Məhkəmə qərarları › İş №e-2(060)-1391/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1391/2024

28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1391/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı «Azərmaş Alyans” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Azərmaş Alyans” MMC-nin Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri ödənilməsi tələbinə dair mülki işə 28 mart 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azərmaş Alyans” MMC Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 624 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Azərmaş Alyans” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli ALY-333 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC tərəfindən güzəşt olaraq lizinq alan Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə ALY-1384 saylı müqavilə tərtib olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair yenidən öhdəliyi vaxdında və lazımı qaydada icra etməmişdir. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli e-2(060)-1329/2023 saylı qətnaməsi ilə (hakim E.Abdullayev) İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 2145.34 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X5 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir:

1. İXP ******* saylı protokola görə 100 manat; 2. İXP ******* saylı protokola görə 200 manat; 3. EQ 10680278 saylı protokola görə 36 manat; 4. EQ 10680283 saylı protokola görə 18 manat; 5. EQ 10680285 saylı protokola görə 36 manat; 6. EQ 10680284 saylı protokola görə 36 manat; 7. EQ 10680287 saylı protokola görə 18 manat; 8. EQ 10680288 saylı protokola görə 36 manat; 9. EQ 10680289 saylı protokola görə 36 manat; 10. EQ 10680291 saylı protokola görə 36 manat; 11. EQ 10680292 saylı protokola görə 36 manat;

12. EQ 10680293 saylı protokola görə 36 manat; məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 624 manat məbləğində ödəniş edilmişdir. Hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, mülkiyyət hüququ ilə «Azərmaş Alyans” MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «Azərmaş Alyans” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə lizinq müqaviləsi bağlanmış, lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazimi qaydada icra etməmiş, ödənişləri gecikdirmişdir. Bununla əlaqədar cavabdehlə yeni müqavilə bağlanmış və ödənişlərlə bağlı yeni qrafik tərtib edilmişdir. Lakin yenə də cavabdeh ödənişləri vaxtında edə bilməmişdir. Nəticədə məhkəməyə müraciət edilmiş və iş üzrə qətnamə qəbul edimişdir. Eyni zamanda cavabdehin törətdiyi inzibati xətalara görə tərtib olunmuş protokollar üzrə cərimələr ödənilmişdir və qəbzləri məhkəməyə təqdim edilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır”, “Köçüb” poçt qeydləri yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdehin adına olan əlaqə nömrələrinə SMS bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan «Azərmaş Alyans” MMC ilə Cavabdeh arasmda bağlanmış 16 oktyabr 2020-ci il tarixli ALY-333 saylı “Daxili lizinq” müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 01 saylı əlavədən görünür ki, Cavabdeh sifarişi ilə “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil 18500 manat məbləğinə «Azərmaş Alyans” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2023 saylı xx.xx.2023-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı «Azərmaş Alyans” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Əlövset oğlundan 412,03 manat əsas borc, 493,88 manat mükafat məbləği, 327,02 manat dəbbə pulu və 870,50 manat dəymiş ziyan məbləği olmaqla, cəmi 2103 (iki min yüz üç) manat 90 (doxsan) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 41 (qırx bir) manat 44 (qırx dörd) qəpik dövlət rüsumunun tutularaq iddiaçı "Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarından olan nəqliyyat vasitələri, etibarnamə və cərimələr barədə məlumatdan görünür ki, Cavabdeh İXP ******* saylı protokola görə 100 manat, İXP ******* saylı protokola görə 200 manat, EQ 10680278 saylı protokola görə 40 manat, EQ 10680283 saylı protokola görə 20 manat, EQ 10680285 saylı protokola görə 40 manat, EQ 10680284 saylı protokola görə 40 manat, EQ 10680287 saylı protokola görə 20 manat, EQ 10680288 saylı protokola görə 40 manat, EQ 10680289 saylı protokola görə 40 manat, EQ 10680291 saylı protokola görə 40 manat, EQ 10680292 saylı protokola görə 40 manat, EQ 10680293 saylı protokola görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh yazılmış cərimələrlə bağlı «Azərmaş Alyans” MMC tərəfindən 624 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli, 1143 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 16 oktyabr 2020-ci il tarixli ALY-333 saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdeh tərəfindən sifariş edilmiş və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən 03 saylı Əlavədə göstərilən əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixədək “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olmuşdur. Cavabdeh həmin müddətdə yol hərəkəti qaydalarını pozmuş, bununla əlaqədar barəsində çoxsaylı protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən cavabdehə yazılmış cərimələr iddiaçı «Azərmaş Alyans” MMC tərəfindən ödənilmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Lizinq münasibətlərindən irəli gələn münasibətləri tənzimləyən Mülki Məcəllənin maddələrinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (747.1). Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur (747.2). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (748-2.1). Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (748-2.3). Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5-ci bəndindən görünür ki, təhviltəslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır (5.1). Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır (5.2). Məhkəmə hesab edir ki, iddiaçı – lizinq verən «Azərmaş Alyans” MMC lizinq alan – Cavabdeh lizinq obyekti olan “Ravon Nexia R3” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olduğu müddətdə törətdiyi inzibati xətalara görə ona təyin edilmiş cərimələri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh inzibati xəta haqqında protokollara görə «Azərmaş Alyans” MMC tərəfindən ödənilmiş 624 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği bütövlükdə cavabdehdən tələb etməkdə də haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan, yəni cavabdeh daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30,40 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 624 (altı yüz iyirmi dörd) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar