Məhkəmə qərarları › İş №e-2(060)-1220/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1220/2023

09.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1220/2023 09.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Nikahları 05 oktyabr 2010-cu ildə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçının nikahın ləğvi barədə ərizə verməsinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər daha da kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq neçə vaxtdır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Tərəflər faktiki olaraq ər-arvad kimi yaşamırlar. Bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Göstərilənlərə əsasən iddiaçının Cavabdeh ilə 05 oktyabr 2010-cu ildə Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahının pozulması, uşaqların yaşayış yerinin iddiaçı ilə müəyyən olunması və birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər uşağa ayda 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, onun rəsmi iş yeri vardır, alimentin sabit pul məbləğində tutulmasına etiraz edir. Eyni zamanda, nikahın pozulmasına razıdır.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № 622669 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1587 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir.

7. İşin materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 562883 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 05 avqust 2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

8. İşin materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 953269 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 15 iyul 2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB-5-02153 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 251 saylı, 20 iyun 2023-cü il tarixli rəyindən görünür ki, azyaşlıların hazırki yaşını, fikirlərini, bir-birinə olan bağlılığını, bir-birindən ayrılmasının yolverilməzliyini, həmçinin valideynlərin uşaqların sağlamlığı, təhsili və təlim-tərbiyəsi ilə məşğul ola bilmə imkanlarını nəzərə alaraq, komissiya xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmalarını daha məqsədəuyğun hesab edir.

11. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" ASC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləyir, əmək haqqı məbləği 1172,64 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki övladları anadan olmuş, tərəflərin münasibətləri pisləşmiş, artıq bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, iddiaçı nikahın pozulmasını təkid edir, habelə uşaqların saxlanmaları üçün cavabdehdən aliment tələb edir, cavabdeh iddia tələbi ilə qismən razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

14. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

15. Həmçinin, Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

16. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasını təkid etdiyindən, eyni zamanda ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 05 oktyabr 2010-cu il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1587 № ilə qeyd edilmiş nikah pozulmalıdır.

17. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

18. Məhkəmə hesab edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir.

19. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir.

20. Həmin Məcəllənin 60.1, 60.2 və 60.4-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

21. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

22. Həmin Qərarın 7.4-cü və 7.5-ci bəndlərində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmçinin, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

24. xx.xx.2010-cu il təvəllüdlü X7 10 yaşına çatdığına görə Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə iclasında onun fikri dinlənilmiş və o, bildirmişdir ki, anasının yanında qalmaq istəyir.

25. xx.xx.2012-ci il təvəllüdlü X8 10 yaşına çatdığına görə Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normasına əsasən məhkəmə iclasında onun fikri dinlənilmiş və o, bildirmişdir ki, anasının yanında qalmaq istəyir.

26. Məhkəmə iclasında xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 təhsil aldığı Sumqayıt şəhəri 9 №-li orta məktəbin müəllimi X5 bildirmişdir ki, 15 iyul 2012-ci il təvəllüdlü X8 və 05 avqust 2010-cu il təvəllüdlü X7 tərbiyəli, ağıllı, savadlı uşaqlardır. X8 mənim sinif rəhbəri olduğum sinifdə təhsil alır. Dərsləri, davranışı, geyim qaydası qaydasındadır. Hal-hazırda onun atası uşaqlarla maraqlanır, məktəbə gəlib-gedir. Təşkil etdiyimiz valideynlər iclasında da uşaqların atası iştirak edir, ananı heç vaxt görməmişəm. Uşaqların fikirlərini ifadə edərkən ifadələrində onun üzərində hər-hansı bir şəxs tərəfindən manipulyasiyanın olmadığı aydın bəlli olur. Uşaqlar öz fikirlərini sərbəst ifadə etmək iqtidarındadırlar.

27. Məhkəmə iclasında xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 təhsil aldığı Sumqayıt şəhəri 9 №-li orta məktəbin psixoloqu X6 bildirmişdir ki, 15 iyul 2012-ci il təvəllüdlü X8 və 05 avqust 2010-cu il təvəllüdlü X7 tərbiyəli, ağıllı, savadlı uşaqlardır. Hər iki uşaq Sumqayıt şəhər, 9 nömrəli tam orta məktəbdə təhsil alır. Mən də həmin məktəbdə psixoloq vəzifəsində çalışıram. Uşaqların təhsil aldıqları müddətdə uşaqlarla bağlı heç bir problem yaşanmamış, uşaqların mənəvi-psixoloji vəziyyəti daim normal olmuşdur. Uşaqların fikirlərini ifadə edərkən ifadələrində onun üzərində hər-hansı bir şəxs tərəfindən manipulyasiyanın olmadığı aydın bəlli olur. Uşaqlar öz fikirlərini sərbəst ifadə etmək iqtidarındadırlar.

28. Məhkəmə uşaqların mənafelərini, onun fikirlərini, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 251 saylı, 20 iyun 2023-cü il tarixli rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalıdırlar.

29. Məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbi məhkəmənin icraatında olarkən yetkinlik yaşına çatmayan uşaqlar hər iki valideynin (həm iddiaçının, həm də cavabdehin) himayəsində olmuşlar.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

31. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

32. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.

33. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

34. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

35. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh işləyir, əmək haqqı məbləği 1172,64 manat təşkil edir.

37. Göründüyü kimi Cavabdeh qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyildir.

38. Məhkəmə, cavabdehin işlədiyini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən qazancının müəyyən hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir.

39. Belə ki, sabit gəliri olan valideyindən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun imperativ göstərişidir.

40. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

41. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

42. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

43. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 17 yanvar 2023-cü il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, həmin tarixdən başlayaraq tutulmalıdır.

44. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 2010-cu il tarixdə bağlanmış və Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1587 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Nəticə hissəsi

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 oktyabr 2010-cu il tarixdə bağlanmış və Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1587 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 05 avqust 2010-cu il təvəllüdlü X7 və 15 iyul 2012-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 05 avqust 2010-cu il təvəllüdlü X4 və 15 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarda aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar