Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-184/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəsinin dəyişdirilərək ataya verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraqaşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il təvəllüdlü X5 himayəsinin dəyişdirilərək ataya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 adlı bir övladları olmuşdur. Cavabdeh ilə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-493/2021 ci il qətnaməsi ilə xx.xx.2017-cui ildə doğulmuş X5 onunla (İddiaçı ilə) hər həftənin bazar günü 4 saat olmaqla, saat 10:00-dan günorta 14:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. Sonuncu dəfə uşaqla görüşəndə anasının yanına getmək istəməmişdir, əvvəllər də onun yanında qalmaq istədiyini demişdir. O vaxtdan onun yanında qalır. Artıq həmin evə qayıtmaq istəmədiyini deyir. Qeyd edir ki, cavabdeh ikinci dəfə ailə qurub, həmin ailədən də bir azyaşlı övladı var. Uşağının himayəsinin dəyişdirilməsini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda uşağının anasından alınaraq ona verilməsini xahiş edir. 2023-cü ilə qədər uşaq hər yay dəfələrlə onun yanında qalmışdır. Uşaq bəzən qışda da 1-2 həftə və ya 10 gün onun yanında qalırdı. Cavabdeh evləndikdən sonra isə uşağı ona göstərməməyə başladı. Uşağı həmişə onunla görüşə gələndə şikayət edirdi ki, onu cavabdehin ikinci ərinə ata deməsi üçün məcbur edir. Cavabdeh uşağına pivə süzdürüb və siqaret aldırıb. xx.xx.2024-cü il tarixdən uşaq onun yanındadır. Baş verən hadisələrin uşağı üçün mənfi psixoloji təsirləri vardır. Keçmiş qayınanası da tez-tez uşağa onu nəzərdə tuturaq “köpək oğlu” deyib və uşağını döyüb. Hesab edir ki, qeyd etdiyi hallar uşağın anasından alınması üçün kifayət qədər ciddi səbəblərdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, xx.xx.2024-cü il tarixdə uşağın ad gününü qeyd etmək üçün uşağı anasından almışdır. Daha sonra isə iddiaçı icra məmuruna şikayət etmişdir ki, o, uşağı özündə saxlayıb. Halbuki, o, cavabdehin qardaşını məlumatlandırmışdı. Bundan başqa qeyd edir ki, o, uşağının dərsləri ilə maraqlanmaq üçün məktəbə getmişdi. Bu vaxt cavabdehin öz ikinci ərini məktəbin direktoruna uşağın atası kimi təqdim etdiyini öyrənmişdir.. Məktəbdə onu gördükdən sonra isə uşaqlar Nihatı “sənin iki atan var” deyib lağa qoyublar. Uşağı ona anasını görmək istəmədiyini deyir və o, da bu səbəblə uşağı anası ilə görüşməyə aparmamışdır. Bir daha qeyd edir ki, övladı ona çox bağlıdır. Uşaq qətiyyən anasının yanına getmək istəmir. Hətta bununla bağlı icra məmuru tərəfindən akt da tərtib olunub. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə boşanandan sonra iddiaçının məhkəmə qətnaməsinə əsasən uşağı ilə hər həftənin bazar günü 4 saat görüş saatı müəyyən edilib. Cavabdeh ikinci dəfə ailə həyatı qurub, həmin nikahdan övladı da doğulub. Uşaq cavabdehlə rəsmi nikahda olan şəxsi atası kimi qəbul etmir. Bu səbəbdən uşaq iyul ayından etibarən atasının yanında qalır və artıq anası ilə yaşamaq istəmir. Bir halı da məhkəmənin nəzərinə çatdırır ki, o, iddiaçıya dəfələrlə müraciət edərək bildirmişdir ki, uşağı anasına göstərsin, lakin, uşaq anasını qətiyyən istəmir. Həmçinin icra məmurunun da iştirakı ilə görüş keçirilən vaxt uşaq anasını görmək istəmədiyini bildirmişdir. Suraxanıda keçirilən görüşdə bu halla əlaqədar hətta icra məmuru tərəfindən akt tərtib edilib. Hazırkı mübahisə ilə bağlı ekspert rəyi də var, uşağa heç bir psixoloji təsir yoxdur. Uşaq anasını istəmir, belə olan halda qətnamənin də icrası mümkün olmayacaq. Hesab edir ki, qeyd edilən hallara görə iddia tələbi tam əsaslıdır və bu səbəbdən uşaq iddiaçının himayəsinə verilməlidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən Cavabdehiddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, iddiaçı ilə barışmaq istədiyini, əks halda ailə həyatı quracağını bildirmişdir. Aralarında barışıq olmadığı üçün o, ikinci dəfə ailə həyatı qurmuşdur. İddiaçı tərəf onu istəməməsi, atası ilə qalması üçün uşağa psixoloji təsir göstərir. İddiaçı uşağı videolara çəkir, uşaq həmin videoda ağlaya ağlaya onu istəmədiyini bildirir. İddiaçı uşağa ögey-doğma ata münasibətləri söhbətləri ilə təsir edir. İddiaçı övladını onu istəməyəcəyi halda ögey atasını öldürəcəyi və həbsə düşəcəyi ilə hədələyir. İddiaçı 23 iyunda uşağı görüşmək üçün aparmış və ona geri qaytarmamışdır. Bununla bağlı dəfələrlə iddiaçı ilə əlaqə saxlayıb, hətta Polis İdarəsinə müraciət etsə də, iddiaçı uşağı ona verməkdən imtina etmişdir. Hazırda uşaqlarının hansı şəraitdə yaşadığını bilmir. Qeyd edir ki, uşaqları neçə aydır ki, məktəbə getmir. Uşağı Bakı şəhəri Suraxanı rayonu 104 nömrəli tam orta məktəbdə oxuyur. O, uşaqla danışanda iddiaçı onların danışıqlarını videoya çəkir. Ekspertizada ata uşaq eyni otaqdan çıxmışdılar. İddiaçı ona nalayiq sözlər deyir. Bir halı da qeyd edir ki, müvəqqəti təminat tədbiri tətbiq edildikdən sonra uşağı ilə görüş zamanı iddiaçı uşağını öyrədirdi. Uşaq onun yanına gələndə ona onun anası olmadığını deyərək, onu söyməyə başladı. İcraçı da bu vaxt onu qıraqdan videoya çəkirdi. Video çəkməsinin səbəbini soruşduqda isə iddiaçı ona bu videonu məhkəməyə təqdim edəcəyəini və uşağın onu istəmədiyini sübut edəcəyini bildirdi. İddiaçının vəkili Nigar xanım da onu aldadıb uşaqla görüşə çağırdı. O, da görüş yerinə getdi. O, uzaqdan uşağı görürdü, lakin sonradan uşaq aparıldı və onun yanına heç kim gəlmədi. Qarşı tərəf onu aldadıb uşağı qaçırdı. Daha sonra ona İcra idarəsindən daha İdarəyə gəlməməyi bildirildi. Bunun səbəbini soruşduqda isə uşağın onu istəmədiyi deyilmişdir. Qeyd edir ki, 9 aydır uşağı ondan alınıb və ona göstərilmir. Onun uşağı sentyabr ayından 15 oktyabra qədər məktəbə getməyib. İddiaçı ona sübut etsin ki, o, uşağını ikinci ərinə ata deməsi üçün məcbur edib və ya uşağını döyüb. O, uşağı iddiaçıya səhər verirdi, iddiaçı isə uşağı saat 6-da gətirirdi. O uşağının onun himayəsinə verilməsini tələb edir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında dindirilən xx.xx.2017-ci il təvəllüdlü X7 bildirmişdir ki, 7 yaşı var. 2-ci sinifdə oxuyur. Ən çox sevdiyi fənnlər informatika, riyaziyyat, texnologiya və təsviri incəsənətdir. Hazırda Qaraçuxur qəsəbəsində, atası, nənəsi və babasının yanında qalır. O, əvvəl anası ilə yaşayırdı. Anası ona siqaret və pivə aldırırdı. Anasının ikinci əri həmişə ona qışqırırdı. Anası onun dərsləri ilə məşğul olmurdu, atas isə həmişə onun dərsləri ilə maraqlanıb. O, 8-9 ay olar ki, atası ilə yaşayır. Anasi ilə yaşamaq istəmir. Anası onunla danışmaq üçün ona zəng etmir. O, ən çox atasını istəyir. Anası ona zorla ikinci ərinə ata dedizdirib, lakin o, anasının ərinə dayı deyirdi. 7.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İşdə olan AZ-İİ 917318 saylı doğum haqqında şəhadətnamənin surətindən göürünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur.
9. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5090/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı ilə X6 arasında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 30 iyul 2016-cı il tarixdə bağlanmış və 4029 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmayan 28 aprel 2017-ci il təvəllüdlü X5 anası - X3 himayəsində qalması, İddiaçı 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. 10.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-493/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X5 atası İddiaçı ilə hər həftənin bazar günü 4 saat olmaqla, saat 10:00-dan 14:00-dək cavabdehin iştirakı olmadan görüş vaxtının müəyyən edilməsi qət edilmişdir.
11. İşdə olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 60 manat ilkin məcburi mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin münasibətlərdən tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-5090/2020 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş və tərəflərin birgə nikahlarından olan 28 aprel 2017-ci il təvəllüdlü X7 anası - X3 himayəsinə verilmişdir. Hazırda iddiaçı uşağın anadan alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 14.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (49.2). Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (49.3). 15.Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 16.Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 17.Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (60.2). Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (60.3). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (60.4). 18.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1). 19.Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz (7.2). 20.Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3).
21. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər (7.4).
22. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (7.5) 23.Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh birgə rəsmi nikahından doğulmuş 28 aprel 2017-ci il təvəllüdlü X5 Cavabdeh alınaraq İddiaçı verilməsi üçün hər hansı əsas yoxdur. 24.Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 416 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Komissiya xx.xx.2017-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsini hazırda məqsədəuyğun hesab etməmişdir. Həmçinin Rəydən görünür ki, Nihat ilə aparılmış fərdi söhbət zamanı (psixoloqun iştirakı ilə) hər iki valideynini də çox sevdiyini, lakin anasının yenidən ailə qurduğunu, buna görə də atasının yanında könüllü qaldığını və geri qayıtmaq istəmədiyini, onun yanında özünü daha xoşbəxt hiss etdiyini, onunla yaşamaq istədiyini, anası ilə də arada görüşmək istədiyini bildirmişdir. 25.Bundan başqa həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X5 tərəflər arasındakı münaqişənin və baş vermiş hadisələrin təsiri altında olduğu, həmçinin valideynlərinin bir-birinə qarşı olan aqressiv münasibətin onun da psixologiyasına mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X5 hər iki valideyninə də qarşılıqlı emosional bağlı olduğu da müəyyən edilmişdir. 26.Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli rəyinin məzmunundan görünür ki, müayinə olunan xx.xx.2017-ci ii təvəllüdlü X7 psixoloji ekspertiza zamanı bildirmişdir ki, “...bacım, qardaşım yoxdur. 2-də oxuyuram. Yaxşı oxuyuram. Nənəm, babam, bibim, atamla yaşayırııq. Nənə ilə bibi yemək bişirir. Anam bizimlə qalmır. Anamla atam çox dava edirdilər. Anam bir dəfə atamı polisə də vermişdi. Anam ailə qurub. Atamı çox istədiyimə görə anam məni istəmir. Əvvəl anamla qalmışam. Onun təzə əri üstümə çox qışqırır, ona görə oradan çıxdım, qalmaq istəmədim. Anamın başqa oğlu da olub. Atamı çox istəyirəm. Anamla qalmadığım üçün dedi ki, Nihat mənim üçün ölüb. Axırıncı dəfə anamı yay aylarında görmüşəm məhkəmədə. Dedi ki, Nihat ayağının altında ölüm, məni seç, çıxaq gedək evimizə. Mən atamı seçdim, anam ondan sonra dedi ki, Nihat mənim üçün ölüb. Anamın əri üstümə elə qışqırırdı ki, bina tərpənirdi. Anamla qalmaq istəmirəm. Mənim evim Qaraçuxurdadır. Mənə öz evimizdə qalmaq rahatdır.” 27.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli rəyindən görünür ki, 1 sual üzrə : xx.xx.2017-ci ii təvəllüdlü X7 psixi cəhətdən normal inkişaf etməklə onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri, idrak(psixi) proseslərin inkişafında normadan kənarçıxma haaları müəyyən olunmur. 2-cü sual üzrə: X5 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. Valideynlər arasındakı şəxsiyyətlərarası qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X5 emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə sirayət etmişdir. X5 normal psixi inkişafı baxımından hər iki valideyni ilə ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. 3-cü sual üzrə: X5 psixikası və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.
28. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən hər iki valideynin sosial vəziyyəti uşağın normal şəraitli mənzildə yaşamaq, qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə kifayət qədər imkan verir. Onların həyat və mənzil şəraitinin vəziyyəti barədə iş materiallarında müayinə aktları mövcuddur. İşdən görünür ki, uşaq azyaşlı olmaqla onun ana qayğısına daha çox ehtiyacı vardır. Bu yanaşma milli hüquq tətbiqetmə təcrübəsində üstün mövqe daşıyır.
29. Belə ki, hər iki valideyn uşaqlara münasibətdə bərabər hüquq və vəzifələr daşısa da, azyaşlı uşaqların anaya daha çox bağlılığı, onların gündəlik məişət qayğılarının, təmizlik və sağlamlıqlarının qorunması və təmin edilməsində ananın ataya münasibətdə üstün təbii rolu mütləq nəzərə alınmalıdır.
30. Məhkəmə xx.xx.2017-ci il təvəllüdlü X5 7 yaşında olduğunu nəzərə alaraq onun məhkəmə iclasında səsləndirdiyi fikirlərə tənqidi yanaşır və hesab edir ki, Nihatın atası ilə qalmaq istəməsi barədə ifadələri iddianın təmin edilməsi üçün yeganə əsas ola bilməz.
31. Bu kontekstdə məhkəmə qeyd edir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən yeganə əsas kimi uşağın fikri götürülməməli, uşağın fikri digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisə həll edilməlidir. Uşağın üstün marağı dedikdə isə onun hansısa valideynə isti münasibəti deyil, ümumilikdə təlim-tərbiyəsi, təhsili, digər bacı-qardaşlarına münasibəti və s. hallar məcmu halda əsas götürülməlidir.
32. Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası X1 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığının müəyyən olunmaması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli, 11/588 nömrəli rəyi ilə razılaşmayaraq qeyd edir ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaşdırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaq hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşağın sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər.
33. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir- azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
34. Məhkəmə hesab edir ki, hazırki iş üzrə uşağın anasından ayrı yaşamasına və nəticə etibarı ilə ana tərbiyəsindən və qayğısından kənarda qalmasına əsas verən heç bir müstəsna şərait yaranmamışdır. Ona görə də uşağın üstün mənafeyi nəzərə alınmaqla tərəflərin birgə nikahından doğulmuş uşağın anasının, yəni cavabdehin yanında saxlanması məqsədəmüvafiqdir.
35. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdehdən (anasından) alınaraq iddiaçıya (atasına) verilməsi üçün hər hansı əsas olmadığından iddia tələbi təmin edilməməlidir.
36. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
38. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 39.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər onun özünə aid edilməlidir. 40.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı uşağın himayəsinin dəyişdirilərək ataya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva