Məhkəmə qərarları › İş №e-2(060)-287/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-287/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-287/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə faktiki nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 60 manat və hüquqi xidmət üçün vəkilə ödədiyi 300 manat rüsumlarının da cavabdehə aid edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurub. Birgə faktiki nikahlarından bir övladları var: xx.xx.2016-cı il təvəllüdlü X3. Qeyd edir ki, onlar uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh uşağına baxmır, onun saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir. O, birgə faktiki nikahlarından olan uşağını təkbaşına saxlaya bilmir. Övladını çətinliklə saxlayır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə faktiki nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Qeyd edir ki, o, ilk olaraq mediasiyaya müraciət etmiş və cavabdehə bu barədə təklif məktubu göndərmişdir. Lakin cavabdeh mediasiyada iştirak etmədiyindən ilkin mediasiya sessiyası baş tutmamış, ona bu barədə arayış təqdim olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Bildirir ki, o, mediasiya zamanı 60 manat rüsum ödəyib. Hesab edir ki, həmin rüsum cavabdehə aid olunmalıdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 3.Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, o, Cavabdeh ilə 2015-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurub. Birgə faktiki nikahlarından bir övladları var: xx.xx.2016-cı il təvəllüdlü X3. Bildirir ki, oğlunun atalığı müəyyən olunmayıb. Ona görə də o, iddia tələbinin həcmini artırır və atalığın müəyyən olunmasını da tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh - xx.xx.2016-cı il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsi və ondan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılması, həmçinin mediasiya üçün ödədiyi 120 (60+60=120) manat və hüquqi xidmət üçün vəkilə ödədiyi 300 manat rüsumların da cavabdehə aid edilməsini xahiş etmişdir. 4.İddiaçı məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, o, məhkəməyə müraciət edərək, Cavabdeh - xx.xx.2016-cı il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsi və ondan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 120 (60+60=120) manat və hüquqi xidmət üçün vəkilə ödədiyi 300 manat rüsumları da cavabdehə aid edilməsini xahiş etmişdir. Hazırda iddia tələbinin həcmini azaldır. Cavabdehdən aliment tələb etmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası MPM-nin tələblərini rəhbər tutaraq məhkəmədən Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 atası olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh notarial qaydada ərizə təqdim edərək iddia tələbini qəbul edib, yəni uşağın atası olduğunu etiraf edib. Hazırda məhkəmə iclasında verdiyi izahatında da bu halı təkzib etmir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. 6.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Uşağın atası odur, övladına atalıq verməyə razıdır. 8.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.İşdə olan AZ-İİİ 717869 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 anası İddiaçıdır. Uşağın atası kimi Cavabdeh qeyd edilmişdir. Uşağın doğulduğu yer Nürnberg şəhəridir. 10.İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 manat məbləğində mediasiya xərci İddiaçıtərəfindən ödənilmişdir.

11. İşdə olan xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı dünyaya gətirdiy xx.xx.2016-cı il təvəllüdlü X1 atası olduğunu bildirmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər Cavabdeh və İddiaçı qeyrirəsmi ər-arvad münasibətlərində olmuşdurlar. Onların qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Hazırda Cavabdeh həmin uşağın atası olmasını qəbul edir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə 13.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsiolmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 14.Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 15.Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 16.Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 17.Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 18.Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. 19.Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. 20.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). 21.Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 23.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 24.Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. 25.Belə ki, Cavabdeh həm məhkəmə iclasında verdiyi izahatında, həm də notarial qaydada verdiyi ərizə ilə xx.xx.2016-cı il təvəllüdlü Emilin atası olmasını etiraf etmişdir. 26.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2016cı il təvəllüdlü Emilin atası olması müəyyən olunmalıdır. 27.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 28.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixdə Almaniya Respublikası, Nürnberg şəhərində anadan olmuş Emilin atası olması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar