Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2838/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 3/4 hissəsini və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat pul vəsaitinin Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 28 mart 2013-cü il tarixdə nikah qeydə alınmışdır (475 nömrə ilə qeyd edilmişdir). Birgə nikahlarından xx.xx.2013-cü ildə X3 və xx.xx.2017-ci ildə X5 anadan olmuşdurlar. Uşaqlarının maddi və mənəvi bütün ehtiyaclarını tək başına ödəməyə çalışır. Onun qazancı uşaqlarının ehtiyaclarını ödəməyə kifayət etmir, çox çətinlik çəkir. Buna görə də uşaqların baxıb böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Hazırda uşaqların məktəbi ilə əlaqədar cavabdehlə eyni evdə yaşayırlar. O, həyat yoldaşı olaraq cavabdehin bütün ehtiyaclarını təmin edir. Birgə yaşasalar da cavabdeh evin heç bir xərcini ödəmir. Bütün gəlirini yüngül həyat tərzi keçirən qadınlara, içkiyə, qumara və digər pis vərdişlərinə xərcləyir, uşaqların heç bir maddi ehtiyacını ödəmir. Bu hal uzun müddətdir ki, belə davam edir. Dəfələrlə cavabdehdən öhdəliklərini yerinə yetirməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh ata kimi üzərinə düşən öhdəliyi yerinə yetirmir, belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin müəyyən olunması ilə bağlı mediatora müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə, hesab edir ki, bu məsələ məhkəmə qaydasında həllini tapmalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh maddi-mənəvi və fiziki öhdəliklərini yerinə yetirmir. Hazırda rəsmi nikah münasibətindədirlər. Maddi vəziyyəti ilə əlaqədar ayrılmır. Cavabdeh evə heç bir maddi yardım etmir, evə özü baxır. Cavabdeh uzun illər hərbçi olmuşdur. 1 ildir ki, təxris olmuşdur. 11 ildir ailəlidirlər. Bir dəfə Ağstafa rayonuna, bir dəfə də Beyləqan rayonuna getmişdirlər. Cəmi 3-4 ay qalmışdırlar. Onları tez evə göndərmişdir. Onlar qaynanası və baldızı ilə yaşayırdılar. Cavabdeh hər dəfə kredit götürdüyünü, maşının aşdığını, tabeliyində olan əsgərin öldüyünü və ya qaçdığını bildirərək onlara maddi yardım etməmişdir. Həmişə ona inanmışdırlar. Ailəni qaynanası və özü saxlamışdır. Cavabdeh hazırda heç yerdə işləmir, lakin pensiya alır. Kredit ödənişi də bitmişdir. Lakin yenə də maddi yardım etmir. Heç vaxt ona qarşı fiziki və ya mənəvi şiddət göstərməmişdir. Sadəcə olaraq maddi yardım etmir. Bir dəfə gizli olaraq telefonuna baxdığı zaman yüngül həyat tərzi keçirdiyini öyrənmişdir. Gəlirinin yarısını evə verəcəyi təqdirdə boşanmayacağını bildirmişdir. 2-3 ay 200-300 manat məbləğində pul vermiş, sonra yenə pul verməməyə başlamışdır. Evə bir çörək belə almır, uşaqları dərsə belə aparmır. Cavabdehin məsuliyyət hiss etməsi üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin gəlirinin müəyyən hissəsi aliment qismində müəyyən edilsə, kənara pul xərcləməz və öz öhdəliyini başa düşər. Cavabdehlə barışıq əldə olunmamışdır. Onu hədələyir və o olmadan məhkəmə prosesinin keçirilməyəcəyini düşünür. Həmçinin aliment ödəməyəcəyini bildirmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. AZ-İ 846715 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 28 mart 2013-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 475 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Xəlilov”, arvada isə “Xəlilova” soyadı verilmişdir.
6. AZ-İİİ 265789 və AZ-İİİ 890528 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2013-cü ildə, X5 xx.xx.2017-ci ildə anadan olmuşdurlar. Uşaqların ataları Cavabdeh, anaları isə İddiaçıdır.
7. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh 1715,82 mant pensiya və 80 manat məbləğində təqaüd alır.
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ilə Xəlilova (Canqayeva) Zöhrə Zahid qızı arasında 28 mart 2013-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Onların birgə nikahlarından iki yetkinlik yaşına çatmayan övladları vardır. Hal-hazırda iddiaçı cavabdehlə aralarındakı nikah pozulmasa da, cavabdehin uşaqların saxlanılmasına laqeyd münasibətinin olmasını bildirərək yetkinlik yaşına çatmayan uşaqlarına görə onun qazancının ¾ hissəsi miqdarında alimentin təyin edilməsini məhkəmədən xahiş edir.
18. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
19. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
20. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.
21. Hazırda iddiaçı cavabdedən qazancının (başqa gəlirlərin) 3/4 hissəsi miqdarında alimentin tutulub ona ödənilməsini xahiş edir.
22. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).
24. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş gəlir məlumatlarından görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olduğu üçün 80 manat məbləğində təqaüd və yaşa görə 1715,82 manat məbləğində pensiya alır.
25. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin daimi qazancı olduğundan iddiçının alimentin cavabdehin qazancının müəyyən hissəsi miqdarında tutulmasına dair tələbi əsaslıdır.
26. Alimentin miqdarına gəlincə məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Qanunverilikdə iki uşağa görə qazancın 1/3 hissəsi miqdarında alimentin tutulması təsbit edilmişdir. Eyni zamanda həmin məbləğin məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilməsinin mümkünküyü təsbit edilmişdir. Məhkəmə cavabdehin gəlirinin miqdarını nəzərə alaraq qeyd edir ki, uşaqlara görə aliment onun gəlirinin üçdə bir hissəsi miqdarında tutulduqda bu məbləğ 2024-cü il üçün ölkə üzrə uşaqlar görə müəyyən edilmiş yaşayış minimum məbləğindən, 235 manat məbləğdən də artıq olur. Belə olan halda iddiaçı alimentin cavabdehin qazancının 3/4 hissəsi miqdarında tutulmasını zəruri edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin miqdarı cavabdehin qazancının 1/3 hissəsi miqdarında tutulmalıdır.
27. İddiaçı 27 mart 2024-cü il tarixdə alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 27 mart 2024-cü ildən hesablanmalıdır.
28. Beləliklə məhkəmə hesab edir ki, X1 və X2 yetkinlik yaşlarınadək saxlanılmaları üçün cavabdehdən hər ay Cavabdeh qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulub iddiaçıya ödənilməli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
29. Məhkəmə məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - müharibə veteranları dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırki iş üzrə cavabdeh də müharibə veteranı olduğundan dövlət rüsumunun ödənilməsindən azaddır.
30. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
31. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində (50 manat mediasiyaya dair, 10 manat kargüzarlıq xərci) mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməlidir.
Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixindən hesablansın. Cavabdeh ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva