Məhkəmə qərarları › İş №e-2(060)-2073/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2073/2022

15.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2073/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 mart 2018-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. onların birgə fakitiki nikahlarından 22 mart 2019-cu ildə X5 adlı övladları anadan olmuşdur. Cavabdehlə rəsmi nikahları olmadığına görə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin 11 aprel 2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh 22.03.2019-cu il təvəllüdlü X3 atası hesab edilmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmış, bu səbəbdən də hazırda ayrılaraq birgə təsərrüfat idarə etmirlər. O, hal-hazırda heç bir yerdə işləmir, uşağın maddi ehiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşağı ilə maraqlanmır, uşağın maddi və mənəvi təlabatlarının yerinə yetirilməsində iştirak etmir. Qeyd olunan məsələlərin məhkəmədənkar qaydada mediasiya sessiyasında nizama salınması üçün tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmiş, cavabdeh məktuba cavab vermədiyi üçün tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və o ilkin mediasiya sessiyasında da iştirak etməkdən imtina etdiyi üçün bu barədə arayış verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən 22 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment, 200 manat maddi yardım və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 15.03.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, 15 dekabr 2020-ci il tarixdən hal-hazıra kimi fərdi sahibkar X4 məxsus Abşeron Gənclər Şəhərciyində yerləşən “Sans Market”-də satıcı işləyir. Aylıq vəzifə maaşı 300 (üç yüz) manat təşkil edir. Bunu etiraz ərizəsinə əlavə edilən 01.03.2022-ci il tarixli arayış təsdiq edir. Digər bir yerdən qazancı yoxdur. Bundan əlavə İddiaçı tərəfindən iddia ərizəsində 200 (iki yüz) manat maddi yardımın ondan tələb edilməsi tam əsassızdır. Ona görə də məhkəmədən faktiki nikahdan anadan olmuş 22 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 100 (yüz) manat alimentin ondan tutularaq İddiaçı ödənilməsi, iddianın 200 (iki yüz) manat maddi yardım və mediasiya xərcinin əvəzi olaraq 25 manatın ondan tutularaq İddiaçı ödənilməsi hissəsində rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında cavabdehin qazancı barədə rəsmi məlumatlarının olmadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin digər nikahdan olan qızına nənə-babası baxır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək qeyd etdi ki, uşağın 3 yaşı tamam olduğundan maddi yardım hissəsində iddia tələbi əsassızdır.Alimenti ödəməkdən isə imtina etmədiyini, himayəsində anasının, həmçinin əvvəlki nikahdan 1 qızının olmasının, aylıq vəzifə maaşının 300 manat olmasının nəzərə alınaraq məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 371512 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 22.03.2019-cu il təvəllüdlü X3 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 155407 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 mart 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 01.03.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 15.12.2020-ci il tarixdən hal-hazıra kimi fərdi sahibkar X4 məxsus Abşeron Gənclər Şəhərciyində yerləşən SANS MARKET-də satıcı işləyir və aylıq vəzifə maaşı 300 manatdır. İş materiallarında olan X7 adına Milli Oftalmologiya Mərkəzinin 01.04.2022-ci il tarixli, 356 №-li məktubundan görünür ki, 22.03.2019-cu il təvəllüdlü X5 04.11.2019-cu il tarixdən X7 adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatdadır. Ona qoyulan diaqnoz nazolakrimal kanalın obstruksiyası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında Cavabdeh izahatına və təqdim olunmuş əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh həmin məbləği ödəmək üçün əmək haqqının yetərli olmadığı, həmçinin onun satıcı işləməsini, yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun olaraq məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla təyin edilməlidir. Buna görə də 22.03.2019-cu il təvəllüdlü X1 üçün 140 manat məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağın 3 yaşına çatanadək 200 manat maddi yardım tələb edilməsi ilə bağlı tərəflər məhkəmə iclasında çəkişmə prinsipinə uyğun dinlənilərkən cavabdeh bildirmişidir ki, övladının mütəmadi olaraq müalicəyə ehtiyacı yoxdur. Onun maddi yardımla bağlı ödənişləri etməyə imkanı çatmır.Cavabdeh bildirdiklərini təkzib edən hər hansı bir sübut məhkəməyə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı uşağın saxlanması üçün 193 manat aliment və uşağın 3 yaşına çatanadək 200 manat maddi yardım tələb etməsinə baxmayaraq, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbinə əsasən bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iş materiallarından da göründüyü kimi İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı olaraq 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddiaçı iddia ərizəsində mediasiya xərcinin əvəzi olaraq 25 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikah münasibətlərindən olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, hazırki yaşayış minimumu həddini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək 22 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 25 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 18 fevral 2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18.02.2022-ci il tarixindən etibarən 22.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar