Məhkəmə qərarları › İş №e-2(060)-2825/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2825/2023

02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2825/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 onun yanında saxlanması və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək 100 manat sabit pul məbləğində maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları xx.xx.2022-ci il təvəllüdlü X3 vardır. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşağın saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Cavabdeh kənd təsərrüfatı ilə məşğuldur, yaxşı qazancı əldə edir, onun aylıq qazancı 1500-2000 manat təşkil edir. O, özü heç yerdə işləmir, uşağı 6 aylıqdır. Cavabdeh yaxşı qazanc əldə etsə də, uşağın saxlanmasına köməklik göstərmir. Bu səbəbdən aliment və maddi yardım tələb edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçını iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh heç bir yerdə işləmir, əlavə gəlir və qazancı yoxdur. Cavabdeh uşağın saxlanması üçün hər ay 150-170 manat aliment ödəyə bilər. Onu da məhkəmənin diqqətinə çatdırır ki, tərəflər hələ də rəsmi nikahdadırlar. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan AZ-İV 807344 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan AZ-İ 464492 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 01 noyabr 2021-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 2811 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi xx.xx.2022-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli, 2811 saylı nikah rəsmi qaydada pozulmadığından məhkəmə uşağın valideynlərdən hansının himayəsinə verilməsi ilə bağlı məsələni həll etmir. Məhkəmə iddia tələbinin aliment hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minumumu nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın 3 yaşı tamam olana qədər 100 manat yardım tutulması hissəsində təmin olunmamalıdır. Belə ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi, ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 84.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 84 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aliment ödəmək üçün zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmadığından xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay əlavə olaraq İddiaçı xeyrinə 100 manat məbləğində aliment tutulması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 320 manat olmaqla aliment və maddi yardım tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 3840 (320 manat x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 58.4 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsinin (8.4 manat) iddianın təmin edilən hissəsinə mütənasib olaraq (təxminən 70 faiz hissəsi) – 6 manat dövlət rüsumu da tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 6 (altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar