Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2033/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh4 ilə rəsmi olaraq ailə qurmuşdur və həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 adlı uşaqları doğulmuşdur. Sonradan ailə daxili yaranmış anlaşmazlıqlar səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və bu barədə AZ-İ № 467598 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə cavbdehlərlə atası X1 iddiaçıya miras qalmş ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. Nikah pozulduqdan sonra cavabdehlər iddiaçını atasından miras qalmış mənzilə buraxmayaraq, nəticə etibarı ilə **********21-05101-093030 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən qanuni mülkiyyətindən iddiaçını məhrum etmişlər. Hal-hazırda cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar və iddiaçını həmin mənzilə buraxmırlar, iddiaçı da məcburiyyətdən kirayə qaldığı mənzildə yaşayır. Dəfələrlə cavabdehlərə 9000 manat dəyərində kompensasiya verməklə iddiaçıya məxsus mənzili boşaltmalarını xahiş etsə də, onlar iddiaçı ilə razılaşmamışlar. Buna görə də hazırki mülki mübahisənin mediyasiya yolu ilə həllinə çalışmış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, cavabdehlər mediyasiya sessiyasında iştirak etməkdən boyun qaçırdıqlarından mübahisənin sülh yolu ilə həlli baş tutmamışdır. Kompensasiyanın məbləğinə gəldikdə isə onu da qeyd edir ki, həmin məbləğ iddia predmetini təşkil edən mənzilin yerləşdiyi yer üzrə kirayə evlər bazarında mövcud olan aylıq kirayə haqlarına uyğun hesablanmışdır. Belə ki, iddiaçının mənzilinin yerləşdiyi yer üzrə mənzil kirayə bazarında aylıq mənzil kirayə haqları 200-250 azn təşkil edir. Cavabdehlərlə ailə münasibətləri 2009-cu il 1 oktayabr tarixinədək yarandığından hazırkı mülki mübahisəyə köhnə Mənzil Məcəlləsinin, habelə mülki qanunvericiliyin digər normalarına və məhkəmə praktikasında formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq cavabdehlərə 9000 manat məbləğində kompensasiya verilməklə onların **********21-05101-093030 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən qanuni mülkiyyətində olan, atası X1 iddiaçıya miras qalmş ünvan 1 ünvanında yerləşən mənzildən isitfadə hüquqlarına xitam verilməli, habelə cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh4, Cavabdeh2, X3 və Cavabdeh3 9000 manat kompensasiya ödənilməklə, onların **********21-05101-093030 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən qanuni mülkiyyətində olan atası X1 iddiaçıya miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən isitfadə hüquqlarına xitam verilməsi, habelə cavabdehlərin həmin mənzildən şəxsi əşyaları ilə birlikdə çıxarılması, habelə ödənilmiş vəkil xidmət haqqına görə 350 manat, mediyasiya xidmət haqqına görə 50 manat və dövlət rüsumunun əvəzi olaraq 60 manat pul vəsaitlərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə öz izahatında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, 10.000 manat məbləğində kompensasiya məbləği ödəməyə razı olduğunu bildirmişdir.
4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia tələbinə etiraz edərək, 80.000 manat kompensasiya ödənilməsini, əks halda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbi təmin edilməməlidir.
7. Sonuncu məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 36, 54 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2006-cı ildən etibarən X2, Cavabdeh2, X8, Cavabdeh4, X5, X6, X4 və Cavabdeh3 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, 54 saylı mənzildə qeydiyyatdadırlar.
12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 25 noyabr 2023-cü il tarixində verilmiş AZ-İ № 467598 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə 04 oktyabr 2023-cü il tarixində 492 nömrə ilə qeyd edilmişdir.
13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AE 07-019/25 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış təhlillərə və hesablamalara əsasən ünvan 1-ün müqayisə yanaşması ilə hesablanmış aylıq kirayə dəyəri 11 iyul 2025ci il tarixinə 250 manat təşkil edir. Ekspertiza xərci 300 manat təşkil edir.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00039 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 36, 54 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər onun keçmiş arvadı və övladlarıdır. Cavabdehlər sözügedən mənzildə qeydiyyatdadırlar və hazırda yaşayırlar. İddiaçı cavabdehlərə 9000 manat kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Eyni zamanda, iddia tərəfi məhkəmə prosesinin gedişatı zamanı kompensasiya məbləğinin 10000 manat məbləğinə qaldırılmasına etiraz etmədiyini bildirir. Cavabdehlər iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
20. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
23. Göstərilən Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfə məhkəmə tərəfindən cavabdehə ağlabatan məbləğdə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi təklif olunsa da, iddiaçı tərəf buna razı olmamışdır. Belə ki, iddiaçı tərəf 10.000 manat kompensasiya məbləğini ödəməyə razı olduğunu bildirmişdir.
27. Məhkəmə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi iddiaçının mülkiyyət hüququnu təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
28. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
29. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
30. Məhkəmə həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinin göstərişi baxımından işin hallarını araşdırmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərin daimi yaşayış yeri yoxdur (iddaçı tərəfindən cavabdehlərin daimi yaşayış sahəsinə malik olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir).
31. Göründüyü kimi iddiaçı tərəfin təklif etdiyi 10.000 manat kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını istisna edir.
32. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı 250 manat təşkil edir.
33. Məhkəmə mütəxəssis rəyi ilə bağlı qeyd edir ki, qeyd olunan məbləğ bazar qiymətlərinə uyğun gəlmir. Bu səbəbdən məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmir.
34. Bununla əlaqədar həmin məbləğin artırılması iddiaçı tərəfə təklif edilsə də, iddiaçı tərəf 10.000 manat məbləğdən artıq kompensasiya verilməsinin mümkün olmadığını bildirmişdir.
35. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddiası rədd edilməlidir.
39. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülməlidir.
Nəticə hissəsi:
46. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və s. tələbi"nə dair iddiası rədd edilsin. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva