Məhkəmə qərarları › İş №e-2(060)-286/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-286/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-286/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması hər ay uşağa 220 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 914 saylı nikah qeydinin pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə 914 saylı nikah qeydiyyatdından keçməklə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan bir övladları – xx.xx.2020-ci il təvəllüdlü X12 vardır. Artıq xeyli müddətdir ki, cavabdehlə aralarında ər-arvad münasibəti yoxdur. Cavabdeh uşağın saxlanılmasına heç bir maddi və mənəvi köməklik göstərmir. O hal-hazırda işləmir. Cavabdeh fərdi işlə məşğuldur. Ustadır. Evin təmir işləri ilə məşğuldur. Qazancı dəyişkəndir, ***-**** manat məbləğində aylıq gəliri olur. Lakin uşağın saxlanılmasına heç bir köməklik göstərmir. Bütün bunlara baxmayaraq cavabdeh uşağın maddi tələbatını ödəməyə heç bir yardım göstərmir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. İddiaçı işləyir. Uşaq bağçaya gedir. 220 manat məbləğində cavabdehdən aliment tələb edir. İddiaçı 350 manat məbləğində əmək haqqı alır. Cavabdeh işləyir, taksi fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Cavabdeh onun oğludur. Oğlu işləmir. Nikahın pozulmasına razıdır. Oğlu 100 manat məbləğində aliment ödəyə bilər. Oğlunun başqa övladı yoxdur. Ev dustaqlığı vardır. Ona görə də işləyə bilmir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB-5- 03727 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum akt qeydləri kitabında 2021-ci ilin yanvar ayının 27-ci günündə 471 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 046644 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Cavabdeh arasında 04 iyun 2020-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 914 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023 -cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-80/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündüən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və onun barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmış və Cavabdeh üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması cəzasının icrası Cavabdeh yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilmiş, cəzanın əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Cavabdeh ərazi narkoloji dispanserində qeydiyyata alınmış, iş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutulmuş, Cavabdeh götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,329 qram olan psixotrop maddə - metamfetamin məhv edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 261 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, mövcud vəziyyəti, uşağın yaşını, onun hazırda daha çox ana sevgi-qayğısına ehtiyacı olmasını, faktiki olaraq iddiaçının himayəsində yaşaması, onun anasına bağlılığı, həmçinin iddiaçının mənzil-məişət şəraitini nəzərə alaraq, komissiya xx.xx.2020-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş müayinə aktından müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyət hüququ atası X2 məxsus olan ünvan 1 ünvanında kirayə yaşayır. Mənzil ikimərtəbəli olmaqla, 4 yaşayış otağından, mətbəxdən, dəhlizdən, iki sanuzeldən və iki sanitar qovşaqdan ibarətdir. Mənzil yaxşı təmirlidir, kommunal şəraiti qənaətbəxşdir, yaşayış üçün yararlıdır. Mənzil zəruri məişət və mebel avadanlıqları ilə təchiz edilmişdir. Mənzilin yerləşdiyi ərazidə məktəb, bağça, poliknika, uşaq əyləncə mərkəzi və s. sosial infrastruktur mövcuddur. Mənzildə iddiaçı ilə birgə atası– 1965-ci il təvəllüdlü X1, anası– 1974-cü il təvəllüdlü X3, qardaşının həyat yoldaşı– 2002-ci il təvəllüdlü X5, qardaşının övladı– 2023-cü il təvəllüdlü X7 və özünün azyaşlı övladı– 2020ci il təvəllüdlü X8 yaşadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən Komissiyaya tikişçi kimi işləməsi və aylıq əmək haqqısının 384 manat olması barədə rəsmi arayış təqdim olunmuşdur. İddiaçı valideynin hüquq və vəzifələrini bilir. Onun həyat və mənzil-məişət şəraitində övladlarının onun himayəsinə verilməsinə zidd ola biləcək əks hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə xanım Müzəffərovaya ünvanlanmış 5-14/2-285/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli məktuba cavabdan görünür ki, vətəndaş Cavabdeh qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, ev 130, mənzil 17 ünvanında yaşamadığından mənzil-məişət şəraitini müayinə etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər 04 iyun 2020-ci il tarixdə nikah bağlamışlar, onların birgə nikahdan 27 dekabr 2020-ci il təvəllüdlü X12 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır, hal-hazırda onlar arasında ər-arvad münasibətləri kəsilmiş, onlar bir ailə kimi yaşayıb, birgə ailə təsərrüfatı idarə etmirlər, ailənin bərpası mümkün deyildir. Cavabdeh iddia tələbini nikahın pozulması və uşağın ananın himayəsində qalması (22 fevral 2024-cü il tarixdə məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatı, uşağa ana nənəsinin baxmasının istəməsi) hissəsində qəbul edir. Həmçinin məhkəmə tərəfindən nikahın pozulması, uşağın ananın yanında qalması, cavabdehdən aliment tutulmasını istisna edən hallar müəyyən olunmamışdır. Məhkəmə, nikahın pozulmasına münasibətdə hesab edir ki, iddiaçı nikahın pozulmasında təkid etdiyindən və cavabdeh nikahın pozulmasına razı olduğundan, nikahın pozulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından tərəflər arasında 04 iyun 2020-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Məhkəmə, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalmasına münasibətdə uşağın onun yanında qalması barədə iddiaçının xahişini, onun yaş həddini, tərbiyəsini, psixi, fiziki, mənəvi inkişafını, iddiaçının uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanını, cavabdehin bu barədə etirazının və uşağın ananın yanında qalması ilə bağlı cavabdehin razı olmasını, həmçinin uşağın ananın yanında saxlanmasını istisna edən halların olmamasını, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 261 nömrəli, xx.xx.2024-cü il tarixli rəyini nəzərə alaraq, onun əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından anası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi Cavabdeh da vəzifəsidir və uşağın valideynlərdən birinin - ananın himayəsinə verilməsi, uşağa qulluq, onun təhsil, inkişaf və sair qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə, uşağın saxlanması üçün aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə və maddi vəziyyətini, uşağın əvvəlki yaşayış səviyyəsini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları və uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən İddiaçı alimentin sabit pul məbləğində tutulması barədə xahişini nəzərə alaraq, alimentin sabit pul miqdarında, onun məbləğinin isə hər ay 220 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Alimentin sabit pul məbləğində təyin olunmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə hesab edir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat təşkil edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, 27 dekabr 2020-ci il təvəllüdlü X12 anası İddiaçı himayəsində saxlanmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia tələbi nikahın pozulması və himayə hissədə tam təmin edildiyindən, cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 50 manat alınaraq iddiaçıya ödənilməli, aliment alınması hissədə İddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, bir il ərzində aliment ödəməsinin həcmi (220 x 12 ay = 2640 manat) nəzərə alınmaqla, cavabdehdən 46.4 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Qarayeva (Həsənova) Fəridə Tapdıq qızı ilə Cavabdeh arasında 04 iyun 2020-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən bağlanılmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 914 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 27 dekabr 2020-ci il təvəllüdlü X12 İddiaçı himayəsində saxlanılsın. Cavabdeh 27 dekabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh 46 (qırx altı) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar