Məhkəmə qərarları › İş №e-2(060)-2442/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2442/2023

22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2442/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.1996-cı il tarixli rəsmi dövlət nikahının pozulmasına, birgə nikah dövrü əldə edilən ünvan 1 ünvanında yerləşən 46 nömrəli mənzilin 1/2 nisbətində aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair mülki işdən birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbi ayrıca icraata ayrılmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.1996-cı il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan övladı olmamışdır. Nikahın ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonradan cavabdehlə aralarındakı münasibətlər gərginləşmişdir. Artıq ailə formal xarakter daşıyır. Boşanmaq fikri qətidir. Ailənin bərpası mümkün deyildir. Ailənin qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcəkdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, boşanmaq istəmədiyini bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi arayışın surətindən görünür ki, Cavabdeh ilə X2 arasında Sumqayıt nikah evində, xx.xx.1996-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 08 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan övladları yoxdur. İddiaçının cavabdehlə boşanma səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmiş və tərəflər barışmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.1996-cı il tarixdə bağlanmış nikah pozulmalıdır. Belə ki, tərəflərə barışmaları üçün 3 ay vaxt verilmiş, lakin məhkəmənin ailənin bərpası üçün gördüyü tədbirlər də heç bir nəticə verməmişdir. İddiaçı cavabdehlə arasında olan nikahın pozulmasını təkid edir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.1996-cı il tarixdə bağlanmış, 08 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar