Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2469/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə Şəmsəddin oğlunun, Cavabdeh iştirakları ilə, iddiaçı X2 cavabdeh X3 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 (bundan sonra - iddiaçı) X3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Pirşağı-Sumqayıt sərnişin qatarının keçdiyi dəmir yolu xəttinin 47 km pk 9 hissəsində dəmir yolu xəttinin sağ tərəfində yerləşən “Yaşıl Dərə” deyilən 50-ci məhəllə ərazisi adlanan ərazidə 2,97 sot torpaq sahəsində tikilmiş bir mərtəbəli, 3 otaq və bir mətbəxdən ibarət evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında Şamaxı rayonunda nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 27 nömrə ilə qeydə alınmış nikah Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)127/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Habelə cavabdehlə birgə nikah dövründə övladlığa götürdükləri 24 iyul 2010-cu il təvəllüdlü X5 hazırda iddiaçı ilə birlikdə Bakıda yaşamaqdadır. İddiaçı hazırda özünə məxsus evi ola-ola çalışdığı ailəyə məxsus evdə yaşayır. Cavabdehlə birgə nikah dövründə Pirşağı-Sumqayıt sərnişin qatarının keçdiyi dəmir yolu xəttinin 47 km pk 9 hissəsində dəmir yolu xəttinin sağ tərəfində yerləşən “Yaşıl Dərə” deyilən 50-ci məhəllə ərazisi adlanan ərazidə 2012-ci il tarixdə təxminən 2,97 sot torpaq sahəsi alaraq 2019-cu il tarixdədək olan müddətdə bir mərtəbəli 3 otaq və bir mətbəxdən ibarət ev tikdirmişlər, iddiaçı da bu müddət ərzində çalışıdığı üçün həmin evin tikilməsində onun da payı olmuşdur. Lakin nikahları pozulduqdan sonra onun evinin olmasına baxmayaraq cavabdeh həmin mənzildən istifadə etməyə, orada yaşamağına mane olduğu üçün orada yaşaya bilmir, həmçinin həmin fərdi yaşayış evindən istifadə də bilmir. Qanunvericiliyin tələbinə uyğun olaraq yaranmış mübahisənin məhkəməyə qədər mediasiya prosesi vasitəsilə həll edilməsi üçün cavabdehə xx.xx.2021 tarixli mediasiya təklifi göndərilməsinə və digər lazımi tədbirlər görülməsinə baxmayaraq, bütün cəhdlər nəticəsiz qalmışdır. Cavabdeh əmlakın bölünməsi və onun xeyrinə həmin əmlakdan pay verilməsi ilə bağlı məsələnin həllinə müsbət yanaşmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Torpaq sahəsini 2006-cı ildə almışlar. Maddi imkan olmadıqları üçün evi 2012-ci ildə ev tikməyə başlamışlar. 2016-cı ildə ev tam hazır vəziyyətdə idi. Tərəflər 2019-cu ildən bəri ayrı yaşayırlar. Onların nikahları 2020-ci ildə pozulub. İddiaçı boşanandan sonra bir ailənin evində köməkçi işləyib orada da yaşayırmış. İddiaçı o zamanlar həmin evə nə vəsait xərcləmişdirsə, təqdim etdiyi kitabçaya qeyd etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə Şəmsəddin oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, sənədsiz ev tərəflərin birgə nikahları dövründə birgə vəsaitləri hesabına tikilmişdir. Orada qısa müddət birgə yaşamış, daha sonra iş ilə əlaqədar olaraq başqa yerə köçmüşlər. Təqdim edilən kitabçada evə çəkilən xərclərin hamısı qeyd edilib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, elə həmin ünvanda da qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarına torpaq sahəsinin mövqe sxemi əlavə edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X7 öz ifadəsində bildirdi ki, o iddiaçının qardaşıdır. Sözügedən evin tikintisində o da maddi və fiziki cəhətdən iştirak etmişdir. Ev təxmini 2013-cü ildən başlayaraq hissə-hissə tikilmişdir. MPM-də göstərilmişdir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Göründüyü kimi cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə iddianı etiraf etdiyini bildirmişdir. İddianın etiraf edilməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını pozmur. Bu isə iddianın təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Belə ki, Mülki Məcəlləyə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Mübahisənin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, mübahisəli ev özbaşına tikili olsa da, faktiki olaraq mövcuddur və iş üzrə tədqiq edilmiş yazılı sübutlar və şahid ifadəsi ilə müəyyən edilir ki, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. İddiaçı ilə cavabdeh nikahları dövründə həmin evi əldə edərək burada birgə yaşamışlar. Bu səbəbdən həmin evə onların yaşayış yeri kimi qiymət verilməlidir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1-Sumqayıt sərnişin qatarının keçdiyi dəmir yolu xəttinin 47 km pk 9 hissəsində dəmir yolu xəttinin sağ tərəfində yerləşən “Yaşıl Dərə” deyilən 50-ci məhəllə ərazisi adlanan ərazidə 2,97 sot torpaq sahəsində tikilmiş bir mərtəbəli, 3 otaq və bir mətbəxdən ibarət evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2469/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2469/2022
24.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver