Məhkəmə qərarları › İş №e-2(060)-2013/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2013/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2013/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atasının Cavabdeh olması və həmin azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2018-ci ildə ailə həyatı qurmuşdur. Onun cavabdehlə faktiki nikahlarından iki övladları: xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 vardır. O, dəfələrlə nikahlarının rəsmiləşdirilməsi barədə cavabehə bildirmiş, lakin cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh uşaqların qayğısına qalmır və uşaqların saxlanmalarına köməklik göstərmir. Bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində mülki iş üzrə ekspertin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatı məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, özü tibb bacısı işləyir və 392 manat məbləğində maaş alır. Cavabdehin iş yeri, gəlirləri barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atasıdır. Bununla bağlı mübahisə yoxdur. O, mühafizəçi işləyir və 550 manat məbləğində maaş alır. O, rəsmi nikaha daxil olmamışdır və başqa bir uşağı yoxdur. Uşaqların saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1987-ci ildə, Laçın rayonu, Məlikpəyə kəndində anadan olmuşdur. O, Laçın rayonu, Malxələf ərazi dairəsi, Məlikpəyə kəndi ərazisində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1975-ci Tərtər rayonu, Evoğlu kəndində anadan olmuşdur. O, Tərtər rayonu, Evoğlu ərazi dairəsi, Evoğlu kəndi ərazisində qeydiyyatdadır. Laçın rayonu İcra Hakimiyyəti başçısının Malxələf kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı Laçın rayonunun Məlikpəyə kəndindən məcburi köçkündür. O, müvəqqəti olaraq Sumqayıt şəhəri Sarıqaya metallurq düşərgəsində məskunlaşıb. Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X4 xx.xx.2021-ci ildə, Sumqayıt şəhərində, X3 isə xx.xx.2019-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqların anası İddiaçıdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atası olmasını etiraf etmiş və iddianın həmin hissədə təmin edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur (44.1.). Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur (44.3.). Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər (45.1.). Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər (45.2.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır (11.2.). Göründüyü kimi iddiaçı cavabdehin onun xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsini tələb edir. Belə ki, cavabdeh şəxsən özü məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atası olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiniun 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir Ona görə də məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atası olması cavabdehin özü tərəfindən etiraf olunduğundan və bunun əksini təsdiq edən hər hansı sübut iş materiallarında olmadığından iddia həmin hissədə təmin edilməli cavabdehin X1 və X2 atası olması müəyyən edilməlidir. Ailə Məcəlləsində nəzərdə tutulmuşdur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur (100.2.). Məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, uşaq yetkinlik yaşına çatana qədər sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsi onların hər iki valideyninin vəzifəsidir. Valideyinlər uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu məsələ ilə əlaqədar onların birinin üzərinə az digərinin üzərinə çox məsuliyyət qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, valideyinlərin maddi vəziyyətlərində əhəmiyyətli dərəcədə fərq olarsa onların üzərlərinə uşaqların maddi təminatı ilə bağlı fərqli öhdəliklər qoyula bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən məbləğdə alimentin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat aliment tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü ildə müraciət etdiyi üçün alimentin tutulması həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 atası olması müəyyən edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixindən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar