Məhkəmə qərarları › İş №e-2(060)-329/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-329/2023

16.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-329/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» Publik Hüquqi şəxsə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu qanunsuz olaraq işdən azad olundugu gündən işə bərpa oldugu günədək əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə dəqiqləşdirmə ərizə ilə müraciət edərək, 09 aprel 2021-ci il tarixdən, yəni qanunsuz olaraq işdən azad olundugu gündən işə bərpa olundugu günədək əmək haqqının hesablanaraq cavabdeh təşkilatdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 2017-ci il tarixədək fasiləsiz olaraq Sumqayıt şəhəri 3 nömrəli şəhər polikilinikasında tibbb bacısı, 2017-ci ildən 2021-ci ilin aprel ayının 9-nadək isə həmin polikilinikada baş tibb bacısı vəzifəsinə işləmişdir. Cavabdeh təşkilatda işlədiyi bütün müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş əmək funksiyasını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, əksinə bacarıq və qabiliyyətinə uyğun olaraq vəzifədə yüksəlmişdir. Daim kollektivin hörmət və etiramını qazanmışdır. 2021-ci ilin 8 aprel tarixində polikilinikanın baş həkimi onun otağına dəvət edərək bildirdi ki, Səhiyyə şöbəsindən bildiriblər ki, Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələri İdarəetmə birliyinə keçdiyindən təhvil-təslim zamanı işçilər arasında müəyyən balans yaratmaq zərurətindən (guya təbibə hansısa hesabat göndəriləcək və oda işçilərin sayının balanslaşdırıılması zərurəti vardır) işçilərdən bir nəfərin formal olaraq işdən çıxmağı vacibdir. O, belə bir niyyətinin olmadığını 30 ildən artıq müddətdə qüsursuz olaraq öz əmək funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini bildirərək işdən çıxmaq istəmədiyini bildirmişdir. Lakin onlar onu əmin etmişdirlər ki, bu tamamilə formal bir xarakter daşıyır, o, öz xahişi ilə işdən çıxmalı, bunun ona heç bir ziyanı olmadığını, onu ayın sonlarına yaxın yenidən işinə bərpa edəcəklərini və heç bir problemsiz öz işinə qayıdacağını bildirmişdilər. Bundan sonra o, rəhbərliyə inanmış və işdən azad olma barədə rəhbərliyin diktə etdiyi fonda ərizə yazmışdır. Lakin bir müddətdən sonra o, baş həkimə işinə bərpa olunmağı ilə bağlı müraciət etdikdə ona bildirildi ki, o, öz xahişi ilə 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrə əsasən işdən azad olunduğu üçün, işə bərpa olunmağı qeyri mümkündür. Belə olan halda o, aldadıldığını bilmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müraciət etdikdən sonra Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(060)-4694/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli 2(105)-2893/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(060)-4694/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli 2(102)-1326/2022 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda o işə bərpa olunub, lakin cavabdeh onun qanunsuz işdən azad olundugu gündən işə bərpa oldugu günədək əmək haqqının ödənilməsindən imtina edirlər. İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, bundan əvvəl, 2021-ci ildə iddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 09 aprel 2021-ci il tarixli 34-K nömrəli əmrin ləğv edilməsi və onun əvvəlki iş yerinə bərpa olunmagı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üç pilləli məhkəmə gedişatından sonra İddiaçı əvvəlki iş yerinə bərpa olunması barədə Qərar verilmişdir. Daha sonra 1 ildən artıq müddət ötdükdən sonra iddiaçı indiki iddia tələbi ilə məhkəməyə müraciət etmiş. Göründüyü kimi iddiaçı tələb olaraq ilkin məhkəmə gedişatı zamanı indiki iddia tələbi ilə müraciət etməmiş və hal-hazırda tələb olaraq qeyd etdiyi məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənişinin ödənilməsini tələb etməmişdir. İşin hallarından görünür ki, iddiaçı 09 aprel 2021-ci ildə işdən azad edilmiş və o, hüquqlarının pozulmasını elə işdən çıxarılan gün bilmiş və məhkəməyəiddia vermək hüququ həmin tarixdən yaranmışdır. Odur ki, iddia müddətinin tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikası xx.xx.2021-ci il tarixli, №-34-K saylı əmrin surətindən görünür ki, 3 nömrəli şəhər poliknikasının ümumi heyətin Baş tibb bacısı İddiaçı ilə bağlanmış 1990 nömrəli Əmək müqaviləsinə xx.xx.2021ci il tarixdən xitam verilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, İddiaçı işdən azad olunmağı ilə bağlı yazdığı xx.xx.2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliklinikasının 09 aprel 2021-ci il tarixli, 34-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı İcbari Tibbi Sığorta üzrə X4 Ərazi Bölmələrini idarəetmə Birliyi 3 nömrəli şəhər poliknikasında əvvəlki iş yerinə bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli 2(105)-2893/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli 2(060)- 4694/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2022-ci il tarixli 2(102)-1326/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli 2(105)-2893/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X5 Bakı 9 saylı Mediasiya 08 iyul 2022-ci il tarixli MŞB/9- 00106 saylı arayışdan müəyyən olunur ki, bu arayış Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin Sumqayıt şəhər 3 saylı Şəhər Poliklinikasının İddiaçı tərəfindən təsvir edildiyi kimi, 09 aprel 2021-ci il tarixli 34-K nömrəli Əmrin ləğv olunması səbəbilə ona ödənilməmiş 5760 manatlıq əmək haqqının ödənilməsi tələbi üzrə yaranmış mübahisə ilə bağlı keçirilməsi nəzərdə tutulan ilkin mediasiya iştirak etməyə dəvət edilmişdir, lakin tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan «Sumqayıt Tibbi Mərkəzi» X6 21 dekabr 2022-ci il tarixli 148 saylı arayışdan görünür ki, İddiaçı (əvvəlki Sumqayıt şəhər 3 nömrəli poliklinika) Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının Poliklinika şöbəsində 2021-ci il tarixdə baş tibb bacısı (əmək haqqı 334,10 (üç yüz otuz dörd) manat, 2022-ci il tarixdə böyük tibb bacısı (əmək haqqı 367 (üç yüz altmış yeddi) manat 10 (on) qəpik işləyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasında əmək haqqının vaxtında ödənilməsi və əməkçiləri işdən getmək üçün real imkandan məhrum edən hər hansı bir ödəniş sistemlərinin tətbiqini qadağan olunması prinsipi qeyd edilmişdir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsini əsas tutaraq pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi Sumqayıt 3 saylı şəhər Polikilinikasına qarşı «işə bərpa tələbinə dair» mülki iş üzrə yekun məhkəmə qərarı 01 mart 2022-ci il tarixdə çıxarılmışdır. Həmçinin mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» Publik Hüquqi şəxsə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh «Sumqayıt Tibb Mərkəzi» Publik Hüquqi şəxsdən 09 aprel 2021-ci il tarixdən başlayaraq işə bərpa olundugu günədək əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar