Məhkəmə qərarları › İş №e-2(060)-2266/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2266/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2266/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Qarşılıqlı iddia tələbi:

2. İddiaçılar Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq cavabdeh İddiaçı 5000 manat mənəvi ziyana görə təzminatın, dövlət rüsumu kimi köçürdüyü 70 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İlkin iddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçı 1999-cu il tarixindən bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində xidmətçi kimi işləmişdir. Bütün bu müddət ərzində işində məsuliyyətli, gülərüz, kommunikativ və peşəkar işçi kimi çalışmışdır. İddiaçı bu gün də həmin agentlikdə nümunəvi xidmətçi kimi işləyir. 2010-cu ildən iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cavabdeh xidmətçi qismində təyin edilmişdir. 2010-cu ildən 2022-ci ilədək Cavabdeh baxmış, onun qayğısına qalmışdır. Buna baxmayaraq cavabdeh iddia edir ki, iddiaçı ona baxmamış və onun qeydinə qalmamışdır. Cavabdehlə tanışlığının ilk vaxtlarında iddiaçı ilə aralarında heç bir problem olmamışdır. İddiaçıdan və onun göstərdiyi xidmətdən çox razı idi. Hətta cavabdeh iddiaçı haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə iki dəfə təşəkkür xarakterli məktublar belə ünvanlamışdır. Lakin son 1-1,5 ildir ki, cavabdeh bilərəkdən, əsası olmayan şikayət ərizələri ilə müxtəlif orqanlara müraciət etmişdir. Cavabdeh öz şikayətlərində bildirmişdir ki, guya iddiaçı ona yaxşı baxmır, qulluq etmir, onunla kobud rəftar edir, hətta aralarında hər hansısa bir münaqişə olanda guya cavabdehin başına telefonla vurur. Cavabdehin öz ərizələrində bildirdikləri tamamilə yalan və böhtan xarakterlidir. İddiaçı vəzifəsini həmişə yetərincə layiqli yerinə yetirmiş, xidmətini xüsusi nəvazişlə, qayğıyla görmüşdür. Cavabdehə də hər zaman xüsusi nəvaziş və həssaslıqla yaxınlaşmış, onun qayğısına layiqincə qalmışdır. Buna baxmayaraq cavabdeh öz əməlindən əl çəkməmiş və onun barəsində müxtəlif şikayət ərizələri ünvanlamağa davam etmişdir. Bu isə öz növbəsində ona dərin sarsıntılar keçirtmişdir. Cavabdehin bu böhtanları nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Bütün bunlar onun gündəlik və iş həyatına mənfi təsir göstərir. İddiaçı lazımsız gərginliklər, əsəbilik, stres yaratmışdır. Adını lazımlılazımsız orqanlarda hallandıraraq yalanlarla dolu şikayətlər yazmaqla sağlamlığına ciddi zərər vurmuşdur. Onun hərəkətləri nəticəsində iddiaçı psixiloji travma yaşamışdır. Həmçinin cavabdeh tərəfindən yazılan şikayətlər nəticəsində iddiaçının iş nüfuzuna da ciddi ziyan dəymişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar:

4. Cavabdeh İddiaçı ona qarşı məhkəmədə mənəvi ziyana görə 1000 manat məbləğində təzminatın və 30 manat dövlət rüsumunun alınıb qaytarılması barədə iddia qaldırmışdır. O, iddia tələbini qəbul etmir və qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək bildirmək istəyir ki, o, bu şəxsi 2018-ci ilin aprel ayının 9-dan tanıyır. Belə ki, o, 2-ci qrup əlildir. Tənha, kimsəsiz yaşadığı üçün ona Sumqayıt şəhər DSMF-dan həmin vaxtdan sosial işçi (baxıcı) kimi cavabdeh təyin olunmuşdur. Onun bacısı və qardaşı da təqaüdçüdürlər. Bu qadın 2023-cü ilin yanvar ayının 19-dək ona xidmət etmiş və həmin vaxtdan sonra isə onun şikayəti əsasında onu X1 adlı bir baxıcı ilə əvəz etmişdirlər. Cavabdehlə münasibətləri ilk vaxtlar normal olmuş və o, bir ana kimi onu qəbul etmişdir. Lakin 2022-ci ilin əvvəllərində onda şübhələr yaranmış və o, cavabdehin işlədiyi orqandan ona baxıcının hansı vaxtdan təyin edilməsini öyrənmək qərarına gəlmişdir. 2022-ci ilin sentyabr ayının 1-də agentliyin əməkdaşı Məmmədli Faiq ilə cavabdeh onun yaşadığı ünvana gəlmiş və ondan xahiş etmişdir ki, ona baxıcının hansı vaxtdan təyin olunduğunu araşdırsın. Bir müddət sonra da Baxtilə onun yaşadığı ünvana gəlmiş və ondan hansı vaxtdan baxıcı təyin olunduğunu soruşduqda onu təhqir etmiş və demişdir ki, «sən kimsən, nəçisən, nəyinə gərək» demiş və bu sözləri onda əsəb və stres yaşatmışdır. 2022-ci ilin oktyabr ayında cavabdeh onun mənzilində olarkən o, yenə də ondan kimin təyin olunduğunu soruşduqda onu acılamış, kobud cavablar vermişdir. Əlacsız qalıb Məmmədli Faiqə zəng vurmuşdur. Bu zaman Faiq müəllim ona bildirmişdir ki, cavabdeh 2010-cu ildən ona baxıcı təyin olunmuşdur. Özü gələndə sənə deyəcəkdir. O, həmin xanımın yanında olduğunu bildirmiş və Faiq müəllim telefonu ona verməyini demişdir. O da telefonu cavabdehə vermişdir. O başqa bir otağa keçərək onunla nə isə danışmışdır. Bundan sonra o olan otağa keçərək oturduğu yerdə telefonu onun başına qaldırmışdır. Onu acı sözlərlə təhqir edərək demişdir ki, «sən kimsən, nəçisən, mənim maaşımı kəsəcəksən» demişdir. O, özünü müdafiə edərək başını yana əymişdir. Onun halı pisləşmişdir. O, əsəb-stres keçirtmişdir. Həkimə müraciət etmiş, müalicələr almış, 2 dəfə stasionar şəraitdə ayrı-ayrı vaxtlarda müalicələr qəbul etmişdir. Bundan sonra o, dəfələrlə AR SXA-nin Abşeron-Xızı Regional Sumqayıt filialına məktublar göndərmiş və bütün müraciətləri nəticəsiz qaldığı üçün yuxarı dövlət qurumlarına müraciətlərini göndərmişdir. Daha sonra o, Sumqayıt şəhər Prokurorluğuna da şikayət ərizəsi göndərmişdir. X5 Xidmətindən Məmmədli Faiqlə birlikdə nümayəndə gəlmişdir. Ondan izahatlar götürmüşdür. Hal-hazırda da həm prokurorluqda, həm də Maliyyə Nəzarət Xidmətində araşdırma gedir. 2023-cü il mart ayının 2-də Nazirliyin Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanov onu qəbul etmişdir. 2023-cü ildə isə AR SXA-nin sədri X7 proqramı vasitəsi ilə onu video görüntü ilə qəbul etmiş, dinləmişdir. O, bütün hadisələr barədə onlara həm yazılı, həm də canlı məlumat vermişdir. Bu görüşlərdən sonra AR SXA-nin sədr müavini Faiq Ağayevin imzası ilə ona cavabdehin cəzalanması barədə məktub gəlmişdir. Lakin o, bu cəzalandırma ilə narazı qaldığı üçün yenidən müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdeh ona qarşı qanunsuzluğa yol vermiş və ona faktiki olaraq 2018-ci ildən xidmət etdiyi halda o, öz iddiasında da guya ona 2010-cu ildən xidmət etməsi barədə yalan məlumatlar vermiş və ona bu gün də stres yaşatmağa davam etmişdir.O hətta 3 dəfə onun evinə gəlmiş, sonuncu dəfə isə 2023-cü ilin fevral ayında bacısı Gülşənlə onun evinə gələrək şikayətlərini geri götürməyini xahiş etmiş, lakin o, buna etiraz etmişdir. Göründüyü kimi cavabdeh özü öz əməlləri ilə ona mənəvi ziyan vurmuş və o, həmin ziyanı 5000 manat məbləğində qiymətləndirir. Onun şahidi X2 onunla qonşuluqda yaşamaqla qeyd etdiyi faktları məhkəmədə təsdiqləyəcəkdir.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Onlar həssas insanlarla çalışırlar. Onlara güldən ağır söz demirlər. O, cavabdehə telefonla vurmamışdır. Əgər vursaydı, polisə şikayət edə bilərdi. Çünki onsuz da davamlı olaraq polisə şikayətlər etmişdir. İİ qrup əlilliyi olduğu üçün cavabdehə 2010-cu ildən etibarən evində xidmət göstərir. Sənədlər İdarənin özündə olur, həmin sənədlərə əsasən xidmət göstərmişdir. Vətəndaş müraciət etmədən də xidmət edirlər. Yardıma ehtiyacı olan şəxsləri tanıyırlar. Bu barədə İdarə məlumat verir. Həmçinin xidmət etdikləri şəxslər də qohumlarına və ya qonşularına yardım lazım olduğu zaman bildirir. O, cavabdehin işlədiyini bilməmişdir. Onu hər zaman xəstə halda və müalicə alanda görmüşdür. Həftədə 2 dəfə 2 saat olmaqla cavabdehə xidmət etmişdir. Cavabdehin şikayətlərinə əsasən İdarədən ona xəbərdarlıq olunmuşdur. İdarə də şikayətlərdən bezdiyi üçün belə etmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, qarşılıqlı iddia tələbini qəbul etmir. İddia tələbi mənəvi ziyanla bağlıdır. İddiaçı bu illər ərzində sosial xidmətçi kimi işləmişdir. İntizam tənbeh tədbirinə məruz qalmamışdır. Yaxşı işçi olmuşdur. İddiaçı cavabdehə qulluq etmişdir. Cavabdeh müxtəlif orqanlara şikayət ərizələri yazır, iddiaçının onunla kobud rəftar etdiyini bildirir. Bütün bunlar iddiaçının işinə mənfi təsir edir. Qarşı tərəf isə şikayətlərini dayandırmır. Dəfələrlə şikayət edildiyi üçün İdarə bezərək xəbərdarlıq etmişdir. Xəbərdarlıq şəxs barəsində heç bir məsuliyyət yaratmır. Cavabdeh əsassız şikayətlərini dayandıracağı barədə öhdəlik götürsə, onlar mənəvi ziyan tələbini geri götürərlər. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı 2010cu ildən 2023-cü il tarixinə qədər ona xidmət etdiyini bildirmişdir. Lakin İddiaçı 7 il ərzində onun sosial xidmətçisi kimi fəaliyyət göstərməli olsa da, həmin illər ərzində öz fəaliyyətini yerinə yetirməmişdir. Onu evdə vurmuşdur. Bununla əlaqədar olaraq həkimə müraciət etməli olmuşdur. 1 bacı və 1 qardaşı vardır. Qeyd olunan şəxslərdən başqa heç kimi yoxdur. Əvvəllər 15 şirvan məbləğində təqaüd alırmış, imkanı olmadığı üçün xəstəxanaya gedə bilməmiş və çox çətinlik çəkmişdir. 2000-ci ildə 2-ci qrup əlilliyi ilə əlaqədar təqaüdə çıxmışdır. 2007-ci ilə qədər işləyə bilməmiş və xəstəxanaya gedə bilməmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müraciət etmiş və onu asan işlə təmin etmişdirlər. Ay ərzində 7 gün işləmiş və bu müddətdə müalicə almışdır. İddiaçı onun sosial xidmətçisi kimi təhkim olunsa da, onun bu barədə xəbəri olmamışdır. Sosial xidmətçilər ona təqdim olunan zaman Baxtilə içəriyə daxil olaraq ondan su istəmiş və onun sosial xidmətçi kimi seçilməsini xahiş etmişdir. Onun üçün isə kimin sosial xidmətçi seçilməsinin fərqi yox idi. Bundan 2-3 gün sonra Dövlət Sosial Müdafiə Fonduna getmiş və Baxtilə adlı qadının sosial xidmətçisi olmağını xahiş etmişdir. İddiaçı 2010-cu ildən onun sosial xidmətçisi təyin olunmuş, lakin 2018-ci il tarixindən etibarən həmin şəxsi görmüşdür. Hər zaman Baxtilə evə gələndə onu yaxşı qarşılamışdır. Hətta onun barəsində 2 dəfə təşəkkür məktubu göndərmişdir. 3 il müddət keçdikdən sonra sosial xidmətçi olaraq ona kimin təhkim olunduğunu soruşmuş, o isə kimin təhkim olunduğunu bilməyinin lazım olmadığını və ona baxdığını bildirmişdir. Buna görə də onda şübhə yaranmışdır. 2022-ci il tarixində isə ayda bir dəfə gələcəyini bildirmişdir. Faiq müəllim bildirmişdir ki, 2010-cu ildən İddiaçı ona sosial xidmətçi olaraq təhkim olunmuşdur. Qonşu da buna şahid olmuşdur. Baxtilə Faiq müəllimlə danışdıqdan sonra ona əsəbləşmiş və onu vurmağa çalışmışdır. O isə özünü müdafiə etmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Cavabdehin şikayətləri əsasında iddiaçının iş yerindən ona xəbərdarlıq edilmişdir. Qarşılıqlı iddia verilməsi iddiaçı tərəfindən cavabdehə qarşı kobud rəftar edilməsi ilə əlaqədardır. Sonda məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, 2014-cü ildən Cavabdeh ilə qonşudur. 2021-ci ildə oradan köçmüşdür. Lakin bir-birləri ilə münasibətləri vardır, ana-övlad kimidirlər. İddiaçı baxıcısı olmuşdur. Lakin sonradan oradan ayrılmışdır. Bir dəfə danışanda demişdir ki, halı pisdir. Buna görə onun yanına getmişdir. Həmçinin iddiaçı cavabdehə əl qaldırmışdır. 2010-cu ildə ayrılmış, 2018-ci ildən baxmağa gəlmişdir. Əl qaldırmasını görməmişdir.

Tədqiq olunan sübutlar:

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 49 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2007-ci il (Əmr 68,xx.xx.2007-ci il) tarixdən xx.xx.2018-ci il tarixədək (Əmr 2, xx.xx.2018-ci il) Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kiçik tibb bacısı vəzifəsində işləmişdir.

11. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi X6 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizə ilə İddiaçı barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsini, ən azından şiddətli töhmətlə cəzalandırılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-3/2-H-10561/202 saylı məktubun surətindən görünür ki, ona evdə (səyyar) sosial-məişət xidməti göstərən Abşeron-Xızı regional filialının sosial xidmətçisi İddiaçı barəsində müvafiq intizam tənbehi tədbiri görülmüşdür.

13. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Cavabdeh ikinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir.

Məhkəmə baxışının hədləri:

14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarı.

17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia və qarşılıqlı iddia rədd edilməlidir.

19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ikinci dərəcəli əlildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyi Abşeron-Xızı regional filialının sosial xidmətçisi İddiaçı ona evdə (səyyar) sosial məişət xidmət göstərən sosial xidmətçi kimi təyin olunmuşdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi ilə bağlı, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh isə cavabdeh İddiaçı 5000 manat mənəvi ziyana görə təzminatın, dövlət rüsumu kimi köçürdüyü 70 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair məhkəmədə iddia qaldırmışlar.

20. Məhkəmə hər iki tərəfin, yəni ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının tələbinin mənəvi zərərin ödənilməsindən ibarət olduğunu nəzərə alaraq, hesab edir ki, ilk növbədə mənəvi zərərlə bağlı qanunvericiliyə və həmin qanunvericiliyin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında qeyd edilmiş mövqelərə əsasən mənəvi zərərin hansı əsaslarla yarandığı və hansı hallarda ödənilməli olması məsələsinə diqqət yetirilməlidir.

21. Mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır (“Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı).

22. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı).

23. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

24. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

25. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

26. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

28. İlkin iddia üzrə İddiaçı ona mənəvi zərərin dəyməsinin əsası kimi cavabdehin bilərəkdən, əsası olmayan şikayət ərizələri ilə müxtəlif orqanlara müraciət etməsini və cavabdehin öz ərizələrində bildirdiklərinin tamamilə yalan və böhtan olduğunu bildirir və buna görə ona 1000 manat məbləğində mənəvi ziyan dəydiyini iddia edir. İddiaçı iddia ərizəsinə cavabdehin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış ərizəsini əlavə etmişdir.

29. Məhkəmə qeyd edir ki, iddiaçının sosial işçi olaraq fəaliyyəti ilə bağlı cavabdeh tərəfindən müxtəlif orqanlara şikayətlərin edilməsi cavabdehin hüququ olmaqla, onun qanunsuz hərəkəti kimi qiymətləndirilməklə mənəvi zərərin dəyməsinin və ödənilməsinin əsası ola bilməz.

30. Belə ki, demokratik cəmiyyətin və hüquqi dövlətin möhkəmlənməsi və inkişafına təkan verən əsas hüquqlar sırasında müraciət etmək hüququ xüsusi yer tutur. Həmin hüququn təmin olunması hər kəsin sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının, o cümlədən təhlükəsizliyinin qorunması və müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, onların daha dolğun həyata keçirilməsinə zəmin yaradır .

31. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində müəyyənləşdirilmişdir. Bu hüququn tənzimlənməsini nəzərdə tutan «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin 1-ci abzasına əsasən dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər.

32. Cavabdeh iddiaçının qanunsuz hesab etdiyi hərəkətləri ilə bağlı onun işlədiyi müəssisəyə və digər orqanlara şikayət məzmunlu məktub ünvanlamaqla Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müraciət və tənqid etmək hüququndan istifadə etmişdir.

33. Məhkəmə hesab edir ki, iddiaçının iddiasına əsas verən cavabdehin şikayət ərizəsində qeyd etdikləri ona xidmət edən sosial işçinin xidmətindən narazılığını ifadə edən, eyni zamanda onun hansı dövrdən ona xidmət etməsi hallarının aydınlaşdırılmasına dair hallarla bağlıdır.

34. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin şikayətində yer alan ifadələr məhkəmə tərəfindən iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatlar kimi qiymətləndirilmədiyindən, habelə iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirmədiyi üçün, onun mənəvi ziyan tələbi əsaslı hesab və təmin edilə bilməz.

35. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, bu tələbə ilkin iddianın təmin edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir.

36. Məhkəmə qeyd edir ki, qarşlıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia edir ki, qarşılıqı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən ona 5000 manat məbləğində mənəvi ziyan dəymişdir. Qarşlıqlı iddia tələbi üzrə iddiaçı bunu cavabdehin ona 2010-cu ildən sosial işçi təyin olunmasına baxmayaraq 2018-ci ildən ona xidmət etməyə başlaması, bunu qarşılıqlı iddia üzrə cavabdehdən soruşduqda onun telefonu başına qaldırmasını və onu təhqir etməsini, bunun nəticəsində əsəb-stress keçirdiyini və müalicə aldığını göstərmişdir.

37. Yuxarıda da qeyd olunduğu kimi şəxsə mənəvi zərərin dəyməsi digər şəxsin qanunsuz hərəkəti və bu hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olduğu halda mümkündür.

38. Lakin hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu təhqir etməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia etdiyi kimi İddiaçı ona 2010-cu ildən sosial işçi olaraq təyin edilməsi ilə ona mənəvi zərərin dəyməsi (mənəvi sarsıntı və ya mənəvi iztirab keçirməsi) arasında səbəbli əlaqənin olduğunu təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir.

39. Yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

40. Cavabdehin məhkəməyə təqdim etdiyi xəstəlik barədə sənədlərin müəyyən hissəsi kserosurət olmaqla və eyni zamanda həmin sənədlərin bir hissəsi tərəflər arasında mübahisənin yarandığından əvvəlki dövrə aid olmaqla yanaşı, həmin sənədlərdə göstərilən xəstəliklərin qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsinin olması da müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Məhkəmə qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

42. Hazırki iş üzrə qarşılıqlı iddia üzrə iddiaçının öz iddia tələbini təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid ifadəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, şahid hadisənin bilavasitə şahidi olmadığından onun ifadəsi təkzibolunmazlıqla bağlı tələblərə cavab verən mötəbər sübut kimi qəbul edilə bilməz.

43. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.

Nəticə:

44. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia tələbi üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 5000 manat mənəvi ziyana görə təzminatın, dövlət rüsumu kimi köçürdüyü 70 manat məbləğində pulun alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar