Məhkəmə qərarları › İş №e-2(060)-2916/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2916/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2916/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2019-cu ildə faktiki olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahdan iki övladları xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6. Artıq xeyli müddətdir ki, cavabdehlə birgə təsərrüfat idarə etmirlər və cavabdeh uşaqların saxlanmasına heç bir maddi və mənəvi köməklik göstərmir. Bu səbəbdən iddiaçı çətinlik çəkir. İddiaçı heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Cavabdeh özü fərdi işlə məşğuldur. Onun aylıq gəliri 400-600 manat təşkil edir. O, gəlir əldə etsə də, uşaqların saxlanmasına maddi köməklik göstərmir. Özü heç yerdə işləmir və uşaqların tələbatını ödəməkdə çətinlik çəkir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa, hər ay 60 manat olmaqla, ümumilikdə 120 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 21 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 387826 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçıdan doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 03 № ilə qeyd edilmişdir.

7. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 508512 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

8. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 29 aprel 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 422236 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçıdan doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 32 № ilə qeyd edilmişdir

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV № 698943 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 aprel 2022-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00461 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya xərci ödəməkdən azad edilmişdir.

11. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh İ qrup əlliyi olan şəxslər üzrə 100 manat məbləğində pensiya alır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmamış, faktiki olaraq ailə qurmuşlar, faktiki nikahdan iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar birgə yaşamırlar və uşaq ananın himayəsindədir. İddiaçı uşaqların saxlanılmasında maddi çətinlik çəkir və uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 60 manat olmaqla, ümumilikdə 120 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Cavabdeh iddia tələbi ilə razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

17. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

19. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir.

20. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, tərəflərin izahatlarını, eyni zamanda uşaqların mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,15 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

22. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 17 mart 2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

23. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,15 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,15 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar