Məhkəmə qərarları › İş №e-2(060)-1229/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1229/2021

09.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1229/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh oğluna qarşı nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında olan nikahın pozulması, 24.04.2010-cu il təvəllüdlü X2 və 30.06.2013-cü il təvəllüdlü X1 onun himayəsinə verilməsi, övladlarının saxlanması üçün hər ay 340 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh övladları 24.04.2010-cu il təvəllüdlü X2 və 30.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının (başqa gəlirlərin) 3/1 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 01.08.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 24.04.2010-cu il təvəllüdlü X5 və 30.06.2013-cü il təvəllüdlü X3 adlı övladları vardır. Cavabdehlə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Ona görə də iddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını, birgə nikahdan doğulmuş uşaqların onun himayəsinə verilməsini və övladlarının saxlanması üçün aliment tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Nəcəfova Xəyalə Fəxrətdin qızı arasında 01.08.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 558 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Abdullayeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından 24.04.2010-cu il təvəllüdlü X5 və 30.06.2013-cü il təvəllüdlü X3 adlı övladları vardır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialında izolyasiyaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 923 manat təşkil edir. - “X4 B.V” şirkətinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 16.12.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 25.08.2020-ci il tarixindən “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialında X9 X7 vəzifəsində çalışır və onun tarif aylıq əmək haqqı 923 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 01.08.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 24.04.2010-cu il təvəllüdlü X5 və 30.06.2013-cü il təvəllüdlü X3 adlı övladları vardır. İddiaçının cavabdehlə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmiş və tərəflər barışmamışdır. Cavabdeh “X4 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialında izolyasiyaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 923 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı, iddiaçı və cavabdeh arasında 01.08.2009-cu il tarixdə bağlanmış, 558 nömrəsi ilə qeydə alınmış nikah pozulmalıdır. Belə ki, tərəflərə barışmaları üçün 3 ay vaxt verilmiş, lakin məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmişdir. İddiaçı cavabdehlə arasında olan nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan doğulmuş uşaqların ana qayğısına daha çox ehtiyacı olmasını, atanın bunu mübahisələndirməməsini və diqqətəlayiq olan digər halları nəzərə alıb uşaqların inkişaf və tərbiyəsi üçün şərait yaradılması məqsədi ilə hesab edir ki, iddia bu hissədə də təmin olunmalı, 24.04.2010-cu il təvəllüdlü X5 və 30.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddəsinin məzmunundan görünür ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də təmin olunmalı, 17.11.2020-ci il tarixdən başlayaraq 24.04.2010-cu il təvəllüdlü X2 və 30.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur, eləcə də aliment verməyə borclu olan valideynin qazancının müntəzəm olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh oğlu ilə İddiaçı arasında Sumqayıt nikah evində 01.08.2009-cu il tarixdə bağlanmış, 558 nömrəsi ilə qeydə alınmış nikah pozulmalı, 24.04.2010-cu il təvəllüdlü X5 və 30.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalmalı və 17.11.2020-ci il tarixdən etibarən 24.04.2010-cu il təvəllüdlü X2 və 30.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində 01.08.2009-cu il tarixdə bağlanmış, 558 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Birgə nikahdan doğulmuş 24.04.2010-cu il təvəllüdlü X5 və 30.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalsın. 17 noyabr 2020-ci il tarixdən etibarən 24.04.2010-cu il təvəllüdlü X2 və 30.06.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh oğlundan tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar