Məhkəmə qərarları › İş №e-2(060)-190/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-190/2023

03.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-190/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanmaları və aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2013-cü il tarixli nikah qeydinin pozulması, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının yanında saxlanmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa ayda 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2013-cü il tarixində rəsmi nikahdan keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfatı idarə etmirlər. Cavabdeh uşaqların saxlanmasında maddi və mənəvi köməklik göstərmir. Nikahları formal xarakter daşıdığından nikahın pozulması qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 3 ay vaxt verilməsinə baxmayaraq barışıq əldə edilməmişdir. Tərəflər iki ildir ki, ayrı yaşayırlar. Uşaqlar da onun yanındadırlar. O, işləmir. Cavabdeh isə narkotikə görə həbs olunmazdan öncə taksi fəaliyyəti ilə məşğul olurdu. Onun günlük gəliri 30-50 manat arasında dəyişirdi. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikah xx.xx.2013-cü il tarixində, Sumqayıt nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Almuradov, arvada Həsənova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X4 xx.xx.2013-cü ildə, X3 xx.xx.2014-cü ildə, anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur (19.1.). Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur (21.1.). İşdən göründüyü kimi tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq, onlar arasında barışıq əldə edilməmiş və iddiaçı hələ də nikahın pozulmasında təkid edir. Bu səbəbdən tərəflər arasında nikah pozulmalıdır. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir (22.2.). İşdən görünür ki, yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanındadırlar və onların bütün tələbatları iddiaçı tərəfindən qarşılanır. Məhkəmə uşaqların anaya bağlılığını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməli, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanmalıdırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən məbləğdə alimentin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 180 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etdiyi üçün alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün (nikahın pozulması tələbi üçün) 50 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən həmin məbləğin yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində, Sumqayıt nikah evində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 İddiaçı yanında saxlansınlar. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar