Məhkəmə qərarları › İş №e-2(060)-2277/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2277/2025

19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2277/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il təvəllüdlü X4 məktəbə qədər və orta məktəb təhsili alması üçün tələb edilən əlavə xərclərin ödənilməsi məqsədilə xx.xx.2024cü il tarixindən başlayaraq orta məktəbi bitirənə qədər hər ay 60 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Elman qızına ödənilməsi, 60 manat mediasiya xərcinin, 100 manat hüquqi xidmət xərcinin, cəmi 160 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq “xx.xx.2019-cu il təvəllüdlü X4 məktəbə qədər və orta məktəb təhsili alması üçün tələb edilən əlavə xərclərin ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixindən başlayaraq orta məktəbi bitirənə qədər hər ay 60 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Elman qızına ödənilməsi, 60 manat mediasiya xərcinin, 100 manat hüquqi xidmət xərcinin, cəmi 160 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-2262/2024 saylı qətnaməsi ilə isə İddiaçı iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bu qətnamə üzrə verilmiş icra vərəqi üzrə icra işi Sumqayıt şəhəri üzrə İcra İdarəsində icra məmuru X1 icraatındadır. Bütün dünyada olduğu kimi ölkəmizdə də baş verən bahalaşma, inflyasiya səbəbi ilə əsas qida məsulları və geyim əşyalarının qiyməti də getdikcə artır. Məhz bu bahalaşma səbəbi ilə “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 96-VİİQ nömrəli Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bundan başqa cavabdeh Prokon MMC-də çalışır və aylıq 1500 manat maaş alır. Bundan başqa xx.xx.2009-cu il təvəllüdlü X7 artıq 6 yaşında olduğu üçün məktəbə qədər hazırlığa getməsi zəruridir. Bu səbəblə xx.xx.2024-cü il tarixindən başlayaraq Layla School təlim tədris mərkəzinə dərsə gedir, bu xidmət üçün də İddiaçı hər ay 60 manat pul ödəyir. Həmin əlavə xərcin də Cavabdeh alınaraq İddiaçı verilməsi zəruridir. Bu əlavə xərclərin tələb olunması üçün İddiaçı Mediasiya Təşkilatına müraciət etmiş, lakin keçirilən iclasda Cavabdeh iştirak etməmişdir. Bu səbəblə İddiaçı mediasiya təşkilatı tərəfindən arayış verilmişdir.

Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. X3 tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı övladı X7 xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək “Layla School” təlim-tədris mərkəzində məktəbəhazırlıq qrupunda bu günədək ödənişli əsaslarla təhsil alır.

6. “Layla school” təlim-tədris və uşaq inkişaf mərkəzi ilə İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı övladı Kamran Səlimov həmin təlimtədris mərkəzində məktəbəqədər hazırlığa gedirvə təhsil üçün təyin edilmiş aylıq məbləğ 60 manat təşkil edir.

7. İÖE seriyalı, 151901 saylı, 06 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, X2 Kamran Səlimovun məktəbə hazırlıq kursuna görə 60 manat məbləğində pul vəsaiti ödənilmişdir.

8. AZ-İV 314928 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Kamran oğlu 11 iyul 2019-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X6r.

9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)- 2262/2024 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4816/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarı

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

14. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda övladı X4 məktəbəqədər hazırlıq kursuna getməsi səbəbindən cavabdehdən 60 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş edir.

15. Məhkəmə iddianın əlavə xərclər (tibbi müayinə, geyimlər, hazırlıq dərnəyi ilə bağlı) hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir.

16. Belə ki, cavabdeh tərəfindən qətnamə əsasında müəyyən edilmiş alimentin ödənilməsi məhz uşaqların xərclərinin qarşılanması üçün nəzərdə tutulduğundan uşaqların təhsili üçün çəkilməsi nəzərdə tutulan xərclərin əlavə olaraq cavabdehin üzərinə qoyulmasını məhkəmə yolverilən hesab etmir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur.

17. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

19. Məhkəmə eyni zamanda qeyd edir ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə təhsilin (hazırki məqamda məktəbəqədər təhsilin) seçim xüsusiyyətinə malik olması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın orta təhsildən əlavə repititorlara, özəl hazırlıq kurslarına və sair dərnəklərdə iştirakına görə cavabdehin əlavə xərclərdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

20. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehin "xxxx" MMC-də işləməklə 1500 manat məbləğində əmək haqqı almasını qeyd etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin gəlirləri ilə bağlı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, cavabdeh “Qartal” tikinti firmasında işləməklə 600 manat məbləğində əmək haqqı alır.

21. Məhkəmə iddiaçının 60 manat mediasiya xərcinin, 100 manat hüquqi xidmət xərcinin, cəmi 160 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazıki halda iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il təvəllüdlü X4 məktəbə qədər və orta məktəb təhsili alması üçün tələb edilən əlavə xərclərin ödənilməsi məqsədilə xx.xx.2024cü il tarixindən başlayaraq orta məktəbi bitirənə qədər hər ay 60 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Elman qızına ödənilməsi, 60 manat mediasiya xərcinin, 100 manat hüquqi xidmət xərcinin, cəmi 160 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar