməsi və aliment tələbinə dair qarşılıqlı iddia ilə müraciət etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddianı nikahın pozulması hissəsində qəbul edir. İlkin iddia üzrə iddiaçı Məmmədov X3 Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzində zabit (kapitan) vəzifəsində həqiqi hərbi xidmətdədir və aylıq gəliri 1050 manat təşkil edir. İlkin iddia üzrə Cavabdeh hazırda Almaniyada həkim işləyir. Aylıq gəliri 5600 avro təşkil edir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 87 №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Komissiya hesab edir ki, hazırki mübahisədə uşaqların daha çox ana qayğısına ehtiyacları olduğuna görə analarının himayəsində saxlanılması daha məqsədəuyğundur. Qeyd olunanları nəzərə alaraq, Komissiya xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 anaları Cavabdeh himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına razı olduqları üçün ilkin iddia bu hissədə təmin olunmalı, onlar arasında xx.xx.2007-ci il tarixdə bağlanmış, 1269 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddənin tələbinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə isə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Bu Məcəllənin 51.4-cü maddəsinə görə uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Bu Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması ) nəzərə alınmaqla həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq olmaz. Həmin maddəyə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Bu Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktının» 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır. BMT-nin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq haqqında Bəyannəməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır.O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait olduğu hallardan başqa anasından ayrılmamalıdır. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyanın 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilmişdir ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. “Elşolts Almaniyaya qarşı” iş üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000- ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlər arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə, sadalanan qanunvericilik normalarına əsaslanaraq və həmin maddələrin tələblərini, məhkəmə təcrübəsini və məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək, birgə nikahdan doğulmuş uşaqların fikirlərini, qəyyumluq və himayəçilik komissiyasının rəyini, diqqətəlayiq olan digər halları nəzərə alıb uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə, habelə uşaqların üstün mənafeyini əsas götürməklə hesab edir ki, ilkin iddia bu hissədə təmin edilməməli, qarşılıqlı iddia bu hissədə təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anaları Cavabdeh yanında qalmalıdır. Belə ki, məhkəmə uşaqların yaşlarını, daha çox ana qayğısına, nəvazişinə ehtiyac duymalarını, uşaqların bir-birindən ayrılmasının yolverilməz olduğunu, eləcə də tərəflərin həyat şəraiti nəzərə alaraq, onların normal inkişafının təmin olunması məqsədi ilə ananın yanında qalmalarını uşaqların üstün mənafeyinə daha uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, qarşılıqlı iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, tərəflərin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia bu hissədə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2007-ci il tarixdə bağlanmış, 1269 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalmalı, qarşılıqlı iddia məhkəməyə daxil olduğu gündən etibarən, yəni xx.xx.2022-ci il tarixindən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2007-ci il tarixdə bağlanmış, 1269 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. İlkin iddia qalan hissədə təmin olunmasın. Birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalsın. xx.xx.2022-ci ildən etibarən xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-1052/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1052/2022
19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver