Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3209/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh aliment və maddi yardım tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 11 noyabr 2022ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana kimi hər ay anaya 100 manat maddi yardımın və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavadehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Arif oğlu ilə 2021-ci il tarixdən rəsmi nikaha daxil olmadan ailə qurmuşdir. Onların birgə izdivacından xx.xx.2022-ci ildə X5 adlı 1 övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmış, bu səbəbdən də hazırda ayrılaraq birgə təsərrüfat idarə etmirlər. O, hal-hazırda heç bir yerdə işləmir, uşağın maddi ehiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşağı ilə maraqlanmır, uşağın maddi və mənəvi təlabatlarının yerinə yetirilməsində iştirak etmir. Hazırda X2nın 2,5 yaşı var. Övladının sağlığında bəzi problemlər yaranmışdır. Qızı inkişaf baxımından yaşıdlarından geri qalır, ətrafa zəif reaksiya verir, nitqi gec inkişaf edir. Bu səbəbdən övladı hazırda qeydiyyatda olduğu Sumqayıt şəhərində yerləşən uşaq poliklinikasında sahə həkimi tərəfindən müalicə alır. X2 həkimlərin səyi ilə, ələxsüsdə logoped, psixoloq, nevroloqun dəstəyi ilə tamamilə sağala bilər. Əvvəllər qarşı tərəf uşağın inkişafında tamamilə iştirak etmirdi. Bütün xəstəxana xərclərini onun valideynləri tərəfindən qarşılanmışdır. Aliment və maddi yardım tələbi ilə mediasiya təşkilatına müraciətindən sonra Cavabdeh Arif oğlu övladı ilə qismən maraqlanır, ara-ara xəstəxana xərclərində iştirak edir. Mütəmadi olaraq qıza dəstək olmur, valideyn kimi üzərinə düşən öhdəlikləri icra etmir. Hal bu ki, övladları həftə içi ən azı 3 dəfə həkim qəbulunda (logoped) olmalıdır ki, tamamilə sağalsın, öz yaşıdları ilə birgə inkişaf etsin. Onu da qeyd edir ki, qarşı tərəf övladlarını həkim-mütəxəssiz qəbuluna aparır, lakin onun iştirakı olmadan aparır. Hazırda onun, məlumatı yoxdur ki, onun qızı hansı həkimin müalicəsini alır və sağlıq vəziyyəti ilə bağlı övladı ilə həkimlərə gəlməyə icazə vermir. Lakin, o, buna da razıdır, təki övladı sağalsın, vaxtında inkişaf etsin, geriləmə olmasın. Qeyd olunan məsələlərin məhkəmədənkar qaydada mediasiya seansında nizama salınması üçün onun tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmiş, cavabdeh məktubuna cavab vermədiyi üçün mediasiya təşkilatına müraciət olunmuş və o ilkin mediasiya seansında da iştirak etməkdən imtina etdiyi üçün bu barədə arayış verilmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 246 manat sabit pul məbləğində aliment tutulmalıdır, həmçinin övladının xəstəxana xərclərində dəstək olmalıdır və qızlarının 3 yaşına çatana kimi hər ay anaya 100 manat maddi yardım tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağın danışığında və yerişində problem vardır. Bir dəfə uşağa baxır, iki paltar alır. Lakin bununla bütün məsələ həll olmur. Uşağın müalicəsi yüksək məbləğlər tələb edir. Evi kreditdədir. Onun imkanı yoxdur ki, həmin məbləği ona sərf etsin. Müəllimə, psixoloq, loqoped lazımdır. Özü aparmamış, lakin atası aparmışdır. Lakin kimin yanında getdiyi barədə də məlumatı yoxdur. Uşağa özü, anası ilə birlikdə baxır. İşləmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, uşağ yerimirdi. Masaja da aparmışdır. Həmişə övladının yanında olmuşdur. Nə zaman zəng etmişlərsə, işini buraxaraq getmişdir. Uşağın müalicəsinə nə qədər pul xərcləsələr belə, qarşı tərəf heç nə etməyəcəkdir. Uşağa nə lazımdısa ona cavabdehdir. Bir övladı var, o da dördüncü sinifdə oxuyur. Aylıq 400-500 manat qazancı olur. Qışda ümumiyyətlə işləri olmur. Anası xəstə, yoldaşı da ikinci qrup əlildir. 150 manatdan artıq ödəniş edə bilməyəcəkdir. Nə problem olsa övladının yanındadır. 500 manat, 300 manat ödənişlər etmişdir. Hər birinin qəbzi vardır. Lakin işdə ixtisara düşmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 797521 seriyalı “Doğum haqqında şəhadətnamə”-dən görünür ki, tərəflərin nikahından xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00498 saylı arayışdan göründüyü kimi, aliment tələbi, uşaq 3 yaşına çatana kimi və uşağın xəstəliyi ilə əlaqədar çəkilən xərclərə maddi yardım tələbi mübahisəsinə dair işdə Cavabdeh ilə əlaqə saxlanılmış, tərəf medasiya prosesində iştirak etməyəcəyini bildirmiş, İddiaçı iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli uşağa aid yoxlanışın nəticəsindən görünür ki, huşu aydındır. Ətrafa reaksiyası yaşıdlarından geri qalır, zəif reaksiya verir. Aliment tələbinin əsası kimi iddiaçının könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, uşağın həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində müəyyən edilməlidir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0.615 misili (246 manat (tutulan aliment) : 400 (2025-ci il üzrə minimum əmək haqqı) = 0.615) həddində tutulmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimentin tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər- arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, tələblər ədalətli şəkildə balanslaşdırılaraq, bu hissədə iddia tələbi qismən təmin edilməlidir.Məhkəmə uşağın üç yaşına çatanadək maddi yardım hissəsini, onun yaşını, xəstəliyini və sair diggər halları nəzərə alnmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Aliment tələbi barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olduğundan, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində (246:400=0.615) və xx.xx.2022-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,125 misli həddində (50:400=0.125) aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3209/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3209/2025
11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver