Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2851/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş vaxtından artıq saatların iş saatlarının əvəzinin ödənilməsi tələbinə dair (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X4) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC və onun tərəfindən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan məbləğin – 4691,8 AZN təyin edilməsi və həmin məbləğin hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən rəsmi əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-yə 5-ci dərəcəli sürücü (avtobus) vəzifəsinə qəbul olunmuşdur. 2015-ci il tarixindən aprel ayının 2022-ci ilin tarixinədək o, "xxxx" MMC-də sürücü peşəsində işləmişdir. Əmək müqaviləsi üzrə iş günü 8 saat olmaqla həftəlik 40 saat müəyyənləşdirilmişdir. İstirahət günləri şənbə və bazar günü olmasına rəğmən ənənəvi olaraq həftənin şənbə günləri, bəzi hallarda isə bazar günləri də işə çağırılmışdır. Əmək müqaviləsinə görə iş vaxtı saat 09:00-dan 18:00- dək müəyyənləşdirilmişdir. İş həftəsinin ilk iki günündə iş saatı 07:00-dan gecə 00:40-dək davam etmişdir. Həftənin qalan günləri iş vaxtı səhər saat 08:00-dan 17:00-dək olmuşdur. 2015-ci il tarixindən başlayaraq 2019-cu illərdə işlədiyi həftənin ilk iki gün ərzində ona 8 saatdan artıq iş saatlarına görə heç bir ödəniş edilməmişdir. 2019-cu ilin dekabr ayından 2020-ci ilin sentyabr ayına kimi artıq işlənmiş iş saatlarına görə ikiqat ödəniş edilmişdir. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sonunadək artıq işlənmiş iş saatlarına görə tarif (vəzifə) maaşının birqat məbləğində ödəniş edilmişdir. Bu da Əmək Məcəlləsinin 165.1-ci maddəsinə ziddir. Belə ki, "xxxx" MMC-də X1 “İşçilərin işə gəliş-gediş saatlarının təsdiqi cədvəli”nə görə sürücülər saat 07:40- dan saat 00:40-dək işdə olmuşlar (12 saat). Qeyd etmişdir ki, onunla bağlanmış əmək müqavilələrində iş vaxtından artıq işlərin görülməsinə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İstirahət günləri şənbə və bazar günü olmasına rəğmən, ənənəvi olaraq həftənin şənbə günləri, bəzi hallarda isə bazar günləri də işə çağırılmışdır. Əvvəllər düşünürdü ki işlədiyi artıq iş saatlarına görə ödənişlər olunacaq. 2019-cu ilin ortalarından sürücülərə artıq işlənilən iş saatları və bayram günləri işlənilən saatlar iki qat hesablamaqla ödənilirdi. 2015-ci il tarixdən 2020-ci ilədək uzunmüddətli müqavilə əsasında işləmişdir. Lakin "xxxx" MMC 2020-ci ildən birtərəfli müqaviləni ləğv edərək hər dəfə üç aylıq müvəqqəti əmək müqaviləsi bağlamışdır. May ayının 2020-ci il tarixindən onlara bildirilmişdir ki "xxxx" MMC tərəfindən hər hansı artıq ödəniş edilməyəcəkdir. Artıq işlədiyi iş saatlarına görə ödəniş tələb etsə də, müxtəlif bəhanələr gətirilərək bildirilirdi ki, struktur yenilənmələri səbəbindən mütləq əmək müqaviləsi başqa şirkətə keçirilməlidir. Bütün işçilər kimi o da bu şərtlə razılaşmışdır, əmək müqaviləsi başqa şirkətin adına keçirilib, dəyişdirilib. O, "xxxx" MMC-dən çıxdıqdan sonra son haqq-hesab hesablandığı zaman ona əlavə iş saatlarının da ödənilməli olduğunu bildirdi. Lakin bu ödənişin sonra ödəniləcəyi bildirildi. Artıq işlədiyi iş saatlarının ödənişi uzun müddət gecikdiyindən, ödənilmədiyindən, hazırda məhkəməyə “iş vaxtından əlavə işlənmiş iş saatlarına görə ödənişin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edir. Əlavə iş saatlarına görə haqq cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməlidir. Hesab edir ki, 2015-ci il tarixindən dekabr ayının 2019- cu il tarixədək olan dövrdə növbə zamanı artıq işlədiyi iş saatlarının məbləği iki qat ödənilməlidir. Həmçinin sentyabr ayının 2020-ci il tarixindən dekabr ayının 2021-ci il tarixinədək olan dövrdə növbədə işlədiyi əlavə iş saatlarına görə əmək haqqı da iki qat ödənilməlidir. Onun tərəfindən hesablanmış iş vaxtından artıq iş saatları və ödənişləri aşağıdakı şəkildədir: 1) 2020-ci il üçün: Sentyabr – 44 saat, 156 AZN; Oktyabr – 50 saat, 177 AZN; Noyabr – 72 saat, 255 AZN; Dekabr – 76 saat, 269 AZN olmaqla, ümumilikdə 857 AZN, 242 saat; 2) 2021-ci il üçün: Yanvar– 42 saat, 149 AZN; Mart – 64 saat, 227 AZN; Aprel – 30 saat, 106 AZN; May – 42 saat, 149 AZN; İyun – 38 saat, 134 AZN; İyul – 14 saat, 49 AZN olmaqla, ümumilikdə 814 AZN, 230 saat Sürücülərin işə gediş-gəliş saatlarının təsdiq cədvəli dispetçer Təranə xanım tərəfindən hazırlanırmışdır. "xxxx" MMC-nin daha bir əməkdaşı Məhərrəmov Hacı adlı şəxs mexanik peşəsində işləyirdi. STP MMC-nin qaydalarına əsasən hər bir sürücünün adına bir avtobus təşkil olunurdu. O, işlədiyi müddətdə sərnişin daşıdığı **-JL-*** nömrəli dövlət nişanlı avtobus idi. Bu avtobusun idarə olunması ona həvalə olunmuşdur. Hər bir sürücünün avtobusu Azercell tərəfindən GPRS-açarı sistemi ilə quraşdırılmışdır. Ona təhvil verilən 050310 nömrəli GPRS-açar idi. Sürücü işə başlarkən avtobusa daxil olmamışdan həmin açarla avtobusda GPRS-sistemi açarla əlaqələndirib sonra işə başlayır. Onun işlədiyi ünvan – STP-dən başlayaraq - Sumqayıt şəhəri 17-ci mkr, Elmarın kruqu deyilən ərazi Tağıyev küçəsi son məntəqə - nəqliyyat xətti olmuşdur. İşlədiyi bütün iş saatlarını, həmçinin artıq işlədiyi iş vaxtını sözügedən sistem vasitəsi ilə təsdiqləmək olar. “Paşa Bank” tərəfindən verilən çıxarışa əsasən ona xx.xx.2020-ci il tarixdən 539,00 azn məbləğində əmək haqqı müəyyən olunmuşdur və əlavə iş saatları üçün heç bir ödəniş olunmamışdır. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" MMC-nə qarşı ödənilməyən iş vaxtından artıq iş saatlarına görə əlavələrin hesablanaraq ödənilməsi barədə iddia tələbinin iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı 2022-ci ilin may ayına qədər "xxxx" MMC-də işləmişdir. Hal-hazırda iddiaçı 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyul ayına kimi iş vaxtından artıq işə cəlb edilməsinə görə əlavə haqqın ödənilməsini tələb edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş ekpert rəyindən görünür ki, faktiki iş saatı kimi 12 saat, gündəlik iş saatı kimi 8 saat hesablanmış, faktiki iş saatı ilə gündəlik iş saatı çıxılmış və əlavə iş saatı 4 saat müəyyən olunmuşdur. Ekspert rəyində faktiki iş saatı kimi nəyin nəzərdə tutulduğu bilinmir. Ekspert iddiaçının iş vaxtından artıq işə cəlb edilməsinə görə ödənilməli olan əlavə haqqı 360 manat məbləğində müəyyən etmişdir. Hesab edir ki, ekspert tərəfindən hesablama düzgün aparılmamışdır, 360 manat absurd məbləğdir. İkspert rəyində iddiaçıya ödənilən əmək haqqının hər saatının 3,75 manat kimi götürülməsi ilə razıdırlar, ekspert rəyinin qalan hissəsi ilə isə razı deyildirlər. Əgər iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı iddiaçıya ödənilməli olan əlavə haqq 360 manat olsa idi, iddiaçı belə cüzi məbləğə görə məhkəməyə müraciət etməzdi. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert rəyi ilə bağlı mülahizələri yoxdur. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə təqdim olunmuş tabellərdə heç bir imza, möhür yoxdur. Belə ki, həmin tabellərdə direktorun imzası və möhürü olmalıdır. Tabelləri imzalayan şəxslər hazırda "xxxx" MMC-nin əməkdaşı deyillər. Bundan əlavə, iddia müddətinin tətbiq edilməsinə dair verdikləri ərizəni də müdafiə edirlər. İddiaçı 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün iş vaxtından artıq işlərin görülməsinə görə əlavələri 2021-ci ilin sentyabr ayının 30-u, 2021-ci ilin oktyabr ayının 31-i, 2021-ci ilin noyabr ayının 30-u və 2021-ci ilin dekabr ayının 31-nə kimi tələb edə bilərdi. Həmçinin 2021-ci ilin yanvar, mart, aprel, may, iyun, iyul ayları üçün iş vaxtından artıq işlərin görülməsinə görə əlavələri də müvafiq olaraq 2022-ci ilin yanvar ayının 31-i, 2022-ci ilin mart ayının 31-i, 2022-ci ilin aprel ayının 30-u, 2022-ci ilin may ayının 31-i, 2022-ci ilin iyun ayının 30-u və 2022-ci ilin iyul ayının 31-nə kimi tələb edə bilərdi. İddiaçının iş vaxtından artıq işlərə cəlb olunduğuna görə əlavələrin ödənilməsi barədə tələbi üzrə ilkin mediasiya təklifi də də 2023-cü ilin yanvar ayında "xxxx" MMC-yə daxil olmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Buna baxmayaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakı təmin edilməmişdir. MPM-nin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00331 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. - xx.xx.2022-ci il tarixli işdən azad ərizəsindən görünür ki, İddiaçı "xxxx" MMc-nə müraciət edərək öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinı xitam verilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli, 57-İRD/X saylı işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı ehtiyat kadrlar bölməsinin 5-ci dərəcəli sürücüsü (avtobus) ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, 18 may 2022-ci il tarixdən xitam verilməsi, 2021/2022-ci illərin əmək məzuniyyətinin istifadə etmədiyi 5 (beş) təqvim günü əvəzinə kompensasiya ödənilməsi əmr edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx000302 saylı xx.xx.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi bildirişi ləğv edilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/5109 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırki ekspertiza tədqiqatı zamanı, iş materialları və cədvəl məlumatı nəzərə alınmaqla "xxxx" MMC tərəfindən İddiaçı əlavə iş saatlarına görə ödənilməli olan əmək haqqı məbləği ümumilikdə 360 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edir ki; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi işçinin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyindən, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx"MMC ilə X5 arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı ehtiyat kadrlar bölməsinin 5-ci dərəcəli sürücüsü (avtobus) ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən, 18 may 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı hazırda cavabdeh "xxxx" MMC və onun tərəfindən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan məbləğin – 4691,8 AZN təyin edilməsi və həmin məbləğin hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsini xahiş edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/5109 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla hazırki ekspertiza tədqiqatı zamanı, iş materialları və cədvəl məlumatı nəzərə alınmaqla "xxxx" MMC tərəfindən İddiaçı əlavə iş saatlarına görə ödənilməli olan əmək haqqı məbləği ümumilikdə 360 manat müəyyən edilir. Həmçinin rəydə qeyd olunmuşdur ki, İddiaçı "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi ilə həmin cəmiyyətin Maliyyə departamentinin Avtoparkın idarəolunması şöbəsinin Xidməti nəqliyyat bölməsinə 5-ci dərəcəli sürücü (avtobus) peşəsinə təyin edilmişdir. Həmin cəmiyyətin direktorunun 18 may 2022-ci il tarixli 2022-ci il tarixli 57-İBD1X nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (c.i.v 74) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilməsi sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. İddiaçı "xxxx" MMC tərəfindən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan borc məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faktiki iş saatına görə cəmi 160 manat, işləməli olduğu saata görə cəmi 112 manat, əlavə iş saatı (fərq) görə cəmi 48 manat kimi müəyyən olunur. İddiaçı ilə Sumqayıt Texnologiyalar Parkı” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləği (600 manat) əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək aşağıdakı kimi ola bilərdi: 600 manat (əmək haqqı) /160 saat= 3,75 manat (hər saat üçün) (iş saatı gündə 8 saat olmaqla 5 iş günü= 8 saat *5 gün=40 saat (həftəlik) ümumilikdə ay ərzində 4 həftə =40 saat *4 həftə =160 saat (aylıq) Əlavə iş saatları üzrə = 48 saat * 3,75 manat *2 (Əmək Məcəlləsinin 165-ci maddəsinə istinadən) = 360 manat. Beləliklə ekspertiza tədqiqatı zamanı, iş materialları və cədvəl məlumatları nəzərə alınmaqla "xxxx" MMC tərəfindən İddiaçı əlavə iş saatlarına görə ödənilməli olan əmək haqqı məbləği ümumilikdə 360 manat müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan 360 manat təyin edilərək İddiaçı ödənilməlidir. Bununla yanaşı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq X2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələrdə dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Buna görə də cavabdeh "xxxx" MMC-dən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə işlədiyi və ödənilməyən iş vaxtından artıq hesablanmış iş saatlarına görə ödənilməli olan 360 manat təyin edilərək İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq X3 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2851/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2851/2023
18.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver