Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2263/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3567/2013 saylı, 23 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 12 iyun 2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X3 adlı bir övladları dünyaya göz açmışdır. Cavabdehla ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birlərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsi olmuşdur. Nikahları kağız üzərində qaldığına görə, onun ləğvi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3567/2013 saylı, 23 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən, onunla Cavabdeh arasındakı nikah ləğv edilmiş, övladı onun himayəsinə verilmiş və onun saxlanılması üçün Cavabdeh hər ay hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxt Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPŞ-nin PPXB-in polis serjantı polis nəfər vəzifəsində işləmiş və aylıq əmək haqqı 328 manat təşkil etmişdir. Məhkəmə Cavabdeh aylıq qazancı olduğu üçün, əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsinin çıxarılmasından on ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh bu illər ərzində hər ay 100 manatdan artıq ödəniş etməmişdir. Halbuki Azərbaycan Respublikasında yaşayış minimumu, aliment, pensiyalar, minimum əmək haqqı və digər ödənişlər ilbəil artmaqda davam edir. Amma bütün bunlara baxmayaraq Cavabdeh hər ay cəmi 100 manat ödəniş etmişdir. Qeyd olunan məbləğ ağlabatan deyil, çünki 2013-cü ildən bu günədək Cavabdeh əmək haqqısı artmışdır. Onun 23 sentyabr 2013-cü il tarixdən sonra əmək haqqındakı sonrakı artımlar (sonuncu əmək haqqı göstərilməklə) nə qədər olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis Şöbəsinə vəkil sorğusu göndərilmiş, lakin həmin qurumlar tərəfindən heç bir məlumat verilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, övladı böyüdükcə təlabatları günü-gündən çoxalır, o cümlədən qayğıları da artmaqda davam edir. Tək qadın olaraq bütün bunların öhdəsindən gəlmək iqtidarında deyildir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3567/2013 saylı, 23 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimetin miqdarı dəyişdirilərək sabit pul məbləğində olmalı və bu məbləğ uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq 235 manat olmalıdır. Çünki Cavabdeh könüllü olaraq övladına əlavə olaraq heç bir maddi yardım göstərmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasında, Azərbaycan Respublikası Ailə Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda - uşaqların qayğısına qalmaq, o cümlədən onların maddi və mənəvi tələbatları təmin etmək valideynlərin əsas vəzifəsi olaraq göstərilmişdir. Cavabdeh da bir ata olaraq bunları dərk etməli və uşaqların sağlam böyüməsi üçün uşaqlar üçün nəzərdə tutulmuş minumum aliment məbləğini ödəməlidir. Çünki bütün bunlar bir valideyn olaraq onun vəzifəsidir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər 2010-cu ildə rəsmi nikah münasibətinə daxil olmuşdurlar. 2012-ci ildə birgə nikahlarından 1 uşaqları dünyaya gəlmişdir. 2013-cü ildə isə aralarındakı rəsmi nikah pozulmuşdur. Həmin vaxt cavabdeh Abşeron rayon Polis Şöbəsində işləyirdi, 380 manat məbləğində əmək haqqı alırdı. Artıq 10 ildən çox müddət keçmişdir. İndiyə kimi iddiaçıya ödənilən alimentin məbləği 100 manatdan çox olmamışdır. Bu barədə bank çıxarışı da təqdim etmişdir. Daxili İşlər Nazirliyinə sorğu verilmiş, daha sonra isə sorğu ilə əlaqədar xatırlatma məktubu göndərilmişdir. Buna baxmayaraq sorğuları cavablandırılmamışdır. Aliment icra olunması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmiş, 2-3-cü aydan sonra ödənişlər dayandırılmışdır. 2013-cü ildən cavabdeh iş yerini dəyişməmiş, bu illər ərzində əmək haqqı dəfələrlə artmışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, vəkilin dedikləri ilə razıdır və qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.
5. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-3256/2013 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanılmış 846 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan övladı xx.xx.2012-ci il təvəllüdlü X1 İddiaçı himayəsində qalması, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay xx.xx.2013-cü il tarixdən başlayaraq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 59/2-29560 nömrəli məktubdan görünür ki, Cavabdeh hal-hazırda Abşeron RPİ-nin X2 polis sahə rəisi vəzifəsində xidmət edir və Abşeron RPİ-nin əmək haqqı cədvəlinə uyğun olaraq aylıq 846,19 manat əmək haqqı alır.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
18. Qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulması ilə bağlı tələbini nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
19. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3256/2013 saylı, 23 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə uşaqlara görə tutulan alimentin məbləği müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
20. Alimentin miqdarına gəlincə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar da nəzərə alınmalıdır. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 59/2-29560 nömrəli məktubundan göründüyü kimi cavabdeh 846,19 manat əmək haqqı alır. Göründüyü kimi cavabdeh qanunun uşaqlar üçün müəyən etdiyi yaşayış minimumu həddində, yəni 235 manat məbləğində aliment ödəmək imkanına malikdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
24. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
25. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva