Məhkəmə qərarları › İş №e-2(060)-1238/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1238/2025

21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1238/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-ni cəlb etməklə Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı qarşı “birgə nikah dövründə əldə edilmiş kredit müqaviləsi üzrə öhdəliyin bölünməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bu nikahdan iki övladları xx.xx.2013cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3950/2024 saylı qətnamə ilə iddia tələbi təmin edilərək İddiaçı ilə Quliyeva (Tahirova) Minzalə Firudin qızı arasında Sumqayıt Nikah Evində xx.xx.2013-cü il tarixdə bağlanmış 130 nömrəsi ilə qeydə alınmış nikah pozulması və xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Cavabdeh yanında qalmaları barədə qətnamə qət olunmuşdur. Cavabdeh ilə nikah dövründə "xxxx" ASC-dən xx.xx.2024-cü ildə GTGK8129586B299 saylı müqaviləyə əsasən 17,4% illik olmaqla, 35 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşlər. Bu pulu Cavabdeh müalicəsi üçün "xxxx" ASC-dən kredit götürdülər. Cavabdehin həm ödündən 3 dəfə cərrahiyyə əməliyyatına və qara ciyər xəstəliyindən (fibroz) əziyyət çəkdiyi üçün, həmçinin dişlərinin yenidən düzəldilməsi üçün bankdan götürülən pulu cavabdehə xərcləmişlər. Hazırda məhkəmə qətnaməsinə əsasən ayrılmışlar. İddiaçı hazırda onun əvəzindən "xxxx" ASC-yə olan kredit borcu ödəyir. Hansı ki bu pulu Cavabdeh mənimsəmişdir. Göstərilənlərə əsasən birgə nikah dövründə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü ildə GTGK8129586B299 saylı müqaviləyə əsasən 9000 manat məbləğində öhdəliyin 1/2 hissədə iddiaçıya, 1/2 hissədə Cavabdeh öhdəliyin bölünməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə işə müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTGK8129586B299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17,4 faiz ödəmək şərtilə 9000 manat məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3950/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, İddiaçı ilə Quliyeva (Tahirova) Minzalə Firudin qızı arasında Sumqayıt Nikah Evində xx.xx.2013-cü il tarixdə bağlanmış 130 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları Quliyeva (Tahirova) Minzalə Firudin qızının yanında qalmaları qət edilmişdir.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/MT030/2024-02446 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər birgə nikaha daxil olaraq ailə qurmuşlar, bir müddət sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş kredit borcu üzrə öhdəliyin bölünməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. (...)

16. Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

17. Maddə 509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ (...) 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.

18. Maddə 511. Birgə borclunun kompensasiyası Əgər birgə borclu birgə öhdəlikdən fayda götürmüşsə, belə fayda götürməmiş birgə borclu öz öhdəliyinin icrası üçün ondan təminat tələb edə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

19. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

20. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

21. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. (...)

22. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (...) 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

23. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarı Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTGK8129586B299 saylı kredit müqaviləsi üzrə öhdəliyin (9000 manat) ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh aid edilməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

31. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTGK8129586B299 saylı kredit müqaviləsi üzrə öhdəliyin (9000 manat) ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar