Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2623/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan bir övladları – xx.xx.2021-ci il təvəllüdlü X6 adlı oğlu vardır. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər. Cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi köməklik etmir. Cavabdeh fərdi işlə məşğuldur. Yaxşı qazanc əldə edir. Onun aylıq qazancı 1500-2000 manat təşkil edir. Hesab edir ki, nikahın bərpası qeyri-mümkündür. Aralarındakı nikah formal xarakter daşıdığından nikahın pozulması qərarına gəlmişdir. Ona görə də nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh arasında 02 noyabr 2020-ci il tarixdə 1659 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra rəsmi nikahlarından anadan olan 20 dekabr 2021-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra onun yanında saxlanması və 20 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək saxlanması üçün əlavə olaraq 100 (yüz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Barışıq ilə bitməsi mümkün deyildir. Nikahın pozulması, aliment və maddi yardım tutulmasını xahiş etmişdir. İndiki dövrdə 350 manatdan aşağı maaş yoxdur. 220 manat belə uşağın zəruri ehtiyaclarını qarşılamır. Ana olaraq uşağa baxmaq onun vəzifəsidir. Ancaq maddi yardım da tələb edir. Bir yerdə işlədikdə qazancı yaxşı olmuşdur. Onda qarşı tərəf başqa işdə işləmişdir. Uşağın bir yaşı vardır. Balaca olduğu üçün uşağı baxçaya götürmür. Ona görə də işləyə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Hazırda boşanmağa və aliment ödəməyə razıdır. Lakin maddi yardım hissəsində qəbul etmir. Volt daşıma şirkətində kuryer vəzifəsində işləyir. 250-300 manat civarında əmək haqqı alır. Aylıq məvacibi 350 manatdan yuxarı deyildir. Özü ilə danışmışdır. Barışmaqları mümkün deyildir. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 02 noyabr 2020-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1659 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00429 nömrəli arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 dekabr 2021-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtna etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iclasında müəyyən edildi ki, ər-arvadın uzun müddətdir ki, ailə münasibətləri pozulmuş, bir yerdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, ailənin saxlanılması qeyrimümkündür, nikahları formal xarakter daşıyır. Məhkəmə işin məhkəmə iclasında araşdırılan hallarını, eyni zamanda iddiaçının nikahın pozulmasına təkid etməsini nəzərə alaraq belə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkün olduğundan İddiaçı ilə Cavabdeh arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 02 noyabr 2020-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1659 №-ilə qeyd edilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını məhkəmə müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla), ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər halları nəzərə almalıdır. Uşağın mənafeyini, onun ana qayğısına daha çox ehtiyacı olmasını və faktiki olaraq ananın himayəsində olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 20 dekabr 2021-ci il təvəllüdlü X3 İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun yaşını, cavabdehin uşağı saxlamaq öhdəliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 20 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin 220 manat sabit pul məbləğində, 3 yaşına çatanadək hər ay 30 manat məbləğində maddi yardımın tutulması məqsədəuyğun hesab edilməklə müəyyən edilməli, Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, aliment iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 27 mart 2023-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 02 noyabr 2020-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1659 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahınlarından olan 20 dekabr 2021-ci il təvəllüdlü X3 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 20 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində, 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində maddi yardım tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2623/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2623/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver