Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2988/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, atası X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü qızı X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək ondan xx.xx.2009-cu il təvəllüdlü qızı X4 və xx.xx.2011-ci il təvəllüdlü qızı X7 yetkinlik yaşına çatanadək saxlanılmaları hər ay hər uşağa 110 manat olmaqla, iki uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin qət etdiyi məbləğ uşaqların maddi tələbatlarını ödəmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, özü işləmir. Cavabdehin əlavə gəlirləri barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasın iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, atası X5 məhkəmə iclasında bildirdi ki, cavabdeh yeni nikaha daxil olub. Həmin nikah da pozulub. Məhkəmə qətnaməsinə əsasən cavabdehdən həmin nikahdan olan uşağın saxlanması üçün 193 manat aliment tutulur. Cavabdeh iddiaçıya hər uşağa görə 130 manat aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1974-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1985-ci ildə, Zəngilan rayonu, Ağalı kəndində anadan olmuşdur. O, Zəngilan rayonu, Ağalı ərazi dairəsi, Ağalı kəndində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X9 xx.xx.2009-cu ildə, X10 xx.xx.2011-ci il ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və hər ay 110 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. 177981 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdeh 08 avqust 2022-ci il tarixindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşıdır. Hal- hazırda o, Agentliyin Zəngilan regional mərkəzində sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 648 manat təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4381/2022 saylı qətnaməsi ilə X6 ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X8 X2 yanında qalması, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün xx.xx.2022-cİ il tarixdən başlayaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi, doğum və müayinə xərclərinin yarısı - 778 manat pulun cavabdehdən tutularaq X3 ödənilməsi və cavabdehdən uşağın 3 yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 50 manat məbləğində pul vəsaitinin tutularaq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı övladları üçün hər ay 250 manat olmaqla, cəmi 500 manat manat sabit pul məbləğində aliment tələb etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi arayışda onun rəsmi əmək haqqının 648 manat təşkil etdiyi göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehdən başqa nikahdan olan uşağının saxlanması üçün məhkəmə qətnaməsinə əsasən hər ay 193 manat aliment tutulur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehdən yüksək məbləğdə alimentin tutulması onun maddi cəhətdən həddindən artıq yüklənməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə tərəflərin maddi vəziyyətlərini, diqqətəlayiq halları, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4307/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-2988/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2988/2023
04.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver