Məhkəmə qərarları › İş №e-2(060)-2334/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2334/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2334/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün uşaqların hər birinə, hər ay 246 manat olmaqla, ümumilikdə 492 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci ildə faktiki olaraq ailə həyatı qurub. Birgə nikahdan iki övladı vardır: - xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il təvəllüdlü X3. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Bu səbəbdən o, çətinlik çəkir. O, özü heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh özü maşın alqı-satqısı ilə məşğuldur. Onun aylıq gəliri 1000-1500 manat təşkil edir. O gəlir əldə etsə də, uşaqların saxlanmasına maddi köməklik göstərmir. Özü heç yerdə işləmədiyindən uşaqların tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəflə aralarında rəsmi nikah olmayıb. O, dələduzluq cinayəti törətdiyi üçün həbs edilib və hazırda Kürdəxanıdadır. Cavabdeh zəng edəərk onu və qızlarını təhdid edir. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərcindən azad edilmişdir. 7.İşdə olan AZ-İV 873442 saylı, AZ-İV 268406 saylı doğum haqqında şəhadətnamələrin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur.

8. İşdə olan 6 saylı DOST Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı işsiz kimi qeydiyyatdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər faktiki nikaha daxil olmaqla ailə qurmuşdur və tərəflərin birgə faktiki münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Hazırda iddiaçı uşağının saxlanılması üçün aliment müəyyən edilməsini istəyir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə 10.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. 11.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 12.Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. 13.Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 14.Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. 15.Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). 16.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli X7 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 18.Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir.

19. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (hazırda bir uşaq üçün 400 x 0.5=200 manat məbləğində) sabit pul məbləğində aliment tutulmalıdır. 20.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. 21.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 22.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (hazırda bir uşaq üçün 400 x 0.5=200 manat məbləğində) sabit pul məbləğində aliment tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar